Axtarış...

“Nə vaxta qədər qohum-qonşu evində gecələyəcəm?” - GİLEY

“Nə vaxta qədər qohum-qonşu evində gecələyəcəm?” - GİLEY


“Yaşadığım ev neçə illərdir təmir edilmədiyindən qəzalı vəziyyətə düşüb. Həyat yoldaşım vəfat edib, kimsəsizəm. Evim elə vəziyyətdədir ki, bir gün başıma uçacağından qorxuram”.

Millitv.az xəbər verir ki, bunu Meydan TV-yə İsmayıllı rayon, Mollaisaqlı kənd sakini, 67 yaşlı İzafət Qorxmaz qızı Bağıyeva bildirib.

Evin tavanı çöküb, döşəmənin taxtası çürüyüb, divarlarda dərin çatlar yaranıb. Yağan yağış, qar evin təkcə tavandan deyil, divarda açılan dəliklərdən içərisinə dolur. İzafət Bağıyeva deyir ki, dəfələrlə evinə ilanlar, zəhərli həşəratlar girib. Bəzən günlərlə qorxusundan qonşularda gecələməyə məcbur qalıb:

“Təbii fəlakətlərdən sonra çatlar yaranmışdı. Amma imkanım olmadığından təmir etdirə bilmədim. Sonradan daha da bərbad vəziyyətə düşdü. Yağış yağanda hər yana qablar düzürəm, elə vaxt olur ki, su basır evimə girə bilmirəm. Nə vaxta qədər qohum-qonşu evində gecələyəcəm? Utanıram”.

Şikayətçi söyləyib ki, üç qız övladı var, ancaq onların da imkanı yoxdur.

“Olduqca bədbəxt anayam, bunu qonşularım da bilir. Dəfələrlə İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Hətta icra başçısı Nahid Bağırovun da qəbulunda olmuşam. Məsələ ilə əlaqədar ötən il Arxitektura və Memarlıq şöbəsindən gələrək video çəkilişlə evə baxış keçirdilər. Bunun da heç bir nəticəsi olmadı. Daha sonra Mehriban Əliyevaya da yazılı ərizə ünvanladım. Mehriban xanımdan gələn müəyyən göstəriş də İsmayıllı Rayon İcra Hakimiyyətində icra olunmadı. Olduqca çarəsiz durumdayam”,- Bağıyeva qeyd edib.

Şəkərli diabet, o cümlədən yüksək qan təzyiqindən əziyyət çəkdiyini deyən şikayətçi təqaüdünün yalnız gündəlik çörək puluna və dərmanlarına bəs etdiyini deyib.

Kənd icra nümayəndəsi Həşim Həşimov Meydan TV-yə bildirib ki, İzafət Bağıyevanın evinə baxış keçirilib.

Məlum olub ki, ev fiziki aşınmaya məruz qalıb. Bununla bağlı ona rəsmi cavab da göndərilib.

“Bizim kənd sürüşmə ərazisi deyil, zəlzələ də baş verməyib. Ev fiziki aşınmaya məruz qalıb. İcra nümayəndəliyinin isə təmir üçün vəsaiti yoxdur”,- Həşim Həşimov deyib. Bildirib ki, Bağıyevanın üç qız övladı və 2 oğulluğu var.

İsmayıllı Rayon İcra Hakimiyyətindən isə sualları cavablandırmaq istəməyiblər. Qurumdan deyiblər ki, sualı yalnız memar cavablandıra bilər. Lakin müvafiq şöbədən telefonlara cavab verilməyib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz