Ağdam rayon sakinləri torpaqlarını suvarmaq üçün istifadə edilən artezianın fəaliyyətinin dayanması nəticəsində çıxılmaz vəziyyətdə qalıblar.
B barədə Oxu.Az-ın redaksiyasına rayonun Əfətli kənd sakinləri bildiriblər.
Onlar qeyd ediblər ki, 56 hektar torpağa təhkim olunmuş, Ağdam Rayon Suvarma Sistemlər İdarəsində qeydiyyatda olan subartezian quyusu xarab olub:
“56 hektar torpağın mülkiyyətçilərindən hər hektara altı manat hesabı ilə 336 manat vəsait yığılıb. İdarədə heç bir təminat olmadığı üçün həmin vəsaitdən 265 manat verib boru almışıq.
Yerdə qalan 71 manat isə quyunun sökülməsinə və yığılmasına xərclənib. Bir həftə sonra quyuda yenidən problem oldu. Bir aydır idarə tərəfindən qurğunun yenidən düzəlməsi üçün maraqlanan yoxdur. Kənd camaatı taxıl əkmək istəyir, amma xərc çəkməyə qorxuruq”.
Məsələ barədə Ağdam Rayon Suvarma Sistemlər İdarəsi ilə əlaqə saxladıq.
Qurumdan bildirilib ki, problem müvəqqətidir:
“İndiyə kimi nasos təmirini dövlət vəsaiti hesabına aparmışıq. Bir neçə aydır ki idarəyə heç bir ehtiyat hissəsi verilmir. Səbəb tenderlə bağlıdır. Bu işlər yekunlaşandan sonra məsələ həllini tapacaq. Bu, müvəqqəti çətinlikdir”.
Oxu.Az