Bu gün tanınmış şairə, tarix üzrə elmlər doktoru, Berlin Qafqaz İnstitutunun direktoru, Almaniya PEN klubunun üzvü Nuridə Atəşinın ad günüdür.
Nuridə Atəşi (Qədirova) 22 avqust 1965-ci ildə anadan olub. O, 80-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kulturoloji fakültəsində oxuduğu zaman Elçin adlı bəylə oğlanın ata-anasının xəbəri olmadan ailə həyatı qururlar. Bu evlilikdən onların qızları Ayan və oğlanları Ayxan dünyaya gəlir.
Xəstə övladını Almaniyaya müalicə üçün aparan şairə bir daha geri qayıtmamaq qərarı verir və gələcək həyatını bu ölkə ilə bağlayır. Onu 15 ilə yaxındır ki, tanıyıram. Tədbirlərin birində tanış olmuş, tez bir zamanda dostlaşmışdıq. Gənclikdəki mənzilində çox olmuşam. Ondan dəfələrlə müsahibə götürmüşəm. Xarakteri xasiyyətimə uyğun olduğuna görə, söhbətimiz həmişə səmimi notlar üzərində qurulurdu. Məni tanıyanlar bilir ki, mərd, sözübütov, verdiyi sözün sahibi olan insanları həmişə qəlbimə yaxın saymışam. Nuridə də məni özünə mərdliyi, xeyirxah qəlbi və səmimiyyəti ilə bağlamışdı.
Bizim ölkədə istedad və savadla irəli getmək mümkün deyil, gərək adamın, pulun ola. Qadınlar üçünsə karyera qurmaq ikiqat çətindir. Məmur qohumun, tapşıranın olmasa, gec-tez “torbanı tikəcəklər.” Gözəl qadınlar üçünsə yollar müdirlərin əxlaqsız təkliflərinə görə tamam bağlanır. Ya boyun əyməlisən, ya da mətbəxdən kənara çıxmamalısan. Nuridə bütün əldə etdiklərinə öz çalışqanlığı, zəhməti, keçirdiyi yuxusuz gecələr hesabına, heç kimin tapşırığı və köməyi olmadan çatıb və elə buna görə onunla fəxr etməyə dəyər. Nuridə Vətənə tez-tez gəlirdi. Təşkil etdiyi tədbirlərə mən də qatılır, onu tək buraxmırdım. Lakin sonralar onun maddi imkanının yüksəldiyini esidən bəzi QHT rəhbərləri, savadi ilə deyil, tapşırıqla cəmiyyətdə müəyyən mövqe tutmuş qadinlar milçək şirəyə yiğılan kimi onun başına yığıldılar, şit tərifləri yağdırmağa başladılar. Bundan sonra daha tədbirlərinə getmədim.
Çünki mənim də ona təmənna ilə yaxınlaşdığını düşünməsini istəmədim. Beləcə uzaqlaşdım ondan. Amma Nuridəyə olan münasibətim dəyişmədi. İllər sonra sosial şəbəkədə yenidən əlaqəmiz yarandı. Onda məni cəlb edən əsas xüsusiyyət problemlər qarşısında ruhdan düşməməsi, mübariz olması idi. Onun Amazon qadınlar haqqında araşdırması ilə tanış olandan sonra, Nuridənin özünün də xaraktercə döyüşkən olduğunu fərq etdim. İstər tarixi şəxsiyyətlər haqqında yazdığı sanballı kitablar, çoxillik elmi axtarışların nəticəsi olan tədqiqatlar barədə burdakı alimlərin qərəzli fikirlərini tutarlı faktlarla darmadağın etməsi, istər də yazdığı şeirlərin məzmununu topa tutan və yazdıqları cızmaqaralarla Biləcəridən o tərəfdə tanınmayan bəzi “yazarları” yerində oturtması onu Amazon qadınlarına bənzədirdi. Heç nədən, heç kimdən qorxub çəkinmirdi. İlk dəfə onun əzablarla başlayan və uğurla davam edən həyat hekayəsini 10-cu mərtəbədəki rahat, sərin mənzilində özündən dinləyəndə göz yaşlarımı saxlaya bilməmişdim. Onun yaşadığı iztirablı günləri, keçirdiyi dəhşətləri esitdikcə ruhən mən də əzab çəkirdim.
