Tovuz Mərkəzi Komunal Təsərrüfatı İstehsalat Birliyində əhalinin mənzil-kommunal xidmətlərinə tələbatının tam ödənilməsi, balansında olan mənzil-kommunal sahələri, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin olunması kimi vəzifələr unudulub. Xidməti ərazisinin sanitar təmizliyini tabeliyindəki sahələrin gücü ilə təmin etmək, xidməti və digər təhkim olunduğu ərazilərdə məişət tullantılarının daşınmasını təşkil etmək, əsaslı tikinti və təmir sahəsində Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması vəziyyəti bərbaddır. Zibil yeşikləri lazımı yerlərə qoyulmur və yeşiklərə nəzarət edilmir. Konteynerləri kim hara istəyir, ora da sürüyüb qoyur.
Park və xiyabanlarda yaşıllığının qorunub saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi və digər funksiyaların həyata keçirilməsi də qeyri-qənaətbəxşdir. Hətta bir müddət əvvəl MKTİB-nin öz işçisi tərəfindən Tovuz şəhəri İstiqlal küçəsi 3 ünvanında söyüd ağacının “şəhər ərazisində aparılan abadlaşdırma və təmizlik işləri” adı altında icazəsiz kəsildiyi, işçinin cərimə edildiyi, eyni zamanda, kəsilmiş ağacın yerinə yeni ağacların əkilməsi üçün Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verildiyi də məlumdur. Söz gəzirdi ki, işçi ağacı özbaşına deyil, rəhbərliyin göstərişi ilə kəsibmiş ki, yeri obyektaltı istifadə üçün satılsın.
Tovuz Mərkəzi Komunal Təsərrüfatı İstehsalat Birliyi rəis Zöhrab Əhmədovun şəxsi kommersiya şirkətinə çevrilib. Burada külli miqdarda vəsait mənimsənilir. Belə ki, MKTİB Tovuz rayonu üzrə əhali sektoru üzrə 3500, qeyri — əhali sektorunda isə 350 — 400 şəxsə xidmət göstərir. Mühasibatlıqda şəffaflıq təmin olunmur, “qara mühasibatlıq” tam gücü ilə işləyir. Sahədə xaos hökm sürür. Əhalidən zibil pulu 3 manatdan, qeyri — əhali qrupundan isə 10 — 20 manat arası yığılır. Yığılan vəsaitin dəqiq mühasibatlığı aparılmır.
Mövzuya qayıdacağıq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Deryaz.az