Çox təəssüflər olsun ki, bu gün bütün dünyada yayılmaqda davam edən koronavirus infeksiyası ölkəmizdən də yan keçməyib. Ən qorxulusu isə odur ki, əksər vətəndaşlarımız virusun törədəcəyi fəsadlarını hələ də qəbul etmək istəmir. Bəs görəsən Ələt qəsəbəsində Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərarlara necə riayət olunur?
DİN və DQ-ın əməkdaşları qəsəbənin ayrı-ayrı küçələrində əhali ilə söhbətlər aparır, yaşlı insanlara, birlikdə toplaşaraq gəzən gənclərə və digər sakinlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələrinin vacibliyini bildirirlər. Yalnız zəruri ehtiyac yaranarsa, qoruyucu vasitələrdən istifadə edərək qısa vaxt ərzində işlərinin görülməsi tövsiyə olunur. Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əməl edərək 10 nəfərdən artıq qruplarda cəmləşməmələri, 2 metr məsafənin gözlənilməsi, 65 yaşdan yuxarı olanların evdən çıxmasının qadağan olunduğu bir daha çatdırılır.
Həmçinin də xatırladaq ki, Ələt qəsəbəsi coğrafi baxımdan çox əlverişli bir yerdir. Həm Qərb, həm Cənub istiqamətinə buradan açılan yollar, o cümlədən avtomobil, dəmir yolları, Beynəlxalq Dəniz Ticarət Liman Kompleksi də Ələt qəsəbəsində yerləşir. Liman Avropa və Asiya bazarlarına xidmət göstərir. Əlbəttəki Ələt Limanına Avropa və Asiyadan yüklərlə bərabər xarici vətəndaşlarda gəlirlər. Gələn vətəndaşların biri virus daşıyıcısı olarsa bəs edir ki, bütün qəsəbəyə virus yayılsın. Liman işçilərinin az qismi Ələt qəsəbəsi sakinlərinin olması təhlükəni daha da dərinləşdirir.
Qəsəbə sakinləri bu nahatçılıqdan Cənab Prezidentə müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur:
Möhtərəm Cənab Prezident!
Çox təəssüflər olsun ki, dünyada yayılan bu virus ölkəmizdən də yan keçməyib. Ölkəmizin aqibəti İtaliyada, İspaniyada, Çində, İranda olduğu kimi olmaması üçün hər bir vətəndaş sizin göstərişlərinizə tabe olmalı və öz vətəndaş borcunu yerinə yetirməlidir. Ələt qəsəbəsi sakinləri verdiyiniz hər bir tapşırığınıza tabe olur və zəruriyyət yaranmadıqda evdən çölə çıxmırlar. Ancaq elə məqamlar var ki, bu yalnız sizin tapşırığınız ilə icra olunmalıdır. Onlardan biridə Beynəlxalq Dəniz Ticarət Liman Kompleksinə xarici vətəndaşların gəlməsidir. O vətəndaşların birində virus olarsa bəs edər ki, qəsəbənin əksəriyyəti virusa yoluxsun. Ona görə də sizdən xahiş edirik ki, Beynəlxalq Dəniz Ticarət Liman Kompleksidə xüsusi qabaqlayıcı tədbirlərin görülməsi haqqında tapşırıq verəsiniz.
Hörmətlə Ələt qəsəbəsi sakinləri.