Axtarış...

Füsünkar Zaqatalanın CƏHƏNNƏM ADASI - “Bizi burada qırırlar”

Füsünkar Zaqatalanın CƏHƏNNƏM ADASI - “Bizi burada qırırlar”


Zaqatalanın füsunkar təbiəti, flora və faunası haqda hər zaman xoş sözlər eşitmişik. Şəhərin abadlığı və səliqə-səhman elə bu gün də yerindədir. Lakin şəhərin yeni yaşayış massivinin sakinləri bir neçə müddətdir ki, ciddi problem yaşayır. Demək olar ki, sakinlərin yazmadığı, müraciət eləmədiyi ünvan qalmayıb.

Təəssüf ki, onların bu çağrışına, müraciətinə hələ də nə baxan var, nə də qarşısını alan. Söhbət yaşayış məntəqəsinin lap yaxınlığında yerləşən zibil poliqonundan, sakinlərin dili ilə desək “zibilxanadan” gedir. Əsasən də küləkli və isti havalarda ərazidə həyat CƏHƏNNƏMƏ çevrilir.

Məsələ ilə bağlı sakinlər Bizim.Media-ya danışıblar.

Üfunət iyindən əziyyət çəkirlər...

Ərazidə yaşayanlardan biri, 75 yaşlı Yaqub Arazov deyir ki, istər yaz, istərsə payız olsun üfunət iyindən əziyyət çəkirik:

“Gördüyünüz bu zibilliyi yandırmayanda iyi el-aləmi götürür, iydən dayanmaq olmur. Yanan vaxtı da gördüyünüz bu qəsəbə bütün tüstünün içində boğulur, göz gözü görmür. Yəni, kənardan gələnin kimliyini müəyyən edə bilmərsən. Hələ bir az sakitçilikdi. Ora yanıb külək əsəndə bütün massiv tüstünün içində olur, zibil qalıqları da ətrafa yayılır. Yandırmayanda da iyindən boğuluruq. Yandılrsaq bir dərd, yandırmasaq iki dərd”.

Sakinlərdən digəri isə əlavə edir ki, rayonda elə qurum olmasın o qapını döyməsinlər. Lakin bir nəticəsi yoxdur.

Hadisə yerinə yaxınlaşdıqca üfunət iyi nəfəs kəsir. Üç hektar ərazini əhatə edən bu zibilxananı yaşayış evlərindən cəmisi yüz metr məsafə ayırır. Burada yanğınlar baş verərkən tüstü yaşayış evləri istiqamətinə yönəlir və orada nəfəs almaq, hərəkət etmək olduqca çətinləşir. Bu da sakinlərin haqlı narazılığına səbəb olur.

Keçmiş hərbçi Valeh Rəfiyev təqaüdə çıxandan sonra Zaqatalada məskunlaşıb, ərazidən torpaq sahəsi alaraq ev tikib. Lakin sonradan ətrafdakı vəziyyəti görüb peşmanlıq içindədir.

Deyir ki, zibilxananın gətirdiyi problemlər şəkər xəstəliyini daha da artırıb:

“Burda zibillik yaradıblar, bura mal-heyvan gəlir. Gətirib zibili atırlar. Sonra da yandırırlar. Burada yeni qəsəbə salınıb. Bu vəziyyətin yerinə, buranı bağ-bağat eləmək, ətrafı yaşıllığa çevirmək olar”.

Söhbətin bu məqamında daha bir sakin yaxınlaşır. Anar Əsədovun sözlərinə görə, Zaqatala-Danaçı yolu üzərindən də zibilxanaya yol gedir.

Lakin rayon kommunal müəssisəsi kombinatının, eləcə də restoran və şadlıq evlərinin zibilləri yola tərəf töküldüyündən olduqca acınacaqlı vəziyyət yaranıb:

“Min nəfər sakindən biri mənəm və burada yaşayıram. Gördüyünüz kimi, burada olduqca acınacaqlı vəziyyət var. Artıq zibili, poliqon ərazisini görürsünüz harda qalıbdı. Poliqon ərazisindən ətrafa gətirib tökürlər. Üfunətdən oturmaq, gecə pəncərəni açmaq olmur. Münkün deyil. Yandırırlar buraları. Hətta evimizin içinə kimi ilan, əqrəb girir. Belə yaşaya bilmirik”.

Məsələ ilə əlaqədar rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasına, şəhər Bələdiyyəsi və Nümayəndəliyinə, eləcə də kommunal müəssisə rəhbərliyinə müraciət etdik.

Sözügedən bu sturukturların əməkdaşları onlara aid olmayan bir iş kimi yanaşdı. Nəhayətdə, Zaqatala kommunal müəssisəsi kombinatının baş mühəndisi Arif Kərimovla əlaqə saxladıq. O, hazırda orada vəziyyətin heç də ürəkaçan olmadığı etiraf edib:

“Burada vəziyyət gərgindir. Çünki tullantıların daşınması üçün başqa yerimiz yoxdur. Bura daşımalıyıq. Bacardığımız qədər biz zibilləri basıdırırıq. İndi sabah səhərə biz danışmışıq yenə traktor gəlməlidir. Traktorla bu sahəni təmizləyib orada basdıracağıq”.

Məsələyə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarəsi ilə də əlaqə saxladıq. Bildirildi ki, məsələ ilə bağlı müvafiq kombinat üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə ildə bir neçə dəfə cərimələnib.

Regional ekologiya idarəsindən onu da əlavə ediblər ki, problem müvafiq dövlət qurumlarının diqqətindədir və yaxın vaxtlarda həllini tapacaq. Faktı Zaqatala kommunal müəssisəsi kombinatının baş mühəndisi Arif Kərimov da təsdiqləyib.
Məsələnin həllini diqqətdə saxlayacağıq.

Bizim.Media
Füsünkar Zaqatalanın CƏHƏNNƏM ADASI - “Bizi burada qırırlar”
Füsünkar Zaqatalanın CƏHƏNNƏM ADASI - “Bizi burada qırırlar”
Füsünkar Zaqatalanın CƏHƏNNƏM ADASI - “Bizi burada qırırlar”
Füsünkar Zaqatalanın CƏHƏNNƏM ADASI - “Bizi burada qırırlar”
Füsünkar Zaqatalanın CƏHƏNNƏM ADASI - “Bizi burada qırırlar”
Füsünkar Zaqatalanın CƏHƏNNƏM ADASI - “Bizi burada qırırlar”
Füsünkar Zaqatalanın CƏHƏNNƏM ADASI - “Bizi burada qırırlar”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz