Xəbər verdiyimiz kimi, dünən Bakı Kommersiya Məhkəməsində "Dıqlas 2” MMC-nin (VÖEN - 2004774181) ölkənin aparıcı sığorta şirkətlərindən olan “Azsığorta” ASC-yə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə iclası keçirilib.
Millitv.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu gün “Azsığorta” ASC tərəfindən Bakı Kommersiya Məhkəməsində qarşılıqlı iddia qaldırılıb. İddia hakim Emin Əliyevin icraatına verilib.
“Azsığorta” ASC "Dıqlas 2” MMC ilə bərabər, bu MMC-nin qanuni təmsilçisi Rəhimov Arzu Nüsrət oğlu barəsində, həmçinin “Diqlas” və “Diqlas 1” MMC-lər barəsində də iddia qaldırıb.
Məlumat üçün bildirək ki, 2019-cu ildə paytaxtın Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində yanğın olub. Hazırda “Dıqlas 2” MMC-nin qanuni təmsilçisi olan Arzu Rəhimov ticarət mərkəzində baş verən yanğın zamanı özünü direktor müavini kimi təqdim edib. Arzu Rəhimov yanğın zamanı verdiyi açıqlamada qeyd edib ki, ticarət mərkəzinin 2 sahibi var və o Rasim adlı direktorun müavinidir.
O dövrdə ticarət mərkəzinin 2-ci sahibi barədə məlumat verilməmişdi.
Onu da qeyd edək ki, yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ünvanda - Qara Qarayev prospekti 81Q-də qeydiyyatda olan “Diqlas 1” MMC (VÖEN – 1601175991) adlı şirkətin rəhbəri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov olub. Hazırda həmin şirkətə Mahmudov Babək Səməd oğlu rəhbərlik edir.
Bundan başqa “Azsığorta” ASC-nin məhkəməyə verdiyi “Diqlas” MMC-nin qanuni təmsilçisi isə Məmmədov Rasim Əzim oğludur.
Xatırladaq ki, barəsində iddia qaldırılan Arzu Rəhimov eyni zamanda nizamnamə kapitalı 4 milyon 325 min manat olan “A.C.E. Dəri” MMC-nin (VÖEN -1400671231) qanuni təmsilçisidir. Bu şirkət əvvəllər fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə bağlı olan “Gilan Dəri” MMC adlandırılırdı.
Arzu Rəhimov ötən ilin dekabr ayında 500 min manat nizamnamə kapitalı ilə təsis olunan “Arfa Aqro” MMC-nin (VÖEN - 1505729691) də qanuni təmsilçisidir.
Onu da qeyd edək ki, “Azsığorta” ASC-nin səhmlərinin 100%-nin Hikmət Əbuzər oğlu İsmayılova məxsus olduğu bildirilir. Mətbuatda “Azsığorta” ASC-nin səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bu günə kimi təkzib olunmayıb.