"Yeni Musavat"dan verilən məlumata görə İsrailin rəsmi nümayəndə heyəti İrəvandakı saxta “Erməni Soyqırımı Muzey-İnstitutu”nda olub. Bu haqda erməni mediası xəbər yayıb. Bildirilir ki, “muzeyi” İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun müavini, Avrasiya və Qərbi Balkanlar departamentinin rəhbəri Simon Helper, XİN-in Mərkəzi Asiya və Qafqaz departamentinin direktoru Mixal Herşkovitz, habelə İsrailin Ermənistandakı səfiri Yoel Lion və İsrailin Ermənistandakı fəxri konsulu Aşot Şaxmuradyan ziyarət ediblər.“İsraildən gələn qonaqlar 20-ci əsrin ilk soyqırımına (?! -red.) şahidlik edən sənədlərlə, daimi və müvəqqəti sərgilərlə tanış olublar”, - deyə məlumatda vurğulanır. Strateji müttəfiqimiz İsrailin bu hərəkətini ilin-günün bu vaxtında necə başa düşək? Özü də elə bir vaxtda ki, Türkiyə-İsrail münasibətləri tam həcmdə bərpa olunmaq üzrədir və Azərbaycan İsraildə səfirlik açmağa hazırlaşır. Bu təxribatçı hərəkət hansı zərurətdən doğub?Çox maraqlıdır, İsrail dövlətinin Bakıdakı səfirliyi Azərbaycan xalqını Zəfər Günü, Bayraq Günü münasibətilə təbrik edir, İrəvandakı diplomatik elçi isə Azərbaycan və Türkiyəyə qarşı demarşa qalxır. Belə “ikili standart”ın arxasındakı hədəf nədir?Xatırladaq ki, Ermənistan illərdir yəhudi dövləti ilə Azərbaycanın, Türkiyənin arasını vurmağa, saxta “soyqırım”ı iddiasını Knessetdə təsdiqlətməyə çalışır. İranın dostu Ermənistanın Təl-Əvivdə iki ildən çoxdur səfirliyi də var.
Ceyhun Məmmədov: “İsrail rəsmiləri Azərbaycanın və Türkiyənin yanaşmasını mütləq nəzərə almalıdırlar”Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a dedi ki, ilk olaraq bu məlumatlar dəqiqləşdirilməlidir: “Çünki biz hər zaman Ermənistanın fərqli məlumatları saxtalaşdırdığının şahidi oluruq. Öncə bu məlumatların səhihliyi dəqiqləşdirilməlidir, sonra nəzərdən keçirilə bilər. Bu çox önəmli və vacib məsələdir. Əgər belə hal baş veribsə, həm Azərbaycan, həm də Türkiyə tərəfindən birmənalı qarşılanmır. Çünki bizim İsraillə strateji müttəfiqliyimiz var. Eyni zamanda, Türkiyə ilə İsrail də münasibətlərini bərpa ediblər. Ona görə hesab edirəm ki, bu kimi məsələlərdə bütün tərəflər diqqətli olmalıdırlar. Çünki biz İsrailə hər zaman önəm vermişik. Münasibətlərin normallaşmasının tərəfdarı olmuşuq. İsrail rəsmiləri də Ermənistana səfərləri zamanı bunu nəzərə almalıdırlar. Ermənistan çalışır ki, Azərbaycanın Türkiyə və İsrail münasibətlərini pozsun. Ona görə də bu məlumat rəsmi olaraq təsdiqlənərsə, o zaman biz məsələ ilə bağlı mövqeyimizi bildirməliyik. Və İsrail rəsmiləri də bu məsələlərdə Azərbaycanın və Türkiyənin yanaşmasını mütləq nəzərə almalıdırlar”.
Tural İsmayılov: “İsrail nümayəndə heyətinin səfəri Azərbaycan-İsrail münasibətlərinin ruhuna ziddir”Politoloq Tural İsmayılov da mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı. Qeyd etdi ki, bu gün İsrail-Azərbaycan münasibətləri üstün mövqelər qazanıb: “Azərbaycanın İsraillə strateji münasibətlərinin inkişaf etdirməsi başda İran və Ermənistan olmaqla bir çox dövlətləri ciddi formada narahat edir. Həmçinin bu gün İran İsrail-Azərbaycan münasibətlərinin dərinləşməsi faktorunun öz narahatlığını hər bir formada göstərir. Eyni zamanda, Ermənistan da uzun illərdir ki, İsrail əleyhinə ciddi fəaliyyət göstərir. Hətta ABŞ, Fransa, ümumiyyətlə, Qərbdəki erməni diaspora təşkilatlarını, yəhudi lobbisini nüfuzdan salmaq üçün atdığı addımlar göz önündədir. Belə olan təqdirdə İsrail nümayəndə heyətinin səfəri ciddi şəkildə Azərbaycan-İsrail münasibətlərinin ruhuna ziddir. Həmçinin İsrailin ali rəhbərliyi hazırda Türkiyə ilə münasibətləri normallaşdırmağa prioritet vəzifələrdən biri elan edib. Türkiyə-İsrail münasibətlərinin normallaşması yönündə İsrailin müdafiə nazirinin, Baş nazirinin ortada addımları var. Bu səpkidə olan əlaqələr fonunda İsrail nümayəndə heyətinin Ermənistana səfərini mən doğru olmadığını və münasibətlərin ruhuna zidd olduğunu düşünürəm. Təəssüflər olsun ki, bəzən İsrail siyasi fikrində belə özbaşınalıqlar olur. Yəqin ki, yaxın zamanlarda İsrailin rəsmi rəhbərliyi bu səfərə görə kəskin addımlar atacaq. Hesab edirəm ki, bu dövlət rəhbərliyi ilə tam olaraq razılaşmamış gerçəkləşən səfərdir. Özü də Ermənistanın İsrail əleyhinə addımlarını gücləndirdiyi bir dövrdə bu tip addımları atmaq həm geostrateji maraqlar kontekstindən, həm də ümumiyyətlə siyasi münasibətlərin gələcəyi baxımından o qədər də adekvat addım hesab edilməməlidir. Bu İsrail hakimiyyəti daxilindəki ayrı-seçkiliyin, eyni zamanda müəyyən ayırılıqların göstəricilərindən biridir. Azərbaycan və Türkiyənin buna münasibəti kifayət qədər sərtdir. Yəqin ki, diplomatik kanallar vasitəsilə artıq İsrailə etiraz da edilib. Biz yaxın zamanlarda bu səfərlə bağlı İsraildən daha kəskin və tənqidi reaksiyanın şahidi ola biləcəyik.
Millitv.az