3-cü Ordu Korpusunun komandiri polkovnik Oruc Abdullayevin tabeliyindəki hərbi hissələrin materiallarından istifadə etməklə özünə ferma tikdirdiyi iddia olunur.
Millitv.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Videoda danışan şəxs bildirib ki, ərazisində olduğu ferma polkovnik Abdullayevindir və orduya məxsus materiallarla tikilib. O bildirib ki, fermanın tikintisində istifadə olunan bütün taxtalar, metal borular və digər avadanlıqlar hərbi hissələrdən gətirilib.
Fermanı lentə alan şəxs ərazidə Müdafiə Nazirliyinə məxsus qida məhsullarının – yağ, pendir, cem, ət, balıq konservlərinin qutularını da nümayiş etdirib və iddia edib ki, bu qidalardan fermadakı çobanlar istifadə ediblər.
O qeyd edib ki, görüntüləri Müdafiə Nazirliyinə təqdim edəcək:
“Dövlətə məxsus olan nə varsa, Oruc Abdullayev hamısını talayır”.
Qeyd edək ki, videonu “TikTok” sosial şəbəkəsində “rafael151177” adlı istifadəçi paylaşıb.
İddialarla bağlı Müdafiə Nazirliyinə ünvanladığımız sorğuya reaksiya verilmədi.