İsraillə Azərbaycan arasında çox yaxın münasibətlər var. Hərbi əməkdaşlıqdan tutmuş ticari münasibətlərə qədər bir çox tellərlə bağlanan iki ölkəni bir-birinə bu qədər yaxınlaşdıran hansı amillər olmuşdur?
Ovqat.com xəbər verir ki, İsrailin “Aurora” nəşri “Qafqazda İsrail-Azərbaycan tərəfdaşlığı” sərlövhəli yazısında bu suala aydınlıq gətirməyə çalışıb.
Məqalədə deyilir:
Ermənistanla Azərbaycan arasında son dövrlərdə yaşananlar bu bölgədə əsas oyunçulardan birinin də İsrail olduğunu göstərir. O, coğrafi baxımdan bu regiondan uzaqda yerləşsə də, Bakı ilə Yerusəlim arasında strateji əlaqələr mövcuddur. Rusiya, İran və Türkiyə kimi dövlətlərin ciddi maraq və hədəflərinin olduğu bölgədə İsrailin buna necə nail olduğu maraqlıdır. Çünki sözügedən ölkələr təbii olaraq bölgədə rəqib istəmir.
Bu ilin iyulunda Ermənistan-Azərbaycan sərhədində şiddətli döyüşlər baş verib. Çox sayda insan təlafatı ilə nəticələnmiş qarşıdurma tərəflər arasında 2016-cı ildə baş vermiş “dördgünlük müharibə”dən sonra ən ciddi döyüş olub. Bir sözlə, bölgədə gərginlik yenidən artıb.
Bu məqalədə Cənubi Qafqazda öz maraqları olan İsrailin bölgədəki roluna diqqət çəkəcəyik.
İsrail Ermənistanla Azərbaycan arasında davam edən Dağlıq Qarabağ (rəsmi olaraq Azərbaycan ərazisidir) münaqişəsində birbaşa iştirakçı deyil. Üstəlik, onun hər iki tərəflə yaxşı münasibəti var (yeri gəlmişkən, Ermənistan bu yaxınlarda İsrailə ilk səfirini göndərib). Məhz bu üzdən Yerusəlim bu günədək Qarabağ münaqişəsindən kənar durmağa çalışıb ki, bu da məntiqlidir. İsrail Xarici İşlər Nazirliyi son toqquşmalarla bağlı açıqlamasında da yaşananlardan narahatlığını ifadə etməklə kifayətlənib. Nazirlik bildirib ki, İsrail tərəflər arasında atəşkəsin mümkün qədər tez bərqərar olmasını arzulayır.
Bütün bunlarla yanaşı, İsrailin Cənubi Qafqazda həyati əhəmiyyətli strateji maraqları var. Onunla Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 1993-cü ildə isə İsrail Bakıda səfirliyini açıb. O vaxtdan Bakı-Yerusəlim əlaqələri davamlı olaraq genişlənir və dərinləşir. Tərəflər arasındakı ikitərəfli münasibətlər bir sıra geostrateji amillərə əsaslanır.
Dağlıq Qarabağa nəzarəti bərpa etməyə çalışan Azərbaycan İsraildən müdafiə texnologiyaları ixrac edən əsas ölkələrdəndir. İsrailin hərbçiləri zaman-zaman Azərbaycanın xüsusi təyinatlılarına təlim keçir. Bakının hava limanı üçün təhlükəsizlik sistemini də israillilər qurub. Bundan başqa, Bakı Sovet dövründən qalmış hərbi texnikalarını həm də İsrailin hesabına təkmilləşdirib.
Bir sözlə, iki ölkə arasında əlaqələrin miqyası çox genişdir. Hələ 2012-ci ildə məlumat yayılmışdı ki, Azərbaycan İsrailin “Aerospace Industries” şirkətinin istehsalı olan silahların alınmasına 1,6 milyard dollar xərcləyib. 2016-cı ildə isə İsrailin baş naziri Binyamin Netanyahu Azərbaycanın ölkəsindən 5 milyard dollarlıq silah-sursat (pilotsuz uçuş aparatları və peyk sistemləri) aldığını bildirmişdi. Bu da son deyil. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2017-ci ildə yaydığı məlumatda bildirilirdi ki, Bakı İsraildən 127 milyon dollarlıq hərbi texnologiya alıb.
