Axtarış...

Cəhalət xəstənin düşməni, həkiminsə “müttəfiqidir”

Cəhalət xəstənin düşməni, həkiminsə “müttəfiqidir”

Müsahibim Yazıçı-jurnalist, "Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri, milyonların loğman kimi tanıdığı Ərşad Əzimzadədir. Onu tanıtmağa ehtiyac olmasa da həyatı barədə qısa məlumatı vermək oxucuların diqqətinə çatdırmaq istəyirəm. Ərşad Əzimzadə 1935-ci ildə Zəngilan rayonunun Seyidlər kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Uzun illər "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakinski raboçi" və "Azərbaycan" qəzetlərinin müxbiri vəzifəsində çalışıb. Düz 30 il (1965–1995) 8 ağır xəstəlikdən əzab çəkib, 40 yaşında iş qabiliyyətini tamam itirərək, 1-ci qrup əlil kimi, pensiyaya çıxıb. Ümümdünya Natural Gigiyena hərəkatı karifeylərinin (Herbert Şelton, Katsudzo Nişi, Pol Breqq, Norman Uoker, Laynus Polinq, Abram Zalmanov, Uilyam Beyts və s.)əsərlərini oxuyaraq, özünü təbii üsullarla müalicə edib, sağlamlığını qaytarıb. Bir neçə bədii və elmi-publisistik əsərin müəllifidir. Hazırda sağlamlıq problemləri ilə bağlı yeni əsərlər üzərində çalışır. Görkəmli maarifpərvər alim və ictimai xadim Həsən bəy Zərdabinin maarifləndirmə işini davam etdirən Ə. Əzimzadə əhalinin səhiyyə mədəniyyətini, xüsusilə də qida mədəniyyətini yüksəltmək üçün ciddi səy göstərir, ç Sağlam Həyat Tərzi haqqında Qanun qəbul olunması uğrunda mübarizə aparır.
-Ərşad müəllim, çoxdandır səs-sədaniz gəlmir, başınız hansı işlərə qarışıb? Yoxsa bizi yeni bir əsərlə sevindirmək ərəfəsindəsiniz?
-Daha bir ağır, keşməkeşli ili yola salırıq. Gələcəyə yeni ümidlərlə baxırıq. Düz tapdınız. Qabaqkı illər kimi, bu il də vaxtımın çoxunu kompüter arxasında keçirdim. Ortalığa 3 geniş həcmli əsər qoya bildim. Onlardan biri belə adlanır: “ƏSRİN BƏLASI: mif və həqiqətlər”. Söhbət, adı gələndə bəşərin canına vicvicə düşən yad törəmələrdən, camaatın “xərçəng” adlandırdığı xəstəlikdən gedir. Güclü elmi mənbələri, məntiqi və sağlam düşüncəni, eləcə də öz başıma gələnləri yoğurub, oxucunu inandırmağa çalışmışam ki, digər “dəhşətli” xəstəliklər kimi, “xərçəng” də adi xəstəlikdir, yəni, pis vərdişlərin labüd, qaçılmaz nəticəsidir. Digər xəstəliklər kimi, o da SAĞALAN xəstəlikdir. Elə bir xəstəlik yoxdur ki, onu sağlam həyat tərzinin köməyi ilə sağaltmaq mümkün olmasın
-Hamişə sizə müraciət edən xəstələrə həkim olmadığnızı, yalnız məsləhət verə biləcəyinizi demisiz. Halbuki, çoxlarını sağaltmısız. Bəzi məqamlara mən özüm də şahid olmuşam. Hətta, iş yeriniz də vardı. Bununla belə, xeyli vaxtdı xəstə qəbul etmirdiniz. Necə oldu ki, yenidən xəstələrə praktiki kömək göstərmək qərarına gəldiniz?
