Ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan qanunun – Azərbaycan Respublikası
Konstitusiyasının 61-ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu,
qanunda nəzərdə tutulmuş hallarda hüquqi yardımın ödənişsiz, dövlət hesabına həyata
keçirilməsini doğrulayır. Di gəl, məhkəmə hakimiyyəti ən birinci istinad etməli olduğu Azərbaycan
Respublikasının Konstitusiyasına yox, kənardan sifarişə, qeyri – prosessual basqıya boyun əyir.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri Şərafət Məmmədova olan, hakimlər
Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət heyəti bu sətirlərin yazarının Bakı İnzibati
Məhkəməsinin hakimi Orxan Həsənovun 12.12.2022-ci il tarixli “Şəki dövləti adından” presedent kimi
qəbul etdiyi qərardadından apellyasiya şikayəti üzrə dövlət hesabına vəkillə təmin olunmaq haqqında
ərizəsini təmin etməyib . Apellyasiya instansiyası qərəzli aktını belə əsaslandırıb ki, qanunvericilkdə
apellyasiya instansiyası mərhələsində vəkillə təminat nəzərdə tutulmur, yalnız kassasiya
instansiyasında vəkilin iştirakı məcburidir. Bu əsaslandırmanı Azərbaycan Respublikası
Konstitusiyasının 127-ci maddəsinin VIII hissəsi heçə çıxarır : “MƏHKƏMƏ İCRAATININ İSTƏNİLƏN
MƏRHƏLƏSİNDƏ HƏR KƏSİN MÜDAFİƏ HÜQUQU TƏMİN OLUNUR”.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən heyəti 01.05.2023-cü ildə verdiyi
25.04.2023 -cü il tarixli qərardaddan kassasiya şikayəti vermək hüququnu tanısa da, 02.05.2023 tarixli
qərardadla vəkillə təminatdan imtina edib. Qərəzi hüquq ayrı-seçkiliyini göz önünə gətirə bilirsiniz ?
Məhkəmə heyəti ərizəçiyə xəbər vermədən 02.05.2023-cü ildə qəbul etdiyi qərardadını belə
əsaslandırıb ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 67.2 maddəsinə görə,
məhkəmə aktını qəbul etmiş məhkəmə , işdə iştirak edən şəxslərin müraciəti əsasında VƏKİLİN
PROSESDƏ İŞTİRAKINI TƏMİN EDİR . Bəs niyə Bakı Apellyasiya Məhkəməsi 1-ci dərəcəli Qarabağ
əlilinin müraciəti əsasında vəkil ayrılmasını təmin etməyib? Deyəsən, MPM-in 121.2 -ci maddəsi
məhkəməyə ərizəni təmin etməyə mane olub. Yoxsa, bu yekəlikdə apellyasiya instansiyası 121.2-ci
maddəni qərardadına köçürməzdi. Həmin maddəyə görə, vəkil müdafiəçinin haqqını ödəməyə
imkanı olmayan şəxsə pulsuz , dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərir və bu
vəsait iddianın təmin edilmiş hissəsinə uyğun olaraq əleyhinə məhkəmə qərarı çıxarılan şəxsdən
tutula bilər.
Bəyəm bu maddələr 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına hüquqi yardım göstərilməsinə
qadağa qoyur? Ritorik sualdır, amma fakt faktlığında qalır. 1-ci dərəcəli Qarabağ əlilinin kassasiya
şikayəti vermək hüququna qadağa qoyulub. Məhkəmə qadağasını belə əsaslandırıb :
“..KASSASİYA ŞİKAYƏTİ BAKI APELLYASİYA MƏHKƏMƏSİNİN ...QƏRARDADINDAN VERİLDİYİNDƏN VƏ
həmin qərardad dövlət hesabına vəkillə təmin edilmə barədə ərizənin TƏMİN EDİLMƏMƏSİNDƏN
VERİLDİYİNDƏN, hazırkı ƏRİZƏ TƏMİN EDİLMƏMƏLİDİR” .
Bu əndrabadi əsaslandırmadan kimsə, nəsə anlaya bilər? Anlaşılan odur ki, hüquqa qadağa qoyulub.
Məğrur Bədəlsoy - DİA.AZ
P. S . Hüquqa qərəzli qadağaya görə məhkəmə tərkibinə etiraz e-məhkəmə sistemi vasitəsilə
təqdim edilib. Etiraz hüququna da , baxılmamış saxlamaqla qadağa qoyulacağı şübhəsizdir.
DİA.AZ