Ermənistanla Azərbaycan arasında iyulda baş vermiş toqquşmalardan sonra erməni tərəfi vurduğu bir PUA-nı nümayiş etdirərək, onun İsrail istehsalı olduğunu iddia edib. Doğrudur, mətbuata bu haqda geniş məlumat verilməyib. Lakin İsrailin “Aeronautics Defence Systems” şirkətinin müxtəlif növ PUA-lar istehsal etdiyi, onların arasında kəşfiyyat və hücum PUA-larının da olduğu bəllidir.
O da məlumdur ki, İsrail Bakıya Ermənistanın, hətta Rusiyanın sahib olmadığı yüksək texnologiyaların ixracında maraqlıdır. Lakin uzunmüddətli geosiyasi münasibətlərin qurulması tək bununla bağlı deyil. Azərbaycanla İsrailin başqa məsələlərdə də ortaq maraqları var.
Azərbaycanın cənubunda yerləşən İran İsrailin əzəli düşmənidir. Bakı-Tehran münasibətlərində də zaman-zaman ziddiyyətlər olur. Doğrudur, onların arasında diplomatik əlaqələr, geniş ikitərəfli iqtisadi münasibətlər də var. Üstəlik, Bakı İrana qarşı mümkün hərbi əməliyyatların başlaya biləcəyindən hər zaman narahatlığını ifadə edib. Azərbaycanda hesab edirlər ki, bu, Bakının Cənubi Qafqaz və Xəzər regionundakı maraqlarına uyğun deyil.
Tehran isə ölkədə yaşayan etnik azərbaycanlıların siyasi istəklərindən narahatdır. İranda bəziləri düşünür ki, hansısa mərhələdə onlar “Böyük Azərbaycan” ideyası ilə çıxış edə bilərlər. Doğrudur, bu, sadəcə fərziyyədir. Lakin məhz bu amil tərəflər arasında müəyyən inamsızlıq yaradır.
Bir müddət əvvəl İrandan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna yük maşınlarının getdiyinə dair iddialar da var idi. Nəticədə Azərbaycan tərəfi İranın Bakıdakı diplomatlarından bununla bağlı izahat istəmişdi.
Başqa sözlə, Azərbaycan-İsrail münasibətləri həm də bütün bunların fonunda inkişaf edir. Bəzi məlumatlara görə, 1990-cı illərdə Azərbaycanın İranla sərhəddə elektron məlumat toplama stansiyası tikməsinə israillilər kömək edib.
İsraillə Azərbaycan terrorçuluqla mübarizə sahəsində də əməkdaşlıq edir.
Bütün bunlarla yanaşı, Bakı-Yerusəlim yaxınlığı ABŞ-ın bölgəki maraqlarına da cavab verir. Vaşinqton hələ 1990-cı illərin əvvəllərində Türkiyə, Azərbaycan və İsraillə üçtərəfli münasibətlərin inkişafına çalışırdı. Daha sonra buraya Gürcüstan da əlavə olunmuşdu. Lakin 2008-ci ildə Rusiyanın Gürcüstanı işğal etməsi, daha sonra isə İsrail-Türkiyə münasibətlərinin korlanması sanki bu işi yarımçıq qoydu.
Bu gün Azərbaycan-İsrail münasibətləri regional təhlükəsizlik baxımından vacib hesab olunur. İsrailin neftə olan təlabatının 40%-i Azərbaycanın hesabına ödənir və Azərbaycan nefti İsrailə Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə çatdırılır.
Amma ikitərəfli münasibətlərdə zəif cəhətlər də var. Odur ki, zaman-zaman Rusiya və İranın geosiyasi təzyiqlərinə məruz qalan, Ermənistanla müharibə şəraitində olan Bakı İsraillə münasibətləri diqqətdə saxlamalıdır.
Emil Avdaliani