“Bu gün düz 40 dəqiqədən artıq “Gənclik” metrostansiyasının yaxınlığındakı dayanacaqda 199 nömrəli avtobusu gözləmişəm. Dayanacaqda 199-u gözləyən iyirmidən artıq insan var idi. İşə, instituta, getdiyi ünvana gecikən... Bakı Nəqliyyat Agentliyi, aylardır ki, sərnişinlər bu marşrut üzrə avtobusların intervalının nizamlanmasını gözləyir. Gediş haqqının 30% bahalaşmasından sonra heç bir keyfiyyət və komfort dəyişikliyindən söhbət gedə bilməz”.
Millitv.az-ın Pravda.az-a istinadən xəbərinə görə, bunu gənc alim Elyar İslamoğlu bildirib.
E.İslamoğlu Agentlikdən həmin marşrut xətti üzrə monitorinqlərin təşkil edilməsini istəyib: “Dayanacaqda gözləyən vətəndaşların fikrini, şikayətini öyrənin. Bakı Nəqliyyat Agentliyi yalandan “online” monitorinqlər apararaq hesabat verir. Mini marketi olan dayanacaqlar quraşdırıb qazanc güdməkdən başınız açılanda, avtobuslardan istifadə edən vətəndaşlara azacıq keyfiyyətli xidmət göstərilməsinə də çalışın. Aylardır ki, günün istənilən saatında 199 nömrəli avtobus 30-40 dəqiqə intervalla işləyir. Daha çox tələbələrin istifadə etdiyi bu avtobusun intervalı çox olduğu üçün minmək olmur, yağışda, küləkdə, soyuq havada insanlar yolda qalır. Avtobus sayı azdır. Sahibkardan keyfiyyətli xidmət göstərilməsini, avtobus sayının artırılmasını tələb edin. Qiymətlər bahalaşanda vətəndaşa keyfiyyətli xidmət göstəriləcəyinə BNA söz vermişdi”.