Axtarış...

Bir avantüraya qurbangedən milyonlar... - İLGİNC

Bir avantüraya qurbangedən milyonlar... - İLGİNC

Beynəlxalq Bankdan oğurlanan 20 milyardın müəyyən hissəsi yüksək vəzifəli şəxslərə bağlı iş adamları tərəfindən kredit kimi alınaraq mənimsənilib. Xeyli sayda iş adamı bankdan yüz milyonlarla manat kredit götürüb, qaytarmayıb. Bunlardan biri, götürüb qaytarmadığı kreditn həcminə görə bəlkə də birincisi “Hacı İbrahim” ləqəbi ilə tanınan İbrahim Nehrəmlidir.

Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı olan İbrahim Nehrəmli fantastik və fırıldaq “Xəzər Adaları” layihəsi adı ilə Beynəlxalq Bankdan 850 milyon kredit götürüb. Həmin vaxt bu 1 milyard dollardan artıq edirdi (bugünkü məzənnə ilə 1,7 milyard manat.). Hansı ki, mifik bir layihə adı ilə aldığı bu 100 milyonların bir hissəsini xaricdə biznes qurmağa, şəxsi təyyarəyə, bahalı avtomobillərə, gözəllik yarışlarına, katibələri üçün yüz min dollarlıq “cip”lərə, səyahətlərə və s. bu kimi dəbdəbələrə xərclədiyi məlum olub.

İbrahim Nehrəmli “Beynəlxalq Bank işi” adını alan proses çərçivəsində DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (MCQMBİ) zirzəmisində 10-15 gecə saxlanıldıqdan sonra, krediti ödəmək öhdəliyi götürərək azadlığa çıxsa da, bunun çox cüzi bir hissəsini qaytardı. Hətta bir müddət sonra Beynəlxalq Banka qalan 800 milyondan artıq borcunu qaytarmaqdan imtina etdi. Xəzər dənizinin sahilində tikdiyi 4-5 yarımçıq binanı Beynəlxalq Bankdan götürdüyü kreditlərlə əvəzləmək niyyətini ortaya qoydu.

İddia etdi ki, guya nə vaxtsa Beynəlxalq Bankdan nümayəndə heyəti onun “Xəzər Adaları”ndakı 5 yarımçıq obyektini qiymətləndirib. Sitat: “Həmin 5 obyektə bankın qoyduğu qiymət 1,5 milyard manat oldu. Əgər bank mənim borclarımı ödəməyimi istəyirsə, gəlib həmin obyektlərimi ala bilər. İki gündən bir ”Bandotdel” tərəfindən çağırılmağım doğru deyil…”

Layihəsinin dəyərini 100 milyard dollar qiymətləndirən, mətbuata verdiyi açıqlamalarda Amerika, Türkiyə, ərəb və Çin investorlarının onun fırıldaq layihəsinə böyük maraq göstərdiyini – guya türk iş adamı Əli Ağaoğlunun ona 125 milyon dollar, Çin şirkətlərinin 600 milyon dollaradək, Qətərin dövlət şirkətinin 1 milyard dollar yatıracağı, Kanada dövlət agentliyi “Export Development Canada”nın 4 milyard dollaradək kredit ayıracağı, son olaraq Çin Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin 15 milyard investisiya ayırdığını iddia edən, söylədiyinin hamısı da AĞ YALAN çıxan BİRİNİN 4-5 sınıq-salxaq, yarımçıq binanı 1,5 milyard manat dəyərləndirməsi, əlbəttə, təəccüblü deyil.

Başqası olsa, “dəlidir” deyib keçərdilər, ancaq bunu söyləyən İbrahim Nehrəmli olduğundan, “altından nəsə çıxacağını” gözləmək lazım idi.

