Axtarış...

“Deyirlər ki, sizə “müharibə iştirakçısı” adı düşmür” - ETİRAZ

“Deyirlər ki, sizə “müharibə iştirakçısı” adı düşmür” - ETİRAZ


44 günlük İkinci Qarabağ müharibəsi zamanı səfərbərliklə hərbi hissələrə cəlb edilmiş və 50 gündən artıq xidmət etdiyini deyən şəxslər sentyabrın 12-də Azərbaycan Müdafiə Nazirliyinin binası qarşısında etiraz ediblər.

Aksiya iştirakçıları səbəb kimi onlara “müharibə iştirakçısı” statusunun verilməməsini göstəriblər.

Cəlilabaddan gələn Nazim Quliyev bildirib ki, dəfələrlə aidiyyatı qurumlara müraciət edib, lakin normal cavab ala bilməyib.

Ən son yazdığı məktuba isə belə cavab verilib: “Siz tamamlama əsgəri olmusunuz, sizə müharibə iştirakçısı adı düşmür”.

Amma Nazim Quliyev bununla razı deyil. Deyir ki, əvvəla qarda, palçıqda, soyuqda, yağışın altında xidmət edib.

İkincisi isə səfərbərliklə orduya çağırılıb və döyüş əmri ilə hərbi xidmətə yollanıb:

“Mən ölümə, vətənimi qorumağa getmişdim. Yəni ehtiyac olmayıb, döyüşməmişəm. Bu, o demək deyil ki, həmin vaxt vətənimə xidmət göstərməmişəm”.

Şikayətçi bildirir ki, istənilən xəstəxanadan gəlib onu yoxlaya bilərlər. O zaman bilinəcək ki, o, qazidir:

“Çətin şəraitdə xidmət etmişəm, canım çıxıb. Vətənə canım da qurbandır, sadəcə, artıq utanıram. Rayonda çölə çıxa bilmirəm, hamı soruşur ki, bəs o qədər xidmət etdin, veteranlıq vermədilər? Utandığımdan cavab verə bilmirəm. Bir hərbi hissəsə 500 nəfər var idisə, onun yarısı döyüş əmrində olub, yəni döyüşüb. Qalanı isə arxada xidmət edib. Fərqi nədir, biz xidmət etmişik. Bizə deyirlər ki, siz tamamlama olmusunuz, sizə müharibə iştirakçısı adı düşmür. Şablon cavab almaqdan yorulmuşuq”.

Etiraz edən hərbçilər bildirirlər ki, onlara “müharibə iştirakçısı” adının verilməməsini əsaslı izah edə bilmirlər: “Məsələn, İkinci Dünya Müharibəsində arxa cəbhədə olanlara belə, veteranlıq verilib, onlar medal alıb. Arxa cəbhədə, çətin şəraitdə xidmət edən canını qoymur?”

Daha bir hərbçi Ağayar Lətifov isə 56 gün xidmət etdiyini bildirir.

Deyir ki, “müharibə iştirakçıları”na verilən 80 manatı da istəmir:

“Təki bir sənəd versinlər ki, o həmin vaxt səfərbərliklə hərbi xidmətdə olub. Adam utanır. Hamı deyir ki, nə oldu, getdin xidmətə, kim bilir, heç əlində sənədin də yoxdur. Bu sənədi bizə vermək bu qədərmi çətindir?”

Şikayətçi bildirib ki, 8 dəfə Bakıya, Müdafiə Nazirliyinə gəlib, amma nəticə yoxdur:

“Bizə normal cavab verən yoxdur. Səfərbərliklə gedib xidmət etmişik? Deməli, haqqımızdır. İstəyirik adımız tarixə düşsün. Xahiş edirik bir nəfər çıxıb bizə rəsmi cavab versin ki, bizə niyə düşmür. Hərbi hissənin bir bölüyü gedib döyüşəndə də ordakı hamıya veteranlıq düşür. Necə olur ki, bizə düşmür? Desinlər, 1 aya, 5 aya, 10 aya veriləcək, gözləyərik. Az qala zəfərin 2-ci ilidir, lakin biz hələ də haqqımız olan veteranlıq adını ala bilmirik”.

Rüstəm Ömərov da səfərbərliklə hərbi xidmətə gedib.

Ona da “müharibə iştirakçısı” adı verilməyib və eyni səbəb əsas gətirilib.

“Siz tamamlama əsgərisiniz, yaxud rezerv əsgər olmusunuz?”, – şikayətçi ona verilən bu sualı, doğrudan da, anlamaqda çətinlik çəkdiyini deyir:

“Fərqi nədir ki, çağırılıb, gedib, qaçıb gizlənməyib ki. İndi onun həmin vaxt əsgərlikdən yayınan adamla fərqi nə oldu? Bu, haqsızlıqdır. Çağırıblar, getmişəm, vəssəlam, deməli, sənəd verilməlidir”.

Şikayətçilər bildirirlər ki, veteranlıq alanların hamısı döyüşməyib. Onların içində elə şəxslər var ki, tərkibində olduqları hərbi hissənin bir bölüyü döyüşənlərdə iştirak edib. Avtomatik hamısına “müharibə iştirakçısı” adı verilib:

“Lakin bizim müraciətlərimizə baxan yoxdur. Biz canımızdan keçməyə getmişik axı”.

Qazilərə əvvəlcə Müdafiə Nazirliyində onları tezliklə qəbul edəcəklərini, problemlərini dinləyəcəklərini bildirsələr də, Meydan TV məsələ ilə bağlı nazirlikdən münasibət öyrənə bilməyib.

Elə nazirliyə qəbula gedənləri də qəbul edən olmayıb.

Bu, status ala bilməyən keçmiş hərbi qulluqçuların Müdafiə Nazirliyi qarşısındakı ilk aksiyası deyil. Daha öncə də onlar nazirliyə üz tutublar. Həmin dövrlərdə isə “şikayətiniz araşdırılacaq” cavabı alıblar. Lakin bu günədək hər hansı müsbət cavab ala bilməyiblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 44 günlük həmin ikinci savaş başlayarkən ölkə başçısı qismən səfərbərlik də elan edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Rusiya və Ermənistan arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Atəşkəs razılaşmasından sonra vaxtaşırı tərəflər arasında atışma yaşanır.

Bu silahlı insidentlərdə Ermənistan Azərbaycanı, Azərbaycan isə Ermənistanı ittiham edir.

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz