Axtarış...

Ödənilən yüz minlərlə pul və səkkiz ildir tikintisi bitməyən bina: “Beş milyonu versinlər…” - GİLEY

Ödənilən yüz minlərlə pul və səkkiz ildir tikintisi bitməyən bina: “Beş milyonu versinlər…” - GİLEY


Ağ Şəhərdə yerləşən “Era Tower” binasının sakinləri səkkiz ildir ki, mənzillərinə köçə bilmirlər.

Bu barədə bina sakinlərinin Oxu.Az-a ünvanladıqları şikayətdə deyilir. Onların sözlərinə görə, 2014-cü ildə inşasına başlanılan 22 mərtəbəli “Era Tower” binasının tikintisi hələ də bitməyib. Səbəb isə bina üçün ayrılan vəsaitin rəhbərlik tərəfindən mənimsənilməsi olub.

Sakinlər bildirirlər ki, hazır olmayan 80 mənzilin 60-ı satılıb və onların 90 faizinin ödənişi tam həyata keçirilib. Ağ Şəhəri güvənli hesab etdikləri üçün oradan ev almaq qərarına gələn şəxslər bu addımı atarkən illərlə evsiz qalacaqlarını düşünməyiblər. “Era Tower” şirkəti güvən qazanmaq üçün hətta onlara kart da verib. Həmin kartların evin ikinci bir şəxsə satılmaması üçün verildiyi deyilib.

Şikayətçilər ərazidə “Era Tower”dən sonra tikintisinə başlanılan binaların artıq sakinlərə təhvil verildiyini vurğulayıblar:

“Dəfələrlə müraciət etməyimizə baxmayaraq, şirkət rəhbərliyi bizimlə görüşmür, dərdimizi dinləmir. O, sakinlərlə binanın tikintisini həyata keçirən “MACAZ Construction” MMC-nin direktoru Rəşad İsmayılov vasitəsilə danışır. Rəşad isə hər dəfə bir həftə sonra tikintinin başlayacağını bildirir. Binada hazırda heç bir iş getmir”.

Qeyd olunur ki, şirkət rəhbərliyi sakinlərə: “Problemi necə istəyirsiniz, elə həll edin”, - deyərək onlarla görüşməyəcəyini bildirib. Problemlə bağlı vətəndaşlar müxtəlif instansiyalara müraciət etsələr də, iş həllini tapmayıb:

“Bina sahibləri onu tikmək üçün pullarının olmadığını söyləyirlər, bəzən isə yalandan cəmi bir həftəyə başlayacaqlarını deyirlər. Bu artıq illərdir ki, belədir, “hər həftə başlayırlar”. Binanın inşası 2019-cu ilin fevral ayından tam dayanıb”.

Sakinlər çıxış yolu tapmaq üçün Bakı Ağ Şəhərin baş ofisinə yaxınlaşaraq rəhbərliklə də görüşüblər:

“Oradan bizə “Era Tower”in onlara beş milyon manat borcu olduğunu və buna görə də binanın tikintisinin dayandırıldığını bildirdilər. Biz şirkət rəhbərliyinin bizə qarşı dələduzluqlarına görə həbs olunmasını istəyirik”.

“MACAZ Construction” MMC-nin direktoru Rəşad İsmayılov isə Oxu.Az-a açıqlamasında maliyyə probleminin həll olunduğunu, gələn həftə Ağ Şəhərə ödəniş edəcəklərini vurğulayıb:

“Binanın inşasına gələn həftədən başlanılacaq. Ağ Şəhərlə bağlı maliyyə problemləri vardı, məsələ artıq öz həllini tapıb. Gələn həftə ödəniş qrafiklərini müəyyənləşdirib tikintiyə başlayacağıq. Təxminən altı-səkkiz ay ərzində də binanı təhvil verəcəyik. İşin səkkiz il yubanma səbəbi maliyyə çətinlikləri ilə əlaqəli idi. Pandemiya oldu, digər problemlər ortaya çıxdı. Amma son bir həftədir, Ağ Şəhər rəhbərliyi ilə müzakirələr aparırıq, müəyyən sənədləşmələr həyata keçiririk, onları bitirdikdən sonra müqavilə bağlanılacaq. Bizim tikintini aparmaq üçün heç bir problemimiz yoxdur, bütün materiallarımız hazırdır”.(Oxu.Az)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz