Goranboy Suvarma İdarəsi rayonun 4 kəndinin suvarma suyunu kəsib. Söhbət Səfikürd, Qızılhacılı, Tatarlı və Balakürd kəndlərindən gedir. Bu barədə məsələni artıq üçüncü dəfədir ki, ictimailəşdiririk.
Artıq Goranboy Suvarma Sistemləri İdarəsi və Goranboy Rayon İcra Hakimiyyətinin problemi görməzdən gəlmələri, üstəlik özbaşınalıqları kənd sakinlərinin səbrini daşırıb.
Millitv.az bildirir ki, növbəti dəfə Bizim.Media-ya şikayətlənən sakinlərin sözlərinə görə, indi də Goranboy “padşah”ları tərəfindən Qaraçay çayından sözügedən kəndlərə gələn sudan istifadəyə qadağa qoyulub. Çayda kifayət qədər su olsa da, kənd sakinlərinə bunun əksi deyilir və üstəlik istifadə üçün çaya yaxınlaşmalarına imkan verilmir.
Şikayətçi sakinlər bununla bağlı saytımıza videogörüntülər də təqdim ediblər.
Videogörüntülərdə də göründüyü kimi kənd sakinlərinin özlərinə məxsus bağ sahələri və meyvə ağacları göz görə-görə susuzluqdan quruyur.
Kənd sakinləri deyir ki, təbiətə və xalqa məxsus çaydan su götürmələrinə icazə verməyən rayon “qoçu” ları onları polislə hədələyir və qorxudur. Bu özbaşınalığa isə məhəl qoyan tapılmır.
Rayon rəbərliyi isə boş vədlərlə onları aldadır. Çarəsizliklə və haqsızlıqla üzləşən Goranboy sakinləri bununla bağlı ölkə başçısına şikayət ərizəsi ilə müraciət ediblər.
Ümid edirik Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti məsələyə birdəfəlik əncam çəkəcək və sakinlərin haqlı narazılığı ilə bağlı problemi həll edəcəklər.