Hacıqabul rayonunun ən böyük qəsəbələrindən olan Muğan sosial problemlərin məngənəsində boğulur. Qəsəbə ucqar bir ərazidə deyil, Bakı-Qazax magistral yolunun düz kənarında yerləşir.
Millitv.az azinform.az-a istinadən xəbər verir ki, qəsəbənin şəhid adını daşıyan məktəbi olduqca acınacaqlı vəziyyətdədir. Bununla yanaşı, qəsəbənin icməli su problemi də var. İş o yerə çatıb ki, qəsəbə sakinləri icməli suyu pulla alır. Maraqlıdır ki, Kür çayından Bakıya çəkilən magistral su kəməri düz qəsəbənin yanından keçir.
Zamanında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəsəbəyə su çəkilib. Bunun üstündən xeyli müddət keçdiyi üçün, borular öz istismar müddətini başa vurub. Bu da qəsəbəyə ayrılan su kvotasının çoxunun itkiyə getməsilə nəticələnir. Eyni zamanda, qəsəbənin su problemini əsasını kəmərə müəyyən imtiyazlı və imkanlı şəxslərin qanunsuz müdaxiləsi təşkil edir.
Təəssüflər olsun ki, bu işə məsul olan əlaqədar qurumlar sadalanan neqativliklərin aradan qaldırılması istiqamətində heç bir tədbir görmür. Azinforum.az Muğan qəsəbə sakinlərinin bu yöndə olan şikayətlərini olduğu kimi təqdim edir. Ümidvarıq ki, səslənən fikirlərə “Azərsu” rəsmiləri də öz mövqelərini bildirəcəklər.