Axtarış...

Tibb işçilərinə iki aydır maaş verilmir: “Gəlib yolpulu istəyirlər” - Tanınmış həkimdən ETİRAZ

Tibb işçilərinə iki aydır maaş verilmir: “Gəlib yolpulu istəyirlər” - Tanınmış həkimdən ETİRAZ


Azərbaycan Həkimlər Birliyi İdarə Heyətinin üzvü, ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev həkimlərin maaşlarının gecikdirilməsindən narazıdır.

Belə ki, pandemiyayla mübarizə aparan səhiyyə işçilərinin maaşları 2 aydır verilmir.

Cebhe.info xəbər verir ki, bu barədə müvafiq qurumlara müraciət edən həkim Aydın Əliyev bildirib ki, bu gün fevral ayının 18-i olmasına baxmayaraq, yanvar ayında pandemiya ilə mübarizə aparan tibb işçiləri hələ də artırılmış əmək haqları verilməyib:

“Mən millərlə haqqı-hüququ pozulmuş tibb işçilərinin adından çıxış edirəm. Məndə olan məlumata görə, Təcili Tibbi Yardım işçilərinin dekabr ayı üzrə olan maaşları da verilməyib. Mən maaşların, əmək haqlarının verilməsi ilə məşğul olan qurumlara müraciət edirəm. Öz həyatlarını təhlükəyə atan, xalqın sağlamlığı uğrunda pandemiya ilə mübarizə aparan, hətta bir çoxları virusa yoluxan həkimlərin maaşını vermirsiz? Hansı ixtiyarla bu insanların əmək haqqı ödənmir? Bu, hansı qanuna sığır? Üzümü müvafiq qurumlara tuturam, istər Səhiyyə Nazirliyi olsun, istər TƏBİB, istərsə də İcbari Tibbi Sığorta, bu insanları işlətmisiz, maaşlarını da verin. Bəzən tibb bacıları gəlib deyir ki, getməyə yolpulumuz yoxdur, heç olmasa, yolpulu verin. Dövlətimizin hər cür imkanları var, niyə bu insanların əmək haqlarını vermirsiniz, məqsədiniz nədir?”

Həkim qeyd edib ki, adını çəkdiyi müvafiq qurumlar maaşların onlar tərəfindən ödənilmədəyini əsas gətirir:

“Deyirlər ki, Maliyyə Nazirliyi verir: “Bəs necə olur bu insanları siz işlədə, ən kiçik qüsuruna görə cəzalandıra bilirsiz, amma məsələ maaş vermək olanda deyirsiz bizlik deyil. Siz bu insanları işlətmisiniz, zəhmət çəkin, onların haqlarını tələb edin. Sizin tabeliyinizdə olan insanların hüquqları tapdalanır. Mən bunu bütün tibb işçilərinə təhqir hesab edirəm. Mən bilmirəm bu pulları kim hesablamalı, kim verməlidir, amma kim verməlidirsə, mənim sözlərim onlara aiddir. Bu pullar sizin atalarınızın pullarıdırsa, verməyin, yox əgər, camaatın əməyinin haqqıdırsa, zəhmət çəkin verin. Bəziləri deyir ki, yeni il təzə başlayıb deyə maaşları hesablamaq lazımdır. Bunları vaxtında hesablamalı idiniz. Özünüz rahat kabinetlərdə, bahalı maşınlarda gəzirsiniz, bir tərəfdən də neqativ yollarla kənardan pul qazanırsız. Amma bu insanların manata da ehtiyacları var. İnsanların maaşını vaxtında verin. Mən əvvəl xarici ölkələrə gedənləri qınayırdım, indi qınamıram. Məmur özbaşınalığının ucbatından insanlar qaçıb getməyə məcburdir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz