Vasif Talıbovun Naxçıvanın faktiki idarəçiliyindən uzaqlaşdırılmasına hazırlıq gedir. Məlumata görə, yaxın vaxtlarda Prezidentin Naxçıvan MR üzrə xüsusi nümayəndəsinin təyin olunacağı gözlənilir. Bu təyinatla V.Talıbov faktiki olaraq MR-in idarəçiliyindən uzaqlaşdırılmış olacaq. (Azpolitika.info)
Məlum olduğu kimi, xüsusi nümayəndəlik institutu artıq işğaldan azad olunmuş ərazilərdə tətbiq olunub. Belə ki, Prezidentin işğaldan azad olunmuş rayonlar üzrə xüsusi nümayəndələri bu ərazilərdə tikinti-quruculuq və digər işlərə rəhbərliyi həyata keçirir.
Naxçıvandan Azpolitika.info-ya daxil olan məlumatda isə bildirilir ki, iki gün əvvəl MR-i tərk edən Vasif Talıbov “uzunmüddətli məzuniyyətə” göndərilib. Onun hazırda harada olduğu, Naxçıvana nə vaxt qayıdacağı haqda yerli hakimiyyət nümayəndələrində heç bir məlumat yoxdur. Bilinən odur ki, “sədr uzunmüddətli məzuniyyətdədir”.
Xatırlatmaq yerinə düşər ki, V.Talıbov Ali Məclis sədri vəzifəsini tutduğu 27 ildə bir dəfə də olsun rəsmi məzuniyyətə çıxmayıb. O, hətta bazar günlərini belə çox vaxt iş kabinetində keçirib. İndi birdən-birə “uzunmüddətli məzuniyyətə” göndərildiyi barədə məlumatlar Naxçıvanda DTX əməliyyatları ilə başlayan prosesin dərinliyindən xəbər verir. Dekabrın 12-də axşam saatlarında Bakıya uçan və hazırda burada nə işlə məşğul olduğu bilinməyən Vasif Talıbovun yaxın günlərdə elə Bakıda istefa qərarını açıqlayacağı da istisna olunmur. Ola bilsin ki, Prezidentin xüsusi nümayəndəsinin təyinatı bundan sonra elan olunacaq.
Yada salaq ki, dekabrın 13-də Səbayel Rayon Məhkəməsi Vasif Talıbovun ətrafından daha bir iri məmurun - Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rüstəmov Hicran Yaqub oğlunun barəsində müstəntiqin vəsatətinə baxıb. Məhkəmə Hicran Rüstəmov barəsində həbs-qətimkan tədbiri seçib. O, 212 milyon manat dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. Bununla da V.Talıbovun komandasından rəsmən həbsə göndərilən məmurların sayı 3-ə, talanan dövlət vəsaitinin miqdarı isə 500 milyon manata çatıb.
Bu səviyyədə talançılıq ittihamlarından sonra V.Talıbovun vəzifəsində qalacağı ehtimalı isə sıfıra yaxınlaşır. Lakin MR Ali Məclisinin sədri vəzifəsi seçkili vəzifə olduğundan onu Prezident sərəncamı ilə vəzifəsindən uzaqlaşdırmaq və yerinə başqa bir təyinat həyata keçirmək mümkün deyil. Görünür, elə bu səbəbdən MR-ə Prezidentin xüsusi nümayəndəsinin təyin olunması praktikasından istifadə olunacaq.
Tns.az saytının rəhbəri Tural Səfərov “Yeni Müsavat”a deyib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin muxtar respublikada keçirdiyi əməliyyatlar zamanı həbsə alınan Dövlət Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərov, muxtar respublikanın maliyyə naziri Rafael Əliyev və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov ittihamlar üzrə cinayətləri özbaşına törətməyiblər: “Bu şəxslərin 500 milyon manata yaxın vəsaiti mənimsədiyi açıqlanıb. Bu, çox ciddi rəqəmdir. Əlbəttə ki, bu qədər vəsaiti həbs edilən adamların tək mənimsəməsini düşünmək sadəlövhlük olardı. Ona görə də indi haqlı olaraq hər kəs Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun da həbsə alınacağını düşünür. Vasif Talıbovun birbaşa iştirakı və xəbəri olmadan yüz milyonlarla manat vəsaiti mənimsəmək, dövlətə bu qədər ziyan vurmaq mümkün deyil”.
Həmsöhbətimiz deyir ki, Vasif Talıbovun məsuliyyətə cəlb edilməsi bəzi qanuni prosedurlar yerinə yetirilmədən mümkünsüzdür: “O, 1 saylı Sədərək-Şərur seçki dairəsindən Milli Məclisə deputat seçilib. Yəni onun deputat toxunulmazlığı var. Vasif Talıbovun məsuliyyətə cəlb edilməsi üçün əvvəlcə onun deputat toxunulmazlığı götürülməlidir. Bunun üçün kifayət qədər əsaslar var. Belə ki, Vasif Talıbov deputat kimi Milli Məclisin iclaslarında iştirak etmir. O, 1995-ci ildən Milli Məclisin deputatıdır. Amma bu 27 ildə Milli Məclisin heç 27 iclasında iştirak etməyib. Milli Məclisin Daxili Nizamnaməsinə görə, Vasif Talıbova deputat səlahiyyətlərinin itirilməsi intizam tədbiri tətbiq olunmalıdır. Milli Məclisin Daxili Nizamnaməsinin 1-ci maddəsində göstərilir ki, deputatların Milli Məclisin iclaslarında iştirakı məcburidir. Daxili Nizamnamənin 45-ci maddəsi "Milli Məclis deputatının parlamentdaxili məsuliyyətinin əsasları" adlanır. Həmin maddədə Milli Məclisin deputatının hansı hallarda parlamentdaxili məsuliyyətə cəlb olunduğu qeyd edilib. Maddənin 3-cü hissəsində yazılıb: “Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə”.
Daxili Nizamnamənin 47-ci maddəsi isə “Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına intizam tədbirlərinin tətbiqi qaydası” adlanır. 47-ci maddədə yazılıb: “Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən Milli Məclisin deputatı barəsində Milli Məclisin Sədri İntizam Komissiyasına təqdimatla müraciət edir. İntizam Komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir. Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar Milli Məclisin növbəti iclasında elan edilir.
Bu, Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədri Milli Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Milli Məclisin 15 iclasında üzürsüz səbəbdən iştirak etməyən Milli Məclisin deputatı barəsində İntizam Komissiyasına təqdimatla müraciət edir. İntizam Komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Milli Məclisin müzakirəsinə çıxarır. Bu məsələyə Milli Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, İntizam Komissiyasının üzvlərinə suallar verə bilər və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir".
Milli Məclisə sonuncu seçkilər 2020-ci ilin fevral ayında keçirilib. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 2020-ci ildə 43, 2021-ci ildə 38 plenar iclası olub. 2022-ci ilin payız sessiyasına qədər isə Milli Məclisin 18 plenar iclası keçirilib. Əldə etdiyimiz məlumata görə, Vasif Talıbov bu dövrdə cəmi bir iclasda iştirak edib. Yəni ona indiyədək deputat səlahiyyətlərinin itirilməsi intizam tədbiri tətbiq edilməli idi. Təəssüf ki, Milli Məclisin rəhbərliyi buna əhəmiyyət verməyib, beləliklə, parlamentin Daxili Nizamnaməsinin qaydaları pozulub. Nizamnamənin tələbləri pozulduğundan Milli Məclisin növbəti iclaslarında Vasif Talıbovun deputat səlahiyyətlərinin itirilməsi məsələsinə baxılmalıdır.
Vasif Talıbov yeganə deputatdır ki, Milli Məclisin heç bir komitəsinin üzvü deyil. Halbuki bəzi deputatlar bir neçə komitənin üzvüdür. O, Milli Məclisdə yalnız Azərbaycan-İran parlamentlərarası işçi qrupunun rəhbəridir. Vasif Talıbov digər parlamentlərarası işçi qruplarında təmsil olunmur. Millət vəkillərinin əksəriyyəti bir neçə parlamentlərarası işçi qrupunun üzvüdür. Vasif Talıbovun isə hər yerdə olduğu kimi, burada da xüsusi imtiyazları olub".
Tural Səfərov bildirib ki, deputat olaraq Vasif Talıbov bu 27 il ərzində parlamentdə bir dəfə də olsun çıxış etməyib: “Əgər o, Milli Məclisin iclaslarına qatılmayıbsa, deməli, qəbul olunan qanunlara da səs verməyib. Yəni Vasif Talıbov deputat kimi heç bir iş görməyib. Milli Məclisə açıq hörmətsizlik nümayiş etdirərək parlamentin iclaslarına gəlməyən, qanunların qəbulunda heç bir əməyi olmayan, ümumiyyətlə, parlamentin işində yaxından iştirak etməyən birinin deputat olmağa mənəvi haqqı çatmır. Bütün bunlar nəzərə alınaraq, Vasif Talıbovun mandatı əlindən alınmalıdır”.
Tural Səfərov bildirib ki, mandatı əlindən alınandan sonra Vasif Talıbovun istintaqa cəlb edilməsi üçün heç bir maneə qalmır: “Onun həbsi üçün kifayət qədər əsaslar var. Dövlət Təhlükəsizliyi Xidmətinin son 1 ay ərzində Naxçıvanda həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində üzə çıxan faktlar Vasif Talıbov və ətrafının uzunmüddətli həbsə göndərilməsinə əsas verir”.
“Yeni Müsavat”