Axtarış...

Anarın AYB sədrliyi qanunsuz imiş... - İDDİA



AYB-nin üzvü, Prezident təqaüdçüsü Emil Rasimoğlu AYB rəhbərliyinin qayda pozuntuları barədə 365.az-a şikayət edib. Şikayəti olduğu kimi təqdim edirik:

Azərbaycan Yazıçılar Birliyi yarandığı gündən üzü bəri adıçəkilən qurumun on iki qurultayı keçirilib. Bunlardan səkkizi sovet dövrünə, biri müstəqillik ərəfəsinə, son üçü isə müstəqillik dövrünə təsadüf edib. Bu öz yerində... Ancaq hal-hazırda əlimdə olan faktlara və ictimaiyyətə təqdim edilən AYB nizamnaməsinə əsasən deyə bilərəm ki, müstəqillik dönəmində Yazıçılar Birliyinin rəhbərliyi keçirilən qurultaylarda dəfələrlə nizamnamə qaydalarını açıq-aşkar pozub. Belə ki, Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsinin “Rəhbər orqanlar və onların səlahiyyətləri” bölməsində yazılır: “Azərbaycan yazıçılarının qurultayı açıq səsvermə ilə və səs çoxluğu ilə Azərbaycan Yazıçılar Birliyinin sədrini, sədrin təqdimatı ilə birinci katib və katiblərini (beş il olmaqla iki müddətdən artıq seçilə bilməz)... seçir”. (Elə məhz bu səbəbdəndir ki, qurultay keçirilmədiyinə görə 2014-cü ilin sentyabr ayından AYB-nin Yaradıcılıq məsələləri üzrə katiblik vəzifəsini İlqar Fəhmi icra edir. Qeyd edim ki, İlqar Fəhmi illərdir ki, katib yox, katib əvəzidir.) Ancaq Çingiz Abdullayev 1991-ci ildən (4 çağırış), Fikrət Qoca 1998-ci ildən (3 çağırış), Rəşad Məcid isə 2004-cü ildən (2 çağırış) AYB-nin katibidir. Göründüyü kimi Çingiz Abdullayevin, Fikrət Qocanın 2 çağırışı “adlaması” açıq-aydın qayda pozuntusu, Rəşad Məcidin isə (hələ 55 yaşında Gənclərlə iş üzrə katiblik postunu tutmasının gənclər siyasətinə zidd olmasını demirəm) heç nizamanmə qaydalarına əsasən növbəti qurulayda katib seçilməsi yolverilməzdir. Amma burada digər bir pozuntu da müxtəlif zamanlarda katiblərin qurultayda seçki yolu ilə seçilməsi yox, birbaşa Anar tərəfindən təyin edilməsidir. Hətta bu faktı bir neçə ay öncə mənlə ("Yeni Müsavat"ın efirində) debatda AYB sədrinin hazırkı müşaviri Elçin Hüseynbəyli də vurğuladı.

P.S: Əldə olunan faktlar hətta AYB-nin elektron arxivində də var. Bunlar AYB nizamnaməsinə görə bu günkü reallıqlarıdır. Lakin bu yazıdan sonra ola bilər ki, AYB rəhbərliyinin hər hansısa bir təmsilçisi belə demək mümkünsə, qayda pozuntularını müsbət şərh etmək üçün müxtəlif illərdə nizamnamədə dəyişikliklərin edildiyini qeyd etsin (təbii ki, o dəyişikliklər yoxdur!). Əgər nizamnamədə hər hansı bir dəyişiklik olunubsa, bu ictimaiyyətin və üzvlərin nəzərinə çatdırılmalıdır.

365.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz