Bakı Nəqliyyat Agentliyi (BNA) qurumun balansında olan yeraltı avtomobil dayanacaqlarında avtonəqliyyat vasitələrinin giriş-çıxışını təmin etmək üçün istifadə olunan biletlərin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.
Qaynarinfo xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "Cardinalia Septem Group” MMC olub. BNA ilə şirkətin arasında bağlanan müqavilənin maliyyə dəyəri 23.600 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Cardinalia Septem Group” MMC 4 may 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 29, mənzil 58-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Saleh Zahir oğludur.
Şirkət 4 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə haqqında heç bir məlumat yoxdur. Saleh Abdullayev də populyar sahibkar deyil. Yəni, onunla bağlı məlumatlara da rast gəlinmir.
Şirkətin nizamnamə kapitalının 5 AZN təşkil etməsi onun tender əməliyyatlarında iştirak üçün yaradıldığına şübhələri artırır.
Satınalma müsabiqənin şərtlərindən məlum olur ki, BNA 200.000 bilet alacaq. Nəzərə alsaq ki, bu sayda biletə görə 23.600 manat ödənilir, o zaman qurumun bir bileti 11 qəpiyə alması məlum olur. Amma yeraltı dayanacaqlarda 1 saat üçün biletin qiyməti ən azı 1 manatdır. Bu isə BNA-nın parking xidmətindən milyonlarla manat gəlir əldə etməsi deməkdir.
BNA 2015-ci ildə yaradılıb. 2016-cı ildən quruma Vüsal Kərimli rəhbərlik edir. Bir müddət əvvəl məlum olmuşdu ki, ölkədə icitmai nəqliyyata bilet satışı üzrə inhisarçı operator olan "K Group” MMC Vüsal Kərimlinin nəzarətindədir. Şirkətin hüquqi ünvanı BNA rəhbərinin qeydiyyatda olduğu evdə yerləşir. Qaynarinfo