- Yenə də deyirəm ki, mən həkim deyiləm və müalicə ilə məşqul olmuram. Mən çalışıram ki, xəstə öz canının həkimi olsun. Tam əminəm ki, xəstə yalnız bu halda sağala bilir. Ağlı başında olan iradəli xəstəyə həkim və dərman lazım deyil. Ona anlatmaq lazımdır ki, sən düz yolu (sğlamlıq və xoşbəxtlik yolunu) azıbsan, sürətlə uçurumun başına tərəf gedirsən. Bir anlığa dayan, özünə qıraqqdan, zəka aynasında bax, Hippokratın, Qalenin, İbn-Sinanın, Şeltonun, Pol Breqqin, Nişinin, Zalmanovun, Uokerin, Məhəmməd peyqəmbərin dərin kəlamlarını beyninin süzgəcindən keçir. Mən xəstələrəin qulağına məhz öz üzərimdə sınadığım müdriklərin hikmətli kəlamlarını doldurmağa çalışıram, onlara hər iki yolu - Sağlamlıq (xoşbəxtlik!) və xəstəlik (bədbəxtlik!) yolunu göstərirəm. Seçim hüququ xəstənin özündə qalır. Ağıllı adamlar sağlam məntiqə və elmi kökə inanır, bütün iradəsini toplayıb Sağlam Həyat Tərzinə keçir, dərmana və həkimə verdiyi pulu təbii qidalara verir, kifayət qədər hərəkət edir və sağalır. Əfsuslar olsun ki, o vaxt mənim yanıma gələn xəstələrin çoxu istəyirdi ki, pis vərdişlərdən əl çəkməsin, ölü qidaları necə basıb yeyirdisə, yenə eləcə yesin, çiy su içməsin, hərəkət etməsin, gecə-gündüz telefonla, kompüterlə məzələnsin, mən də, “sehrli çubuğun” köməyi ilə onu sağaldım. O vaxt mən belə cahillərin əlindən qaçdım. Amma sonradan fikirləşdim ki, əgər min nəfərdən biri məni başa düşürsə, haqq yoluna qayıdırsa, sözümü son nəfəsimədək deməliyəm. Əlbəttə, iqtidar və ya bizim varlılar geniş miqyasda təbliğat aparmaq üçün şərait yaratsaydılar, mən daha böyük işlər görə bilərdim. İnanıram ki, belə bir gün gələcək, insanlar ayılacaq, anlıyacaq ki, xoşbəxtlik pulda deyil, insan sağlam olmasa, pul onu xoşbəxt edə bilməz.
-Ənənəvi tibbi qəbul etmədiyinizi bilirəm. Bəs təbii vasitələrin şəfa verəcəyinə nə dərəcə qarant vermək olar?
-
Yəqin ki,“ənənvi tibb” deyəndə bu gün sırf ticarət sisteminin prinsipləri ilə işləyən, can alveri ilə məşqul olan rəsmi səhiyyə sistemini, “təbii vasitələr” dedikdə isə “fitotrapiyanı”, “iynəterapiyanı”, “qanalmanı”, zəlini, “çildağı” nəzərdə tutursunuz. Bunların hamısı birlikdə və hər biri ayrı ayrılıqda sağlam və zəngin qan yaratmağa qadir deyil. Sağlam və zəngin qan yaratmadan - sağlam cism və sağlam ruh yaratmaq mümkün deyil. Sağlam və zəngin qanı isə yalnız və yalnız SAĞLAM HƏYAT TƏRZİ yarada bilir.
-Bu gün hansı xəstəxanaya baş çəksək, pasientlərlə dolu olduğunu görəcəyik. Hətta, özəl tibb müəssisələri də xəstələrlə dolub-daşır. Ən çox da xərçəng və ürək-damar xəstəlikləri insanların sonunu vaxtından əvvəl gətirir. Bu durumu nə ilə izah edərsiniz?

- Bu fakt ona dəlalət edir ki, Yer üzündə maarifləndirmə aparatının yerini reklam büroları tutub. Onlar isə yalnız dərmanları, zərərli qidaları və pis vərdişləri reklam edir. Elm və texnika sağlamlığa deyil, siyasətə, qara biznesə xidmət edir. Fabrik və zavodların sayı günbəgün artır, bu üzdən hava, su, torpaq, atmosfer daha böyük sürətlə zibillənir, Ozon dəliyi get-gedə genişlənir, qlobal istiləşmə artır, iqlim korlanır. Bunlar azmış kimi, kütləvi qırğın silahlarının istehsalı artır, meydana yeni, daha qəddar ölüm strategiyaları atılır. Bütün bunlar insan düşüncəsinin qeyri-sağlam olmasının nəticəsidir. Belə düşüncəni isə zəhərli qan törədir, zəhərli qan isə “ölü” qidanın (bişmiş, duza, sirkəyə qoyulmuş, rafinləşdirilmiş) məhsuludur. Dünya dağılır. Tam əmin ola bilərsiniz ki, dünyanı idarə edən yırtıcı biznes “çiçəkləndikcə” planetimiz bundan da pis vəziyyətə düşəcək. Bir pis “virus” getməmiş, ondan da dəhşətlisi gələcək.
-Bu gün artıq imkansız xəstələr üçün sığorta imkanları yaradılıb. Amma insanlar, hətta, imkanı olmayanlar belə borc-xərc edib yenə də özəl müəssisələrdə əməliyyat olunmaq istəyirlər. Bunun səbəbi, sizcə nədir, dövlət xəstəxanalarında tibbi aparatların yararsız olması, yoxsa həkimlərə inamsızlıq?
-Digər sığortalar kimi, tibbi sığorta da insanları soymaq oyunlarından başqa bir şey deyil. Onun xəstəyə heç bir faydası yoxdur. Çünki sığorta, təzə aparatlar və s. insanın damarında sağlam və zəngin qan yaratmağa qadir deyil. Əslində, xəstələr nə həkimə inanır, nə də dərmana. Hamı bilir ki, həkim xəstəyə müştəri kimi baxır. Müştəri nə qədər çox olsa, həkimin kefi bir o qədər kök olur. Həkimə sağlam adam yox, xəstə (müştəri) lazımdı. Müştəri nə qədər avam olsa, həkimin gəliri bir o qədər çox olacaq. Milli cəhalət xəstənin düşməni, həkimin isə müttəfiqidir.
- Siz təkcə ölkəmizdə deyil, dünyada da çoxları tərəfindən “canlı əfsanə” ikimi tanınırsiz. Yaradıcılqda da çox fəalsız. Hazırda hansı işlər üzərində işləyirsiz?
-“Canlı əfsanə” kəlməsini qəbul etmirəm. Doğrudur, əsərlərim ABŞ-a, İsrailə, Türkiyəyə, Rusiyaya kimi gedib çıxıb. Hətta, bizim kitab piratları kimi, məndən icazə və halallıq almadan, əsərlərimi İranda belə fars dilinə çevirib buraxırlar. Eşitdiyimə görə sürətlə satılır və yaxşı qazang əldə edirlər. Amma bu da danılmaz həqiqətdir ki, yaşım 90-a çatsa da, yazıb-yaratmaq həvəsim azalmır, artır. Hazırda “Möcüzəsiz möcüzə” əsərimi türkcəyə çevirməklə məşqulam, 3 cildlik “Durna bulağı” romanınının son fəsillərini yazıram. Bu əsər 90-cı illərdə ölkəmizdə və dünyada gedən iyrənc çəkişmələrin həm tarixi fotosu, həm də kimyəvi təhlilidir. Bu əsərdə də təkcə yazıçı-jurnalist qələmi deyil, həm də naturopat ziyalı dəsti-xətti diqqətçəkən səviyyədədir. Gələn il, Allah qoysa, “NEKROLOQ: cəhalətin növbəti qurbanı” adlı elmi-publisistik əsər üzərində işləyəcəm. Bütün acı həqiqətləri bəşərin üzünə çırpacam.
Text-to-Speech

DİNLƏ






Şərh yaz