“Uşaq olmuşuq, bizi pay torpağı siyahısına salmayıblar. Böyümüşük, məhkəmələrdə, dövlət idarələrinin yollarında qalmışıq, haqqımızı tələb edirik, ancaq bu haqqımızı bizə verən yoxdur”.
Xaçmaz sakini Mais Məmmədov İkinci Qarabağ Müharibəsi veteranıdır. Deyir, uzun illərdir ki, özü və bacısı Günay İsrafilova haqları olan pay torpağına görə məhkəmə yollarında qalıb. Onun sözlərinə görə, 2002-ci ilədək rayonun Qalağan inzibati ərazinə aid olan Ərəb kəndində qeydiyyatda olub.
“1000 manat vermədim, hakim mənsiz qərar çıxartdı”
Torpaq islahatları aparılan zaman Mais Məmmədovun və bacısı Günay İsrafilovanın payına düşən torpaq sahəsi ailəyə ayrılmayıb. Uzun illərdir ki, bacı-qardaş bu haqlarını əldə etmək üçün məhkəmələrə müraciət edirlər:
“Uşaq olmuşuq, nə mənim, də nə bacımın adı pay torpağı siyahısına alınıb. Məhkəməyə verdim, iddiam təmin olunmadı, hakim açıq şəkildə bildirdi ki, qərar çıxarsaq, bizə töhmət gələcək. Çünki sonra başqaları da belə bir qərarın olduğunu bilib məhkəmələrə üz tutacaq. Mən də onlara başqa bir qərar aparıb göstərdim, dedim, 2018-ci ildə bu məhkəmənin başqa bir hakimi başqa bir vətəndaşın eyni iddiasını təmin edib. Hakim buna da məhəl qoymadı. Sonradan hakim xəbər göndərdi ki, 1000 manat gətirsin, həll edək. Pul verə bilmədiyimə görəmənim iştitrakım olmadan qərar çıxarıldı. Mən məhkəməyə çatanda dedilər ki, artıq qərar çıxıb, iddian təmin olunmayıb”.
“Məktəb direktorunu hədələmişdilər ki…”
Mais Məmmədov və bacısı məhkəmələrlə yanaşı dövlət qurumlarına da müraciət ediblər, ancaq məsələ həllini tapmayıb:
“Mənim və bacımın 1996-2000-ci illər ərzində Qalağan inzibati ərazisinə aid olan Ərəb kəndində qeydiyyatda olmağımıza dair, Milli Arxiv İdarəsinin, təhsil aldığımız Qalağan kənd orta məktəbinin arayışları var. Bütün bunlara baxmayaraq haqqımız olan pay toprpaqlarımızı bizə ayırmırlar. Halbuki, bizimlə yaşıd olan həmkəndlilərimizin bu haqqı tanınıb. Hətta o vaxt bələdiyyədən gedib məktəb direktorunu hədələmişdilər ki, sən niyə bunlara arayış vermisən”.
“Torpaq ayrılması mümkün deyil”
Xaçmaz Rayon İcra Hakimiyyətindən bildirilib ki, Mais Məmmədov və bacısı Günay İsrafilova quruma da müraciət edib. Onlar həqiqətən də 2002-ci ilədək Ərəb kəndində qeydiyyatda olublar. İslahat Komissiyasının ləğv edilməsindən uzun müddət keçdiyi üçün indi onlara pay torpağının ayrılması mümkün deyil. Ancaq Mais Məmmədovun müraciəti və ailə durumu nəzərə alınaraq ona kənd ərazisindən icarəyə torpaq təklif edilib, vətəndaş imtina edib.