“AzPolitika.info”ya verilən məlumatlardan belə məlum olur ki, İbrahim Nehrəmli ağlasığmaz hesab olunan bu niyyətini reallaşdırmaq üzrədir. Belə ki, “Hacı” İbrahimin Beynəlxalq Banka olan 800 milyondan artıq borcunun “Xəzər Adaları”ndakı 5-6 yarımçıq bina ilə əvəzlənilməsinə hazırlıq getdiyi bildirilir. Daha dəqiqi, kimlərinsə himayəsi ilə İbrahim Nehrəmlinin 800 milyonluq borcunu ümumi dəyəri heç 50 milyon etməyən yarımçıq və dağılmış binalarla əvəzləmək istəyirlər. Planları baş tutarsa, İbrahim Nehrəmlinin, kreditə görə ödəməli olduğu faizləri də nəzərə alsaq, dövlətin 1 milyarda yaxın vəsaitinin də bu yolla “silinəcəyini” söyləyə bilərik.

Belədə sual olunur: İbrahim Nehrəmli kimi sıradan bir yalançı - nə iş həyatında bir uğuru olan, nə də Azərbaycan dövlətinin inkişafında hansısa xidmətilə fərqlənən birisi - Cahangir Hacıyevin rəhbərlik etdiyi bankdan dövlətin təxminən 1 milyard pulunu ələ keçirib “yeyə” bilirsə, Hacıyevin özünün 60 milyon, hətta 160 milyon mənimsəməsi niyə təəccüb doğurmalıdır?…

Cahangir Hacıyev, əlbəttə, cinayət edib, ancaq Beynəlxalq Bankın talanmasının, dövlətin və deməli həm də millətin 20 milyard borcla “yüklənməsinin” tək günahkarı odurmu? Niyə hansısa fırıldaqçının ailəsinin kef içində yaşaması, HARINLIQDA SƏRHƏD TANIMAMASININ bədəlini sadə Azərbaycan vətəndaşları – 150 manat, 200 manat maaşlı müəllimlər, həkimlər, 55 manat pensiya ilə yaşamağa məhkum edilən təqaüdçülər ödəməlidir? Niyə fırıldaq layihələrlə, saxta satınalmalarla dövlətin 100 milyonlarını, milyardlarını talayanlar məsuliyyətə cəlb olunmur? Niyə, məsələn, elə İbrahim Nehrəmlidən dövlət bankından aldığı yüz milyonlarla vəsaiti hara xərclədiyi, xərcləməyibsə hansı ölkəyə daşıdığı soruşulmur?

Hansı ki, İbrahim Nehrəmlinin də bu milyarddan ona çatan vəsaitin böyük hissəsini Britaniya ərazində, o cümlədən Londonda biznes qurmağa yönəltdiyinə dair iddialar var. İbrahim Nehrəmlinin oğulları – Hüseyn və Həsən İbrahimov qardaşları da Londanda yaşayır.
Onlar Londondakı dəbdəbəli həyat tərzlərilə zaman-zaman medianın gündəminə gəliblər. İbrahimov qardaşlarının bahalı restoranlarda və lüks avtomobillərdə çəkilən fotoları onların dəbdəbəli həyat tərzinin sadəcə bilinən və balaca bir görüntüsüdür.

Hacı İbrahimin özü də xaricə çıxmasına qadağa qoyulmazdan əvvəl vaxtaşırı Londonda olurdu. Onun 2015-ci ildə ad gününü Londonda dəbdəbəli ziyafətlə keçirməsi, təkcə atəşfəşanlığa 50 min funt-sterlinq xərcləməsi xarici medianın da diqqətini çəkmişdi.

Beynəlxalq Bankın cəmi 63 milyonunu mənimsəyən Cahangir Hacıyevin Londandakı sərvəti, həyat yoldaşının günlük xərcləmələri bu qədər böyük səs-küy yaradıbsa, görün bu bankdan aldığı 800 milyonu qaytarmayan İbrahim Nehrəmlinin Britaniyada nələri ortaya çıxa, oğlanlarının günlük xərcləmələri barədə hansı rəqəmlər açıqlana bilər.
Bunun açılması üçün Britaniya hökumətinin İbrahimovların bu ölkəyə pul gətirmək imkanının tükəndiyinə əmin olması lazımdır. Yəni, Britaniyada “sağılan inəyi” kəsmirlər, qısırlaşmasını gözləyirlər…

Biz də gözləyək, görək, Zamirə Hacıyevadan sonra dünyanı İbrahimovların və digər ABB milyarderlərinin London macəraları ilə necə heyrətləndirəcəyik…
AzPolitika.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz