Ölkəmizdə bir sıra yüksək vəzifə postları var ki, xeyli vaxtdır boş qalıb. Boş qalan kreslolar həm dövlət orqanlarında, həm də parlamentdə var.
Millitv.az bildirir ki, Bizim.Media sahibini gözləyən kresloların siyahısını hazırlayıb.
1. Mədəniyyət nazirinin kreslosu 22 dekabr 2022-ci ildən boş qalıb. Bu tarixədək həmin kreslonun sahibi Anar Kərimov idi.
2. “Azərsu” ASC-nin sədri vəzifəsi də 2 ilə yaxındır ki, boşdur. Ölkə başçısının 4 may 2021-ci il tarixli sərəncamı ilə Qorxmaz Hüseynov bu vəzifədən azad olub.
3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin kreslosu da bir neçə aydır ki, boşdur. Vasif Talıbov 21 dekabr 2022-ci il tarixdə bu vəzifədən istefa verib.
Qeyd edək ki, hazırda parlamentdə də sahibini gözləyən kreslolar var. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri ləğv edilən 4 dairə üzrə deputat yeri boş qalıb:
1. Çingiz Qənizadənin lider namizəd olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsi;
2. Hadı Rəcəblinin lider namizəd olduğu 74 saylı Lənkəran kənd seçki dairəsi;
3. Rauf Arifoğlunun lider namizəd olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi;
4. Hüseynbala Mirələmovun lider namizəd olduğu 33 saylı Xətai birinci seçki dairəsi.
Bundan əlavə sonrakı illərdə də daha 3 deputat yeri boşalıb. Bunlarsa aşağıdakılardır:
1. 2020 ci ilin avqustun 4-də Milli Məclisin ən yaşlı üzvü Fəttah Heydərov vəfat etdi. Hazırda onun seçildiyi 116 saylı Qəbələ seçki dairəsindən deputat yeri boşdur.
2. Milli Məclisin deputatı Eldəniz Səlimov içkili halda Xaçmazdakı istirahət mərkəzlərindən birində polisə əl qaldırdığına görə 4 avqust 2021-ci ildə Respublika Prokurorluğu tərəfindən həbs olunub. O, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat seçilmişdi.
3. Azərbaycan Prezidentin imzaladığı digər sərəncamla Milli Məclisin üzvü Şahin Seyidzadə 3 mart 2022-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bu təyinatdan sonra Şahin Seyidzadə deputat mandatından imtina etdi. O,50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilmişdi.
Beləliklə, hal-hazırda Milli Məclisdə sahibini gözləyən 7 deputat kreslosu var.