Azərbaycanda Ali Attestasiya Komissiyası adlı elmi dərəcə satan qurum var. İllərdir elmi dərəcə alveri ilə məşğul olan bu qurumda baş verən rüşvətxorluq olayları cəmiyyəti, xüsusilə elm adamlarını narahat edir. AAK-da rüvvət və korrupsiya tüğyan edir. Quruma hər yeni sədr təyin ediləndə gözlənti o olur ki, burada rüşvət və korrupsiya çarxına son qoyulacaq. Ancaq AAK-a hər yeni gələn sədr özündən əvvəlkinə şükr elətdirir.
Tribunainfo.az xəbər verir ki, məhz bu səbəbdən elm, təhsil adamları mütəmadi olaraq elmi dərəcə alverini rəsmiləşdirən bu qurumun ləğv edilməsini təklif edirlər. Deputat Etibar Əliyev də ictimai dinləmədə AAK-ı lazımsız qurum adlandırıb.
Sitat: “Ali Attestasiya Komissiyası ləğv olunmalıdır. Elmi dərəcələri universitetlərin özləri verməlidir”.
Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, bu gün həqiqətən də elmi dərəcələrin verilməsi, elmi işlərin müdafiəsi ilə bağlı kifayət qədər ciddi problemlər var. Ekspert bildirib ki, Azərbaycanda demək olar ki, elmi araşdırmalar yoxdur:
“Ali Attestasiya Komissiyasının qaydaları fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələrini almaq istəyənlər üçün çox ciddi maneələrdi. Bir yandan da tanışlıq, qohumbazlıq, həmçinin plagiatlıq kütləvi hal alıb. Elmi işlərin yazılması ilə bağlı vəziyyət o yerdədir ki, sosial şəbəkələrdə açıq şəkildə elanlar var. Konkret olaraq elanlar var ki, hansı elmi iş neçə manata yazılır. Düzdür, mən AAK-nın ləğv olunması fikrini absurd hesab edirəm. Ancaq bu qurumun fəaliyyətini optimallaşdırmaq olar və bu optimallaşdırma həqiqətən də elmi araşdırma aparmış olan, alimlik adına layiq olan şəxslərin seçilməsinə gətirib çıxara bilər. Müəyyən sadə işlər görmək lazımdır. Qurumun adı yox elmi dərəcələrin verilmə qaydası dəyişdirilməlidir. Arzu olunan odur ki, Ali Attestasiya Komissiyasının fəaliyyəti şəffaf şəkildə qurulmalıdır. Əgər doğurdan da elmi işlərin başqaları tərəfindən yazılması yoxdursa, bəs bu elanlar nədir? Bundan başqa, konkret faktlar var ki, elmi rəhbər olan baba nəvəsi üçün, ata qızı üçün, gəlini üçün elmi dərəcə hədiyyə edir. Elmi adların alınması üçün süni maneələr var ki, onlar aradan qaldırılmalıdır”.
Xatırladaq ki, AAK-da elmi adların verilməsində alimlərin qarşısına minimum 20 min manat tələb qoyulub. AAK sədri müzakirə edilmiş elmi işləri dəfələrlə təkrar müzakirələrə cəlb edir, çarəsiz qalan əksər gənc alimlər və araşdırmaçılar dəfələrlə müzakirə edilmiş işləri əllərində qalır.
Vicdanlı professorlardan olan İdris Abbasov mətbuata verdiyi açıqlamada AAK-dakı vəziyyəti qısaca bekə təsvir edir:
“Dəhlizlərdə vicdanlı alimlər, gənc araşdırmacılar əllərində işləri müdafiəsini, ona verilən rəyi gözləyir. Bu gözlənti aylarla, illərlə davam edir. Ancaq qızına, gəlininə toy hədiyyəsi kimi elmi ad, elmi dərəcə alıb hədiyyə vermək istəyənlər heç o dəhlizlərdə ayaq da döymürlər. Bu cür evdar “alimlər” də elmi dərəcələrinin qiyməti ilə öyünürlər. 20 min manatlıq elmi ad, 30 min manatlıq elmi dərəcə…
Uzun illərdən bəri ömrünü elmə həsr etmiş, min əziyyətlə dissertasiya yazıb müdafiə etmək istəyənlərin qarşısında AAK rəhbəri F.Mustafayev Çin səddi çəkib”. //Tribunainfo.az//