Axtarış...

“Əlincə”nin tikə bilmədiyi ev, insanların əndişəsi – sabiq nazir 68 vətəndaşın gözləntisindən yazdı

“Əlincə”nin tikə bilmədiyi ev, insanların əndişəsi – sabiq nazir 68 vətəndaşın gözləntisindən yazdı


Sabiq maliyyə naziri Fikrət Yusifov Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müraciət edib.

Sabiq nazir bir neçə gün öncə Bakı şəhərinin Nərimanov rayon ərazisində, Ceyhun Hacıbəyli 30 ünvanda tikintisi 2004-cü ildən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yarımçıq dayandırılmış binanın sökülməsinə başlandığından yazıb.

F.Yusifonun BŞİH-ə müraciəti aşağıdakı kimidir: “Həmin binada mənzil almaq üçün pul köçürən və əllərində binanı tikən “Əlincə” MTK ilə bağlanmış müqaviləsi olan 68 vətəndaş var. Bu adamların arasında mənim də yaxın qohumlarım var. Onlar da 2004-cü ilin sentyabr ayında bu binadan, binanı tikən “Əlincə” MTK-ya tam dəyərini ödəyərək iki mənzil alıblar. Onlara vaxtilə bu binada mənzil almağı mən tövsiyə etdiyimdən (bina şəhərin ən görkəmli yerlərindən birində inşa edilirdi), 18 ildir ki, mən də bu binanın tikintisi üçün onu tikən “Əlincə” MTK-nın təsisçiləri ilə danışıqlar aparıram. Uzun illər ərzində aparılan danışıqlar nəticəsində hər dəfə kooperativ rəhbərliyi bildirirdi ki, binanın tikintisinə yaxın vaxtlarda icazə veriləcək, yox, əgər bu baş verməsə, onda hökumət sizə ya başqa yerlərdə mənzil verəcək, ya da kompensasiya ödəyəcək.

Artıq binanın söküntüsünə başlansa da, mənzil almaq üçün “Əlincə” MTK-ya pul köçürüb, müqavilə bağlamış şəxslərə kompensasiya ödənişi ilə bağlı konkret heç nə deyilmir. On səkkiz il mənzil almaq üçün əllərində müqavilə gözləyən adamlar sonda böyük ziyanla üzləşə biləcəklərindən çox narahatdırlar və onlardan bir qrupu (yaxın qohumlarım da daxil) bu məsələnin həlli məqsədilə, onların səsini yuxarılara çatdırmağı məndən xahiş ediblər.

Bu durumda mən də “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Qeyri Hökumət Təşkilatının sədri və ziyalı alim kimi bütün hökumət yetkililərinə və ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müraciət edirəm. Bu insanların heç bir günahı yoxdur ki, onların mənzil almaq istədikləri binanın tikintisi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 18 il bundan öncə dayandırılıb. Əgər hökumət bu ərazidə dövlət əhəmiyyətli hər hansı bir layihəni reallaşdırmaq istəyirsə (verilən məlumatlara görə, bu ərazidə park salınması nəzrdə tutulur), onda, sökülən binadan mənzil almaq üçün “Əlincə” MTK ilə müqavilə bağlamış 68 vətəndaşa kompensasiya ödənilməlidir. Vətəndaşın vaxtilə mənzil almaq üçün ödədiyi pul vəsaiti onun mülkiyyəti olub və deməli, vətəndaşın müqavilə bağlayıb, pul ödəyərək almaq istədiyi mənzil də onun mülkiyyətidir.

Vətəndaşların mülkiyyət hüququ ölkənin Konstitutsiyası ilə qorunur. Bu insanların mülkiyyət hüquqlarına hörmətlə yanaşmaq hər bir məmurun, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin vəzifə borcudur. Onlar insanların mülkiyyət haqqının tapdalanmasına yol verilməməsi üçün yaranmış vəziyyəti olduğu kimi dövlət başçısına və Birinci vitse-prezidentə məruzə etməlidirlər.

Apardığım müşahidələr nəticəsində mənə məlumdur ki, bu günə qədər ölkə rəhbərliyi buna bənzər hallarda bir dəfə də olsun insanların haqlarının tapdalanmasına izn verməyib.

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə qorunan mülkiyyət hüquqlarının təmin edilməsi üçün Bakı şəhər İcra hakimiyyətinin rəhbərliyindən müvafiq tədbirlər görməsini xahiş edirəm.

Fikrət Yusifov,
“Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri,
sabiq maliyyə naziri, iqtisad elmlər doktoru, professor //musavat.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz