Axtarış...

Bura səhiyyə ocağıdır? - İcazə verin, şübhələnək...

Bura səhiyyə ocağıdır? - İcazə verin, şübhələnək...


Hər kəsin sağlamlığının qorunmasında tibb işçilərinin peşəkar fəaliyyətləri və mənəvi mövqelərinin varlığı olduqca böyük rol oynayır. Belə bir səbəbdəndir ki, səhiyyə işçilərinə göstərilən ictimai etimad və etik davranış qaydalarının göstəricisi vacib və əhəmiyyətli məsələlərdən biri hesab olunur. Digər tərəfdən, hər bir tibb işçisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində insanlara ehtiramla, vicdanla, humanizm və mərhəmətlilik prinsiplərini rəhbər tutmaqla davam etdirməyə borcludurlar. Bütün bunlara baxmayaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi-54 ünvanında fəaliyyət göstərən Respublika Uşaq Stomatoloji Mərkəzində göstərilən tibbi xidmətin göstəricisi haqda formalaşan ictimai rəy, bugünə kimi heç də qənaətbəxş olmayıb. Çünki, bu səhiyyə müəssisəsinə üz tutanlar, çox vaxt xoşagəlməz problemlərlə üz-üzə qalıblar. Məsələn, bu Mərkəzdə bəzi tibb işçiləri etik davranış qaydalarına riayət etmirlər, həkimlər pasientlərdən təmənna umurlar, bu yöndə tələbləri yerinə yetirilmədikdə məsuliyyətsizlik edirlər, istifadə olunan iynə və dərman preparatlarının keyfiyyəti qənaətbəxş olmur, elə hallar da olur ki, stomatoloqlar nə əlcək taxırlar, nə də ki, xalat geyinirlər. Faktdır ki, Respublika Uşaq Stomatoloji Mərkəzində yaşanan bu cür neqtiv hallar, indiyə kimi bəzi media qurumlarında yetərincə ictimailəşdirilmişdir.

Redaksiya əməkdaşımızın 03 fevral 2023-cü il tarixdə üz-üzə qaldığı olay da, məhz Respublika Uşaq Stomatoloji Mərkəzində yaşanan növbəti biabırçılıqlardan biri olur. Belə ki, bu səhiyyə müəssisəsinin qeydiyyat şöbəsində çalışan və nəinki bura üz tutan xəstələrə, hətta Mərkəzdə çalışan işçilərə də “zor gəlmək”lə xoşhal olan, hətta özünü bu səhiyyə müəssisəsinin aparıcı “Ərəbzəngi”si hesab edən Yeganə Məmmədovanın əməllərini görən hər kəs şoka deyil, sanki “şökə” düşməli olur. Çünki, “göydən gedən” bu xanım nə baş həkimi, nə müavini, nə şöbə müdirini, nə də ki, hansısa həkimi “priznavat” etmək fikirində deyil.

Qeyd edək ki, əməkdaşımız fevralın 03-də öz övladını Respublika Uşaq Stomatoloji Mərkəzinə aparır ki, azyaşlının dişindəki problemi aradan qaldıra bilsin. Yəni, əməkdaşımız ilk əvvəl baş həkimə məxsus iş otağının bağlı olduğunu görür və az sonra qeydiyyat şöbəsinə yaxınlaşır. Həmin vaxt o, bu Mərkəzin qeydiyyat şöbəsində övladına məxsus “kartiçka”nın olduğunu bildirir. Bu şöbədə çalışan Yeganə Məmmədova isə, qeyd olunan “kartiçka”nı tapıb pasientə lazımi köməklik göstərmək əvəzinə, məhz əməkdaşımıza “buynuz göstərir”. Yəni o, “ya yeni “kartiçka” açılmalıdır, ya da ki, şəxsən mənə ödəniş etməlisiniz” deyərək, əməkdaşımızın qarşısında belə bir şərtini irəli sürür.

Həmin vaxt Yeganə Məmmədovanın yanında olan xanım tibb işçiləri, ona müəyyən mənada iradlarını bildirib “Sən media nümayəndəsinə qarşı hörmətsizlik edirsən. Hazırda baş həkim işdə deyil, baş həkimin müavinləri var, şöbə müdirləri var, qoy bu işlə bağlı onlar qərar versinlər” deyirlər. O halda xanım tibb işçilərindən hansısa biri Mirzə həkimin adını çəkir və məsələdən adı çəkilən bu həkimi hali etmək istəyir. Bu məqsədlə xanım tibb işçisi Mirzə həkimin yanına getmək istədikdə, Yeganə Məmmədova xanımın üstünə elə bir ədəbsiz formada qışqırır ki, həmin xanım kor-peşman geri dönməli olur. Belə bir ab-havanın yarandığı vaxt Yeganə Məmmədova “Mirzə həkim demir, lap baş həkim, onun müavini desin, mənim üçün heç bir fərqi, hansısa əhəmiyyəti yoxdur. Ya yenidən “kartiçka” asılmalıdır, ya da ki, şəxsən mənə ödəniş olunmalıdır” deyib, heç cür inadından dönmür. Bu da onu sübut edir ki, özünü Respublika Uşaq Stomatoloji Mərkəzinin qeydiyyat şöbəsinin “Ərəbzəngi”si hesab edən Yeganə Məmmədova, “Ağa nəzərəm, belə gəzərəm” yanaşmasını əsas tutur və rəhbər vəzifə sahiblərinə qarşı da əməlli-başlıca sayğısızlıq göstərir. Yəni, özünü “Ərəbzəngi” hesab edən Yeganə Məmmədova “Bunu qanun tələb edir və qanuna da əməl olunmalıdır” deməklə, sanki “foks” göstərir. Elə ki, əməkdaşımız “Xanım, baş həkim işdə deyil, bəs katibəsi hardadır ki, iş saatlarında rəhbərliyin otağı bağlıdır?” sualına o, “katibə analıq məzuniyyətindədir, qaldı ki, bu işin heç kimə, o cümlədən konkret sənə də heç bir aidiyyatı yoxdur. Özümüz bilərik, baş həkimin iş otağı açıq olmalıdır, yaxud bağlı olmadır” cavabını verir. Yeganə Məmmədovanın bu cür cavabı əməkdaşımızda belə bir fikrin formalaşmasına əsas verir ki, deməli bu xanımın düşüncəsində dövlət səhiyyə müəssisəsində idarəçilik, məhz onların istəklərinə uyğun həyata keçirilməlidir. Yəni, ictimai əhəmiyyət kəsb edən məsələlərlə heç kim maraqlanmamalı və hər kəs ağzına “su alıb” susmalıdır. Yox, bu heç də belə deyil! Çünki, özünü “Ərəbzəngi” hesab edən Yeganə Məmmədovanın da çalışdığı Respublika Uşaq Stomatoloji Mərkəzi, vaxtilə dövlət büdcəsindən ayrılan büdcə vəsaitləri hesabına inşa olunmuş və hər kəsin də istifadəsinə verilmişdir. Deməli, xalqın bir nümayəndəsi olan əməkdaşımız, bu səhiyyə müəssisəsində baş verənlərlə bağlı maraqlanmaq, hər cür qanunsuzluqlara qarşı etiraz etmək hüququna malik olan şəxsdir. O halda ortaya belə bir sual çıxır ki, Respublika Uşaq Stomatoloji Mərkəzinin qeydiyyat şöbəsində çalışan Yeganə Məmmədovaya, görəsən bu cür ötkəm hərəkətlər etməyə kim, yaxud da hansı qanun ixtiyar verib? Məgər, bu xanım qeyri-adi səlahiyyətlərə sahib olan şəxsdir? Bəlkə, özünü “Ərəbzəngi” hesab edən Yeganə Məmmədovanı, Azər Əliyevin rəhbərlik etdiyi bu səhiyyə müəssisəsinin qeydiyyat şöbəsinə bilərəkdən təyin ediblər ki, o, pasiyentlərə qarşı bu cür ötkəm hərəkətlərini etsin, rəhbər şəxslərə qarşı sayğısızlıq göstərsin, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət etməsin, bir sözlə hər cür hoqqalardan çıxsın. Ola bilər, bəlkə də, bu həqiqətən də belədir. Amma, biz o halın varlğına da inanırıq ki, əməkdaşımızın üz-üzə qaldığı olaylarla bağlı yayımladığımız bu yazıdan sonra, rəhbərlik Respublika Uşaq Stomatoloji Mərkəzinin qeydiyyat şöbəsində çalışan Yeganə Məmmədovanın əməllərinə lazımi qiymətini verəcək və bu xanımın ,,Ərəbzəngi»lik etməsinin qarşısı qəti şəkidə alınacaq. Mövzuya qayıdacağıq

Deryaz.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz