Axtarış...

Nə vaxt 11 milyon olacağıq? - AÇIQLAMA

Nə vaxt 11 milyon olacağıq? - AÇIQLAMA

2050-ci ilədək Azərbaycan əhalisinin sayı 11 milyona yaxın olacaq.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin hesabatında qeyd edilib.

Rəsmi rəqəmlərə görə, 2010-cu ildə ölkə əhalisinin sayı doqquz milyon, bu il isə 10 milyon olub. BMT-nin hesabatına görə isə 11 milyonuncu vətəndaşımızın doğulması üçün 31 il vaxt lazımdır.

Məsələ barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov Oxu.Az-a açıqlama verib.

O, Azərbaycan əhalisinin sayı barədə BMT-nin proqnozu ilə razılaşmayıb:

"Azərbaycan vətəndaşının 11 milyona çatmasına 10 ilə yaxın müddət qalıb. Düzdür, hazırda ölkədə təbii artım azalmağa doğru gedir. Amma bu müddət 7-8 il davam edəcək. Daha sonra təbii artım yenidən yüksələcək.

Dövlət tərəfindən demoqrafiya problemlərinin həlli üçün proqramlar qəbul olunub. Təbii artım 2025-ci ildən artacaq və vətəndaşlarımızın sayının 11 milyon olması 2027-2028-ci ilə təsadüf edəcək”.

Şöbə müdiri qeyd edib ki, təbii artımın azalmasının səbəbi insanların çox uşaq istəməməsidir:

"Əvvəllər insanlar çox uşaq istəyirdi, amma indi əksinədir. Kənd yerlərində də təbii artım aşağı düşüb. Hər kəs bir-iki uşaq istəyir. İnsanlar sosial cəhətdən yetişiblər. Deyirlər, iki uşağım olsun, normal şərait və şərtlərlə böyüdüm”.

Qeyd edək ki, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Azərbaycan vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Valideynləri uşağın adını Mehriban qoyublar.

Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva uşağın ailəsinə mənzil hədiyyə edib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz