Bir neçə gün öncə Kürün səviyyəsinin kəskin enməsi barədə məlumat vermişdik. Artıq Xəzərin suyu Kür çayına qarışdığından Neftçala rayonunda yenidən ekoloji və aqrar problemlər yaranıb. Kür çayının Neftçala rayonu ərazisindən küçən hissəsində suyun səviyyəsi kəskin azaldığından Xəzər dənizinin şor suyu çaya qarışıb.
Dəniz suyu rayonun Ərəbqardaşbəyli kəndinə çatıb. Kürün suyu şorlaşdığından rayonun yaşayış məntəqələrində əkin sahələrinin suvarılmasında çətinliklər ortaya çıxıb. Rayonun 20 min nəfərdən çox əhalisi olan Xol zonası adlanan yaşayış məntəqəsində vəziyyət xüsusən ağırdır. Əhali həm içməli su sarıdan, həm də əkin sahələrinin suvarılmasında ciddi çətinliklərlə üzləşib.
Bu il rayonda 8 500 hektarda pambıq əkilməsi proqnozlaşdırılıb. Kür çayının suyu şor olduğundan, məlumatlara görə, bəzi təsərrüfta sahibləri toxum səpinindən əvvəl əkin sahəsinin şumlanmasından imtina ediblər. Bir sözlə, Xəzərin suyu Kürə qarışdığından rayonda vəziyyət kritik həddə çatıb.
Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Bürcəli Ağayevin verdiyi məlumata görə, Kür çayında yaranmış suyun şorlaşması ilə əlaqədar olaraq Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış müvafiq komissiya məsələni ciddi şəkildə araşdırır.
Bununla əlaqədar olaraq Kür çayından ötürülən suyun əldə olunması, suyun saxlanılaraq əhaliyə verilməsi üçün hansı zəruri tədbirlərin həyata keçirilməsi mütəxəssislər tərəfindən araşdırılır.
Xüsusən ETSN-nin mütəxəssisləri tərəfindən bununla əlaqədar araşdırmalar aparılır. Kür çayının Xəzər dənizinə tökülən hissəsində - deltada suyu yığılması və limitini müəyyənləşdirib əhaliyə verilməsi ilə əlaqədar mütəxəssis rəyi formalaşdırılır.
Sputnik Azərbaycan Kürdə yaranmış vəziyyətin, Xəzərin suyunun Kürün suyuna qarışmasının səbəblərini araşdırıb.
Dənizin suları Kürün aşağı axarına dolur
Millitv.az-ın məlumatına görə, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin rəhbəri Mirnuh İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şöbəsinin əməkdaşları Kür çayının aşağı axınında çay və ətraf ərazilərdəki təbii-antropogen ekosistemlərdə baş verən dinamik dəyişmələri öyrənmək məqsədilə tədiqatlar aparıblar.
M.İsmayılovun sözlərinə görə, Kürdə yaranmış vəziyyətin başlıca səbəbi Araz çayında olan problemlə ilə bağlıdır. M. İsmayılov bildirib ki, Mingəçevir su anbarından buraxılan su Kürü qidalandıdırdı. Eyni zamanda bu suya Arazdan gələn su qarışırdı. Buna görə də ilboyu Kür çayında suyun səviyyəsi suvarma normalarına və ekoloji tələblərə uyğun vəziyyətdə olub:
"Amma Araz çayında böyük su anbarlarının tikilməsi Bəhramtəpə su qovşağından suyun gəlməsinin azalmasına səbəb olub. Digər tərəfdən çayın yatağında da qum-çınqıl karxanaları işləyir. Çay yatağı öz təbii yatağını demək olarki itirib. Mingəçevir su anbarından da suyu az buraxanda çayda kritik vəziyyət yaranır. Çünki, Mingəçevir su anbarının vəzifəsi yay fəslinə suyu yığıb saxlamaqdır.
Bundan əlavə, iqlim dəyişiklikləri nəticəsində yağıntı az düşür. Nəticədə Kürün aşağı axarına Salyan-Neftçala ərazisinə Kürün suyu gedib çata bilmir. Əvəzində dənizin suları Kürün aşağı axarına dolur".
Kürün suyu şorlaşır
Şöbənin müdiri bildirir ki, bunun da səbəbi Kürün dənizə birləşdiyi yerin relyefinin hündür olmasıdır:
"İçəri tərəflərdə çayın yatağı daha dərindədir. Çayın dənizə birləşdiyi yerin relyefi ilə çayın aşağı axınındakı relyefi arasında iki-üç metr fərq yaranıb. Bu fərqi yaradan da çayın suyunun tənzimlənməsidir. Dibgətimələrin çayda az olması ilə əlaqədar çay öz yatağını doldura bilmir. Bu zaman dənizlə çayın yatağı arasında bənd yaranır. Həmin bənd dənizdə güclü küləklər olduqda dəniz sularını qovub Kürün aşağı axınına doldurur.
Dəniz suyu ağır olduğundan çayın yatağı ilə yuxarı doğru hərəkət etməyə başlayır. Amma geriyə dənizə qayıda bilmir. Çünki dənizə birləşdirən yerdə çay yatağının relyefi daha hündürdür. Bununla əlaqədar 60-65 km məsafədə biz dəniz suyunun çay yatağına dolduğunu görürürük. Tədqiqat aparanda gördük ki, çayda suyun üstündə qisməndə olsa şirin su var. Amma Mingəçevir su anbarından suyu az buraxanda çayda çox kritik durum yaranır. Çayın yatağı quruma həddinə çatır. Bu da əhali arasında narahatlıq yaradır".
Aqroparklar Kürün suyunu qurudur
İnstitut səlahiyyətlisi bildirir ki, çaydan suvarma məqsədilə istifadə edilən suyun həcminin artması da problemlərə yol açır: "Yevlaxa qədər çayda iki mindən yuxarı qanuni və qeyri-qanuni nasos stansiyaları işləyir. Onlar suyu gecə-gündüz götürürlər. Hökumət bu istiqamətdə iş görsə də yerli qurumların, bələdiyyələrin də görəcəyi iş çoxdur.
Hazırda suvarma üçün suyu daha çox aqroparklara və yeni suvarma sistemi ilə təhciz edilmiş sahələrə verirlər. Yerdə qalan kiçik fermerlərə su çatmır. İqlim dəyişiklikləri nəticəsində yağıntı azalır, havanın temperaturu və suvarma norması artır. Azərbaycanda yeni suvarılma sistemi ilə qurulan sahələr otqal-örüş sahələri hesabına genişlənməkdədir.
Həmin sahələrin təyinatı dəyişdirilir. Əvvəl otlaq sahəsi olan ərazilər sürətlə aqroparklara çevrilir. Bunlar suya təlabatı artırır. Kiçik fermerlər nəticədə əziyyət çəkir. Onlara suyu rejimlə,az verirlər. Bu yay Neftçala və Salyanda müəyyən çətinliklər olacaq. Ona görə də su ehtiyatlarını düzgün idarəetmək lazımdır. Bizim apardığımız müşahidələr göstərir ki problemlərin aradan qaldırılması çox gec həyata keçirlir. Baxmayaraq ki, bu sahədə dövlət başçısının fərmanları var. Hələ də çatışmayan cəhətlər çoxdur".
Kəndlərdə içməli su problemi yaranacaq
İçməli su probleminə gəlincə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Kürdə suyun azalması Kür su təmizləyici qurğuların fəaliyyətinə hələki təsir göstərməyib:
"Çünki, hələki Kürdə su var və biz suyu Hacıqabul rayonu kiçik Talış kəndi yaxınlığında Kürdən götürüb su təmizləyici qurğuda emal edirik. Düşünürəm ki, bu qurğu Bakı şəhəri ilə yanaşı, Saatlı, Sabirabad, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar və ətraf kəndləri içməli su ilə təmin edir. Amma Kürdə suyun azalması bəzi kəndlərin su problemi yaşamasına səbəb olur. Çünki həmin kəndlərdə bizim modul tipli qurğularımız var.
Xəzərin suyunun qarışması, suyun duzlaşması nəticəsində həmin modul qurğuların fəaliyyəti dayandırılır. Azərsu bu məqsədlə xüsusi maşınlar ayıraraq modul tipli təmçizləyici qurğuların təmiz su anbarlarına, bəzi ərazilərdə quraşdırılmış səyyar çənlərə suyu daşıyaraq əhalini içməli su ilə təmin edir".
A.Cəbrayıllı onu da qeyd edib ki, 2020-ci ildə Neftçalada içməli su ilə bağlı ciddi problem yaranmışdı. Şəhərin özünə də maşınlarla su daşınırdı:
"Salyandan Neftçalaya 40 km-lik magistral su kəməri inşa olunub. Bir ədəd anbar tikdik. İki ildir ki, artıq Neftçala şəhəri və bir neçə kənd yeni kəmərdən su alır. Bizim planımızda var ki, qarşıdakı bir neçə ayda həmin magistraldan daha bir neçə kəndə su verilməsi təmin olunsun. Hələki Kürdə suyun azalmasının bizim təmizləyici qurğuların işinə təsiri yoxdur. Bu təmizləyici qurğu Bakı şəhərinin əsasən Qaradağ rayonun böyük bir hissəsi, Səbail rayonun, Binəqədi rayonunun bir hissəsini, eyni zamanda yolboyu sadaladığım rayonların içməli su təminatını həyata keçirir".
Qeyd edək ki, Neftçalada analoji problem ötən mövsüm də yaranmışdı. Son illər Kür çayında suyun azalması səbəbindən codluğun yüksəlməsi suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız hala salıb. Buna görə də rayon mərkəzinin, eləcə də ətraf kənd və qəsəbələrin içməli suya olan tələbatı maşınlarla daşınan su hesabına təmin olunur. Bu səbəbdən də Prezident İlham Əliyev Neftçalada içməli su çatışmazlığının həlli üçün tapşırıq vermişdi.