Axtarış...

Hacı İbrahimlə bağlı yeni qalmaqal: Aldığı aqrotexnikanın pulunu ödəyə bilmir?

Hacı İbrahimlə bağlı yeni qalmaqal: Aldığı aqrotexnikanın pulunu ödəyə bilmir?


"Azmaş Lizinq” MMC "ROM-Alpinos Süd və Ət Məhsulları” MMC-ni məhkəməyə verib.

Millitv.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. İşin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

"ROM-Alpinos Süd və Ət Məhsulları” MMC 30 yanvar 2017-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi İsmayılov Hikmət Qurban oğludur. Lakin şirkətin sahibi iş adamı Hacı İbrahim Nehrəmlidir. O, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.

Hacı İbrahim Nehrəmli 2015-ci ildə "Beynəlxalq Bank”a 800 milyon dollar kredit borcunun olması ilə gündəmə gəlib. Həmin vaxt o krediti ödəmədiyi üçün Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.

Bu hadisədən sonra Hacı İbrahim Nehrəmlinin biznes imperiyasının çöküşü başlayıb. Qardaşı Nazim İbrahimov vəzifəsini itirdikdən sonra isə bu proses daha da sürətlənib. Nəticədə Hacı İbrahim Nehrəmli Azərbaycanda ən iri layihələrdən hesab edilə "Xəzər adaları”nı satmaq məcburiyyətində qalıb.

Bundan sonra Hacı İbrahim Nehrəmli fermer təsərrüfatı yaratmağı qərar alıb və "ROM-Alpinos Süd və Ət Məhsulları” MMC-ni təsis edib. Bunun üçün Saatlı rayonunda torpaq sahəsi alıb. Lakin bu işdə qalmaqalsız ötüşməyib.

Məlum olub ki, həmin vaxt Saatlının icra başçısı vəzifəsində çalışan, hazırda Sabirabad rayonuna rəhbərlik edən Siraqəddin Cabbarov 20 ildir kənd təsərrüfatı ilə məşğul olan fermer Validə Məmmədovaya verilən torpaq sahəsini Hacı İbrahim Nehrəmliyə satıb. Bu fakt Validə Məmmədovanın yerli mediada dərc edilən müraciətində də qeyd edilib. İş Ali Məhkəməyə qədər uzanıb. Hazırda da qalmaqalın davam etdiyi bildirilir.

"Azmaş Lizinq” MMC-yə gəlincə, şirkət 20 may 2019-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 500 100 AZN olan MMC-nin qanuni təmsilçisi Qaraxanova Fəridə İsmixanovnadır. O, eyni zamanda şirkətin direktoru vəzifəsini icra edir.

Fəridə Qaraxanovadan əvvəl isə bu vəzifədə Zəfər Aydəmirov adlı şəxs çalışıb. Şirkət və qanuni təmsilçisi Fəridə Qaraxanova barədə hər hansı məlumat yoxdur. Yalnız o bəllidir ki, "Azərmaş Lizinq” MMC "Belarus” traktorlarının və aqreqatların lizinq və dövlət gözəşti ilə satışını həyata keçirir.

Bəzi məlumatlara görə, "Azərmaş Lizinq” MMC-nin Hacı İbrahim Nehrəmlinin şirkətini məhkəməyə verməsinin kökündə onun borc məsələsi dayanır. İddia olunur ki, iş adamı sözügedən şirkətdən aqrotexnika alıb, lakin pulunu ödəməyib.

Qaynarinfo məlumatı dəqiqləşdirmək üçün "Azmaş Lizinq” MMC ilə əlaqə saxlayıb. Şirkət lizinq şöbəsinin əməkdaşı bu barədə heç nə deyə bilməyəcəyini bildirib:

"Bu lizinq şöbəsinin biləcəyi məlumat deyil, dəqiqləşdirib, sizə məlumat verərik”.

Məsələ ilə bağlı "ROM-Alpinos Süd və Ət Məhsulları” MMC-dən də mövqe öyrənmək mümkün olmayıb.Qaynarinfo
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz