“Az Tikinti Ko Ltd” MMC İran əsilli tanınmış iş adamı Mənuçehr Əhədpur Xangah və onun rəhbərlik etdiyi “Aztikintiyol” MMC barəsində məhkəmə iddiası qaldırıb.
Millitv.az yeniavaz.com-a istinadla xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi İlham Əhmədovun icraatına verilib.
Qeyd edilir ki, məhkəmə iddiasının hansı səbəbdən qaldırıldığı barədə məlumat verilməyib.
Məlumat üçün bildirək ki, iddia qaldıran şirkətin - “Az Tikinti Ko Ltd” MMC-nin də əvvəlki rəhbəri Mənuçehr Əhədpur olub.
Onu da bildirək ki, barəsində iddia qaldırılan “Aztikintiyol” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı “Yasamal rayonu, Haqverdiyev ev 21 ” ünvanında yerləşir.
Hazırda “Aztikintiyol” MMC-nin dövlət büdcəsinə (28.09.2022-ci il tarixinə) 263 min 955 manat 12 qəpik vergi borcu var.
Xəbəri rus dilində oxuyun: На Ахадпура снова подали в суд - Подробно
Daha əvvəl Mənuçehr Əhədpurun rəhbərlik etdiyi “Az Varvara” MMC vergi borcunu (hazırda 201 min 77 manat 16 qəpik) ödəmədiyi üçün İqtisadiyyat Nazirliyi məhkəməyə müraciət edərək Mənuçehr Əhədpurun Azərbaycandan çıxışına məhdudiyyət qoyulmasını istəyib.
Qeyd edək ki, Mənuçehr Əhədpur Xangah hazırda Yasamal rayon, Haqverdiyev ev 21 ünvanında yerləşən onlarla şirkətə rəhbərlik edir. Mənuçehr Əhədpur Xangahın adı uzun müddət mətbuatda fövqəlada hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan “Gilan” holdiqlə birgə çəkilib.
Onu da bildirək ki, Mənuçehr Əhədpur Xangah eyni zamanda peşəkar “poker” oyunçusu kimi də tanınır. Bugünə kimi çoxsaylı poker oyunlarında qalib olub.