"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional idarəsininin rəsmi icazəsi olmadan Tovuz rayonu Aşağı Quşçu kənd ərazisinin Mal Bazarına, "İpək Yolu"na, bir neçə strateji əhəmiyyət kəsb edən boru xəttinə, hətta su kanalının 20 metrliyinə yaxın olan hissəsinə zibil tökülür.
Ərazi rayonun Aşağı Quşçu kəndinə aiddir. Zibil də 1000-ə yaxın evi olan kənd əhalisinin gündəlik atmalı olduğu tullantıdır. Ərazinin seçilməsinə Aşağı Quşçu kənd bələdiyyəsinin sədri Tofik Hüseynov qərar verib, zibilin atılmasını isə kənd icra nümayəndəsi Ələsgər Vəliyev təşkil edərək həyata keçirir."
Bu sözlər Tovuz rayonu Dondar Quşçu kənd sakini, fermer Vəliyev Həzi Abbasəli oğlu tərəfindən Faktinfo.az saytının elektron poçtuna göndərilən şikayət məktubundandır. Şikayətçi bildirir ki, Aşağı Quşçu kənd bələdiyyəsinin sədri Tofik Hüseynov düzgün qərar qəbul etməyib, kənd icra nümayəndəsi Ələsgər Vəliyevin yanaşması da kökündən yanlışdır. Bələdiyyə sədri zibilin tökülməsi üçün "poliqon" ərazini seçərkən, yaxınlıqdan keçən boru xətlərini, mal bazarını, su kanalını, ətrafda olan taxıl sahələrini və s. nəzərə almalı, Ekologiya İdarəsinin rəsmi razılıq məktubuna əsaslanmalı idi. İcra nümayəndəsi isə kəndin əhalisinin çox cüzi vəsaiti hesabına zibili MKTB-nin xətti ilə daşıtdıra bilərdi.
Təsəvvür edin ki, güclü külək əsir, ətraf üfunət qoxusuna qərq olmazmı? Olar! Selofan torbalar havada uçuşmazmı? Uçuşar! Bununla "İpək Yolu"ndan istifadə edən nəqliyyat vasitələrini idarə edən insanlarda pis təəssürat da yaranar. Yaxınlıqda olan taxıl sahələri siçan-siçovul yuvasına dönər, ziyanvericilər üçün münbit şərait yaranar.
Faktinfo.az saytı yaranmış ziddiyyətli vəziyyətə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional idarəsindən münasibət öyrənə bilməsə də, Aşağı Quşçu kənd bələdiyyəsinin sədri Tofik Hüseynov və kənd icra nümayəndəsi Ələsgər Vəliyevdən münasibət öyrənə bilib. Aşağı Quşçu kənd bələdiyyəsinin sədri Tofik Hüseynov bildirib ki, şikayətçi Vəliyev Həzi Abbasəli oğlu bu gün rayon rəhbərliyinin qəbulunda olub. Ona izah edilib ki, ərazi Aşağı Quşçu kəndinə aiddir. Bu gündən ora müvəqqəti zibilin tökülməsi dayandırılır, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional idarəsinə rəsmi məktub ünvanlanır.
Aşağı Quşçu kənd icra nümayəndəsi Ələsgər Vəliyev isə qeyd etdi ki, doğru deyil, zibilin tökülməsi üçün nəzərdə tutulan ərazi yol kənarından uzaq məsafədə yerləşir, magistral boru xətlərinə də yaxın deyil. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional idarəsinə məktub yazılır. Gərək, məktub əvvəldən yazılaydı. Əminəm məktuba müsbət cavab veriləcək. İcazə alındıqdan sonra əraziyə zibil töküləcək və vaxtaşırı üstü örtüləcək.
İndiyə kimi tökülmüş zibilin üstü isə bu gündən torpaqlanacaq. //Faktinfo.az//