“Mən oktyabrın 10-da könüllü olaraq Nizami rayon Hərbi komissarlığından 2-ci Qarabağ müharibəsinə yollanmışam. Hərbi hissəyə gedəndən sonra məni alınmış postları mühafizə etmək üçün Qubadlı rayonuna yolladılar. Daha sonra yenidən postları mühafizə etmək üçün Laçın rayonuna getdim. İki ay mən orada qaldım. İki aydan sonra dekabr ayının 31-də bizi evə buraxdılar. Ehtiyac üzündən işləməyə məcbur idim. Çünki müharibədən öncə də usta işləyirdim. Təbii ki, müharibənin stresi, əsəbi məndə qalmışdı. Bu mənim səhhətimə çox pis təsir edirdi. Elə buna görə də işlədiyim yerdə 3-cü mərtəbədən yerə yıxılaraq ayağımı sındırdım”.
Millitv.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 2-ci Qarabağ müharibəsinin iştirakçısı Heydər Mirzəyev deyib. O daha sonra özünə qarşı olan laqeyd münasibətdən gileylənib.
“İki ay sonra həmin hadisənin üstündən 1 il keçəcək. Hələ də ayağım düzəlməyib, ağrılara dözə bilmirəm. Səhhətimə görə Nizami rayon 18 nömrəli poliklinikaya müraciət etmişəm, amma maddi imkanım olmadığı üçün gedib müalicə ala bilmirəm. Hal-hazırda köməksiz vəziyyətdə qalmışam. Ona görə sizin saytınız vasitəsilə problemimi dilə gətirdim. Xahiş edirəm mənə köməklik edin, yoxsa əbədi şikəst qalacam. Hal-hazırda Masallıda Köhnə Alvadı kəndində dayımın yanında qalıram. Masallı Rayon İcra Hakimiyyətinə müalicəmdə mənə köməklik etmək üçün müraciət etsəm də hələ bir xəbər yoxdur. Deyirlər ki, gözlə xəbər edəcəyik. Dayım yeməyimizə, dolanışığımıza baxır, üzüm gəlmir ona deyim ki, dərmanlarımı da al gətir, məni müalicə et. Masallıda Bioloji Təbabət klinikasına getdim, orada dedilər ki, ayağın reabilitasiya olunmalı, iynə vurulmalıdır. Qarabağ müharibəsi iştirakçısı olduğumu bilib, mənə müalicə xərclərində endirim etdilər. Bir kurs müalicənin məbləği 600-700 manat edir, bu elə də böyük məbləğ deyil. Vallah maddi durumum yaxşı olsaydı heç kimə ağız açmazdım. Bir çox müharibə iştirakçıları kimi mənə də Ali Baş Komandanın təyin etdiyi təqaüdü vermədilər. Sözün düzü gözümü o pula dikmişdim ki, ayağımı həmin məvaciblə müalicə etdirim. Müdafiə Nazirliyinə ərizə ilə müraciət də etmişəm. Heç bir xəbər yoxdur. Sadəcə bir medal verməklə kifayətləniblər. Düzdür, mən hərbidə yox, mülkidə yıxılıb, xəsarət almışam. Amma stressi, psixoloji sarsıntı və əsəbi axı döyüşdə qazanmışam” deyə döyüşçü bildirib.
İnanırıq ki, aidiyyatı qurumlar qaldırdığımız problemin həllinə səssiz qalmayıb, 2-ci Qarabağ müharibəsinin iştirakçısına kömək edəcəklər.