Axtarış...

Ana Kürə də övladlıq edə bilmədik... - Nazirlik isə çarəni GÖYDƏ AXTARIR

Ana Kürə də övladlıq edə bilmədik... - Nazirlik isə çarəni GÖYDƏ AXTARIR


Kür çayının Salyandan keçən hissəsində çayın mənsəbi qurumağa başlayıb. Quruyan təkcə Kür deyil, həm də salyanlıların ümidləridir.

Rəşid Babayev gəncliyini xatırlayır. Deyir, vaxt var idi Kürdə suyun qarşısını almaq olmurdu:

"Yadıma gəlir 76-cı il. Kür buraları basmışdı. İndi su yoxdu, əkinlər nə günə qalıb."

Kürün suyunun çəkilməsi Neftçalada da kəndlilərin vəziyyətini çətinləşdirib. Şorkənd sakini Vaqif Bağırov deyir, Kürün qurumasına görə ağacları məhv olmaq üzrədir:

"Ağıllı oğlum, 300-ə yaxın ağacım var, hamısı yanıb. Görürsən nə gündədir? Hamısı gilas ağacıdır."

Kəndlilərin dərdi bununla da bitmir. Vaqif kişi deyir, bilmir saxladığı heyvanlara su tapsın, yoxsa əkin-biçinə, yaxud içməyə.

Balacaxanım Ağalarova da Şorkənd sakinidir. Deyir, nəinki həyət-bacaya, heyvana, heç içməyə də su tapmırlar. Kəndə isə gün ərzində 2 saat su gəlir, o da içməli deyil:

"Təsərrüfat əldən gedib. Bu dəqiqə fikirləşirik ki, balaca nəvələrimizə nə verək içməyə?

Kəndlilər hələki içməli suyu pulla alırlar. Amma deyirlər, buna da imkanları çatmır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuata açıqlamasında qeyd olunur ki, Kürdə suyun azalmasına səbəb iqlim dəyişikliyidir. Yağış yağanda problem həllini tapacaq.

Görünən budur ki, çörəyi Kürdən çıxanların problemini yalnız yağış həll edə bilər. O da nə vaxtsa yağsa.

Toplum TV

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz