AAYDA-nın "Xaç atası" ƏFLATUN QASIMOVUN NOVXANIDA tikdirdiyi və tezliklə Saleh Məmmədova hədiyyə edəcək VİLLANIN açılışı olacaqdır
Yenixeber.org: Məlumatlı mənbənin verdiyi önəmli xəbərlərdən məlum olur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və onun vəziri rolunu oynayan qudası- Yolların Təmiri və İstismarı İdarəsinin rəisi, 68 yaşlı Əflatun Qasımov hazırda Binəqədi rayonun Novxanı qəsəbəsinin dənizə yaxın ərazisində inşa etdirdiyi 4 mərtbəli möhtəşəm villanı "Yollar şefi"nə hədiyyə etməyə hazırlaşır. Səbəbi də budur ki, Brejnev medallar aludəçisi olduğu kimi, S. Məmmədov da villa həvəskarıdır. Baxmayaraq ki, Azərbaycanın demək olar ki, bütün regionlarında onun imarətləri dillərdə dastandır. AAYDA sədri də elə bu qayğıya görə hətta özünə və digərlərinə aid olan bütün səlahiyyətlərin icrasını Əflatuna həvalə edib. Ona görə də, bu gün AAYDA-nın bütün işçi heyəti Ə. Qasımova "xaç atası" kimi baxır və məcburiyyətdən ona biət edirlər. Bu adam da fürsətdən və düşdüyü cəzasızlıq mühitindən geninə-boluna istifadə edərək pul qazanmaq üçün ağlına gələn hərəkətləri etməklə məşğuldur.
İndi keçək detallara:
Elə götürək son günlər fasillərlə yağan yağışı. Bakı yenə də həmişə olduğu kimi , leysansız yağan yağış sularına təslim oldu. Daha doğrusu, təslim etdirildi. Bu, ilk dəfə baş vermir. Şəhərə yarım saat yağış düşən kimi yollar, küçələr, həyətlər su altında qalır. Artıq problem o qədər adiləşib ki, paytaxt sakinləri vəziyyətə vərdiş ediblər. Amma yenə də, Bakının yollarını elə günə qoyublar ki, yağış da yağmasına peşiman olur.
Doğrudur, əvvəllər, bunun günahını şəhərin arxitekturasını pis günə salan sabiq mer Hacıbalada görürdülərsə, zaman keçdikcə məlum olur ki, günah tək onda deyilmiş, paytaxtın yol infrastrukturunu quranlar şəhəri bu günə qoyublar.
Məsələn, noyabrın 15-də və 16-da paytaxtın bir çox küçə və prospektlərində müşahidə edildi ki, yağış suları asfat yolun ortsına yığılır. Sanki, bu yolları peşəkar yol mütəxəssisləri deyil, hansısa dağın dərəsindən təzəcə enmiş çobanlar tərəfindən çəkilmşdir. Yəni, göz görəsi yolların yenidən qurulması və təmiri zamanı tələb edilən adi norma və qaydalar gözlənilmir, drenaj sistemləri, kolektorlar, suötürücü qurğular və digər texniki məsələlər başdansovudu icra edilir. Təzəliklə salınan təbii yox, süni asfalt yollarsa elə birinci yağışdan sonra pis günə düşür, gölməçələr peyda olur. Səbəbi də budur ki, dövlət büdcəsindən yollarımızın təmir və tikintisinə ayrılan külli-miqdarda vəsaitlərin demək olar ki, 80 %-i cənab Əflatun Qasımov və komandası tərəfindən mənimsənilir.
Məsələn, AAYDA-nın yolların təmiri və tikintisi zamanı yağış barmaqlıqlarını yol kənarlarında quraşdırmaq kimi şərtsiz bir öhdəliyi var. Bu barmaqlıqlar da yaxınlığında kanalizasiya, yaxud yağış kollektoru olan yollarda təşkil olunmalıdır. Nəticədə yayda gözəl görünən Bakımız bu vəziyyətdədir – hər yan tıxac, prospektləri və tunelləri su basıb, sanki XIX əsrdə yaşayırıq.
Göründüyü kimi, sədr Saleh rəhbərlik edir, quda – Əflatun Qasımov Yolların Təmiri və İstismarı İdarəsinin rəisi olaraq tapşırıqları lazımınca “həyata keçirir”Necə? Detalları bir az da xırdalyaq:
AAYDA-nın qadın işçiərinin verdiyi məlumatda bildirilir:
AAYDA-nın strukturuna daxil olan, yolların salınması, yenidən qurulması və təmiri işlərilə birbaşa 80-ə yaxın Yol İstismar İdarələri məşğul olurlar. Bu idarələrdən 30-nu çıxmaq şərtilə, qalan 50-si demək olar ki, borc bataqlığında batır. Ən çoxu da ucqar dağ rayonlarnda yeləşən Yol İstismar İdarələridir. Hətta bu idarələrdən bir çoxuna adi yanacaq almağa maliyyə ayrılmır. Qalan 30 idarə isə Əflatuna və cənab sədrə xüsusi yaxınlığı olan dost-tanış və qohum-əqrəbalardan təşkil edildiyinə görə sövdələşmələr bu idarələrlə aparılır, sifarişlərin hamısı onlar arasında bölünür. Sonda isə icra edilən bütün işlərin istismara qəbul aktları Əflatunun xidməti otağında yazılır, Fövqəladə Hallar Nazirliyinin aidiyyatı komissiyası isə hazır sənədi təsdiqləməklə işini bitmiş hesab edir.
Bəli, başdansovudu, keyfiyyətsiz icra olunmuş işlərə ayrılan külli-miqdarda dövlət vəsaitlərinin təyinat üzrə düzgün xərclənib xərclənməməsi məsələsi isə nə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidməti, nə də Hesablama Palatası tərəfindən yoxlanılmır. Yəni, xarici borclar hesabına dövlətin zəmanətilə aldığı milyardlarla vəsaitlərin AAYDA strukturlarında necə xərclənməsinə faktiki olaraq bu rəsmi qurumlar nəzarət edə bilmirlər. Bir sözlə, aidiyyatı dövlət qurumları sanki oyundankənar vəziyyətə salınmış hala düşürlər. Bəs görəsən AAYDA-nın ən çox sifariş icra edən 30 idarəsi əməkdaşları qazandığı qəpik-quruşu evinə apara bilirmi? Əsla yox. Çünki, Əflatun onların hamısını Sabirabadda, Saatlıda və Bakıda məskunlaşan yaxın-uzaq qohum-əqrəbalarının toy məclislərinə dəvət edir. Hünəri olan iştirak etməsin. Görüm o zaman gələn dəfə sifariş üzü görə bilərmi?. Beləcə, idarə müdirləri və AAYDA-nın aparat işçiləri həftə 8, mən 9 istirahət günlərini Əflatunun qohumlarının toy-nişan məclislərində keçirmək zorunda qalırlar.
Azərbaycan vətəndaşının istədiyi isə budur ki, bizim yollar da Avropadakı kimi keyfiyyətli və rahat olsun. Çünki bunun üçün dövlətimiz lazım olandan daha çox vəsait ayırır.
Bəs onda ayrılan milyonlar hara gedir?
Hara gedəcək?
Konkret olaraq qurumun sədri Saleh Məmmədov qudası Əflatunla birlikdə milyonları mənimsəyirlər. Məsələn, 2023-cü ilin qışı üçün guya 10000 ton duz alınıb anbarlara yığılması haqında kağızlarda qeydlər aparılıb. Amma faktiki olaraq bu qədər duzun haradan alındığını, kimin aldığını, harda yığıldığını bilən yoxdur. Regionlardakı anbarlarda isə faktiki olaraq heç 500 ton duz yoxdur. Bir sözlə, dövləti barmaqlarına sarıyıblar.
Əflatun Qasımov da keyfiyyətsiz, heç bir standarta uyğun gəlməyən sifariş verdiyi və özü də İSTİSMARA qəbul etdiyi avtomobil yollarını inşa etdirir. Və Allah qoymasa, qısa vaxtdan sonra yol çökür, Saleh də TƏMİR üçün dövlətdən milyonlar tələb edir. Məsələn, Bakı-Quba yoluna son 12 ildə 3-cü dəfədir ki, yenidənqurma üçün külli-miqdarda vəsait ayrılır və hazırda işlər davam edir. Hacıqabul-Ələt yolunun da son 13 ildə iki dəfə yenidən qurulmasına baxmayaraq, bu ildə yenidən 10 milyon manat cari təmirə pul ayrılmışdır. Şəki-Xaldan yolu 2 ildir ki, istifadəyə verilib. Amma yol boyu əsaslı təmirlər vüsət alıb. Bu yol istismarı tarixində vaxtından əvvəl əsaslı təmirə məruz qaldığına görə dünya rekordu sayıla bilər. Yəni, bu onun göstəricisidir ki, magistral yolun yenidən qurulması üçün dövlətin ayırdığı 80 milyon pul suya düşmüş hesab edilə bilər. 2015-ci ildə istifadəyə verilmiş Şəki-Qax yolu üzərindəki çoxsaylı körpülərin asfalt-beton qatı 1 qat olaraq qalıb. Halbuki, bu magistral yol da hələ şüşə qatsız üç qatdan ibarət olmalı idi. İndi bu iki qatdan ibarət yolun da əsaslı təmirə ehtiyacı vardır. Elə 2011-ci ildən istifadəyə verilmiş və 274 milyon manata tikilib başa gəlmiş 14 km-lik aeroport yolu da demək olar ki, yararsız vəziyyətə düşmüşdür. Bakı-Şamaxı yolu da 4 ildir ki, istifadəyə verilib. Hər üç km-dən bir təkrar-təkrar yamaq vurmaqdan asfalt qatının hündürlüyü 0.5 m-ə çatmışdır.( yolun 68-71-ci km-nə nəzər salmaq kifayətdir) Bu fakt sadəcə biyabırçılıqdır. Elə bu rüsvayçılıqları qabaqcadan görən AAYDA-nın "UZAQGÖRƏN" rəhbərliyi Sovetlər dönəmində qəbul edilmiş asfalt yollara hər 15-18 ildən bir aşınma qatının vurulması əsasnaməsini Nazirlər Kabinetində aidiyyatı şöbəsi ilə gizli sövdələşməsi nəticəsində bu normanın 5 illə əvəz edilməsi barədə əsassız QƏRAR qəbul etdirmişlər. Və bu "QƏRAR"ı əllərində bayraq tutaraq dövlətdən yolların hər 5 ildən bir təmir edilməsi üçün pul ayrılmasını tələb edirlər. Çünki, qanunvericiliyə və əsasnaməyə görə istismara verilmiş yolun 10-15 il davam etməsi üçün tələb olunan müddətdə qəsdən cari təmir edilmir ki, yol tez dağılsın. Yəni, AAYDA səlahiyyətliləri açıq aşkar iqtisadi təxribatla məşğuldurlar.
Müqayisə üçün qeyd edək ki, Cavid Qurbanovun "Azəravtoyol"a rəhbərliyi dövründə 10 il əvvəl inşa edilib istifadəyə verilmiş Ağsu-Yevlax magistral yolu necə var elə də durur. Deməli, C.Qurbanov xidməti işə Saleh-Əflatun komandasından daha insaflı və vicdanlı yanaşmışdır.
Mənbəmiz onu da xatırlatdı ki, AAYDA-nın sifarişləri əsasında bir çox işləri icra etmiş iki nəhəng və 8 orta səviyyəli şirkətlər pullarını hələ də ala bilmirlər. "Xaç atası" Əflatun Qasımov bu şirkətləri "Pul yoxdur, olanda verəcəyik" deyib dizin dizin süründürür. Və kimsə cürət edib nəinki Kommersiya Məhkəməsinə, sadəcə Nazirlər Kabinetinə belə şikayət edə bilmirlər.
Digər fakt ondan ibarətdir ki, AAYDA-nin sədr müavini, köməkçisi, müşaviri, məsləhətçiləri, istismar və maliyyə rəisləri, yerli və magistral yollar rəhbərləri, İdarə müdirlərindən ibarət qohumlardan təşkil olunmuş bu strukturda yazıq müəllimlər kimi hər il deyil, cəmi bir dəfə ATTESTASİYA keçirilsə, onların 10%-i tələb olunan 60 baldan 15-ni belə toplaya bilməz. Hamısı savadsızdırlar. Yol mütəxəssiləri isə qalıb kənarda. Yaxşı ki, DTX-nın maliyyə İdarəsi AAYDA-ya gəlib gözucu da olsa yoxlama aparmır. Aparsa...
Son vaxtlar cənab sədrin Əflatunun yanında ürək açıb " İşləməyə imkan vermirlər", "qoymurlar öz işlərimizi görək" kimi ifadələri çox mətləblərdən xəbər verir. Belə ki, azad edilmiş ərazilərdə yol infrastrukturunun vaxtından əvvəl icra edilməsi üçün 1-ci vitse-prezident tərəfindən verilən tapşırıqların icrası zamanı cənab sədr uzun illər büdcədən çırpışdırdığı milyonların bir hissəsini çatışmayan yerlərdə işlətmək zorunda qalıb. Bu da onunla heç cür barışa bilmir. Sanki babasından qalma vəsaitləri xərcləyirmiş...
Araşdırmalarımız davam edir.
Müstəqil araşdırmaçı, Xəyal Səmədov
Redaksiyadan: Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.