“Hazırda Azərbaycan Yazıçılar Birliyinin 2300 üzvü var”.
Millitv.az bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib. O, illik üzvlük haqqının 15 manat olduğunu bildirərək, bu ödənişin hansı üsulla həyata keçirilməsi sualına da aydınlıq gətirib:
“Birliyə üzv olmuş şəxslər üzvlük haqqını AYB-nin binasına yaxınlaşaraq mühasibatlığa, yaxud da kart vasitəsilə ödəyə bilirlər. Mühasibatlığın kartına, yəni AYB-nin hesabına göndərə bilirlər”.
Xəyal Rza mühasibatlığdakı kartın kimə məxsus olması barədə suala cavabında onun AYB-nin ümumi hesabı sayıldığını qeyd edib. Qurum rəsmisi üzvlük haqqını ödəməyənləri hansı aqibətin gözlədiyi məsələsinə də toxunub:
“Əvvəllər heç bir cəza tətbiq olunmayıb. Sonradan, yəni 2021-ci ildə belə qərara gəldik ki, son iki ilin üzvlük haqqı verilməklə əvvəlki illərin ödənişləri bağışlanılsın. 2020-2021-ci ilin ödənişləri tələb olundu. Gecikdirib və ya verməyənlər azdır, amma onlara bir neçə dəfə “Ədəbiyyat” qəzeti vasitəsilə xəbərdarlıq olunur. Hələlik bu təcrübədən istifadə olunmayıb, lakin son qərara görə üzvlük haqqını 3 il ərzində ödəməyənlər üzvlükdən xaric edilirlər”.
Beləliklə, sadə hesablamaya görə ümumilikdə il ərzində AYB-nin hesabına üzvlük haqları tam toplanarsa 34500 AZN daxil olur.