Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “Ədalət Həsənovla Hacı Mazanın gizli sövdələşməsi”, “Ramazan Zeynalov necə Hacı Mazana çevrildi?!” və “Hacı Mazanın polis oğlundan qeyri-adi hərəkət” başlıqlı məqalələr dərc etmişdik. Məqalələrdə Hacı Mazan və oğlu, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi polis polkovnik-leytenantı Bayram Zeynalovun qanunsuz əməllərindən bəhs etmişdik. Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov həm də ölkədə bəzi məsələlərdə monopolist kimidə ad çıxarıb. Bu gün onun “nömrə monopoliyasından” danışacağıq.
Buna misal olaraq 44-//-444 dövlət qeydiyyat nişanının onun ailə üzvlərindən başqa heç bir kəsə verilməməsi göstərilməkdədir. Bu hələ Ramazan Zeynalovun qardaşı Elxan Zeynalovun Lənkəran “MERO”sunda rəhbərlik dövründən təməli qoyulub. E.Zeynalovun rəbərliyi dövründə onun sağ əli olan Əli adlı MERO əməkdaşı tərəfindən bütün ailə üzvlərinin maraqlarını bu günə kimi də qorumaqla görəvləndirilib. Cənub bölgəsində avtomobillərə məxsus olan 44-//-444 dövlət qeydiyyat nişanlarının Zeynalov soyadını daşımayan şəxslərə verilməməsi adət halını alıb. Bu nömrələrə sahib olmaq üçün ya Zeynalovlarla yaxın qohum olmalı və ya mütləq Zeynalov olmaq lazımdır. R.Zeynalovun monopoliyasına daxil edilən avtomobil nömrələri hətta bu gün onun “Villəş” otelinin kuryerlik məqsədi ilə istifadə edilən avtomobillərində belə müşahidə edilir.
Bir neçə il bundan əvvəl Hacı Mazan tanınmış qonaqlarının avtomobilini saxladığı üçün YPX əməkdaşını təhqir edib, döymək üçün onun üzərinə hücum belə çəkmişdi. Hadisənin təfsilatları haqda qeyd edilirdi ki, adıçəkilən oteldə təşkil edilən əyləncəli proqramda iştirak etmək üçün rayona gələn müğənni Xatirə İslam və Aşıq Əlinin içərisində olduğu avtomobilə yol hərəkəti qaydalarını pozduğu üçün rayon yol-patrul xidmətinin Vasif Ələsgərov adlı əməkdaşı tərəfindən dayanmaq əmri verilibmiş. YPX əməkdaşı saxlanılan avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiklərini izah edərək, avtomobilin sənədlərini təqdim etməsini xahiş edib. Lakin maşında olan Aşıq Əli polisin qanuni tələbinə əməl etməyərək, YPX əməkdaşını hədələyib. YPX əməkdaşının israrla sənədləri istədiyini və tabesizlik göstərəcəkləri təqdirdə post-patrul xidmətinin əməkdaşlarının çağırılacağı ilə bağlı xəbərdarlıq etdiyini görən Aşıq Əli onları qonaq çağıran Hacı Mazana zəng edib. Hacı Mazan hadisə yerinə gələrək, onun qonaqları olan Xatirə İslam və Aşıq Əlinin avtomobilini saxladığı üçün yol-patrul xidmətinin əməkdaşı Vasif Ələsgərovu təhqir edib, döymək üçün üzərinə hücuma keçib. Yalnız digər polis əməkdaşlarının köməyi sayəsində V.Ələsgərov döyülməkdən qurtulub. Hacı Mazan YPX əməkdaşına qəzəblənərək, onu xidmətdən uzaqlaşdıracağı ilə hədələyib. Bu hadisənin özü cəzasızlıqdan ruhlanan və pulun gücünə hər şey edə biləcəyini düşünən R.Zeynalovun iddialı biri olduğunu sübut edir. Ümidvarıq ki, qanunun şah olduğu ölkəmizdə tezliklə belə hərəkətlərə yol verən şəxslər olmayacaqdır.
Araşdırmalarımız davam etdiyindən yazıda adları qeyd edilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. //aktualxeber.az//