-Düz beş il ərimin təpikləri, qayınanamın söyüşləri və baldızımın qarğışları altında qul kimi əzildim, təhqir olundum, amma dözdüm. Balalarımın xətrinə dözdüm. Ərim qapını üzümə bağlayıb, işə gedirdi. Həyətə çıxıb hava almağa belə ixtiyarım yox idi. Pəncərə qarşısında oturub hönkür-hönkür ağlayırdım. Uşaqlarıma verməyə çörək belə tapmırdım. Bir dəfə pəncərəni sındırıb qaçmağa cəhd etdim. Pəncərə yerdən çox hündürdə idi. Yıxıldım və ayağım burxuldu. Bəlkə yenə qaça bilərdim. Amma iki balaca körpəni qucağıma alıb qaçmağa gücüm çatmadı. Evin künc-bucağında quru çörək qırıntılarını yığıb, boyat çayın içinə tökür, (şəkər belə tapmırdım) acı göz yaşları içində balalarıma yedirirdim. Amma mənim necə böyük arzularım vardı. Hələ 1983-cü ildə ilk şeirlərim "Ədəbiyyat və İncəsənət” qəzetində dərc olunmuşdu. Sonralar isə bütün qapılar üzümə bağlandı. Şeirlərimdəki səmimi etiraflardan, saf duyğuların cəsarətli ifadələrindən qorxan, kişilərin hegemonluq etdiyi ədəbiyyat dünyası bir istedada əl uzatmaqdansa, məni çap eləməkdən imtina edərək: "Sən qadınsan, get ailə qur, uşaq sahibi ol, ərinə qulluq et” - deyə məni uzun müddət çıxa bilməyəcəyim dərin bir quyuya itələdi. Evim bir küncündə özüm üçün bir kiçik guşə düzəltmişdim. Yazmaq, yaratmaq istəyirdim. Bir dəfə sonradan məşhurlaşmış gözəl bir şeirimi ərimə oxumaq üçün göstərərkən, kağızı əlimdən alıb gözlərimin qabağında parça-parça elədi.
Vəhşi təpiklərlə, yumruqlarla hamilə qarnıma zərbələr endirməyə başladı. Üz-gözümün halında deyildim, yalnız bütün gücümlə qarnıma dəyən təpiklərin qarşısını almağa çalışırdım ki, balama zərər dəyməsin. Otağıma girib masamın üstündəki bütün vərəqləri, yazdıqlarımı cırdı, masanı çevirdi, gözləri hədəqəsindən çıxaraq, "sən mənimsən, yalnız mənə məxsussan” deyib qışqırdı. Onun bağırtıları, nərələri divarları titrədirdi. Dözürdüm, başqa yolum yoxdu. Çarəsizdim, çünki burada bir kimsəm yox idi ki, kömək üçün üstünə gedim. 1993-cü ilin yeni il gecəsinı indiyə qədər unuda bilmirəm. Masa arxasında əyləşmişdik. Ərim araqdan içir və ona xidmətimdən narazı halda mənə əmrlər verirdi: "döşək gətir, yastıq gətir, ayağımı ovxala...” Birdən televiziyada İlhamə Quliyeva "Neylərsən” mahnısını oxudu. Sonra Zaur Rzayev, Brilliant Dadaşova, Zöhrə Abdullayeva, Almaz Ələsgərovanın ifaları səsləndi. Qəlbim həyacandan az qalırdı ki, yerindən çıxsın. Bütün mahnıların sözləri mənim idi.
Gizlincə məşhur bəstəkar Faiq Sücəddinova göndərmişdim. Həyatımdakı çətinlikləri yalnız o bilirdi. Mahnılar ərimin canına yağ kimi yayılırdı. Sakitcə soruşdum: "Sözləri necədir?”- Əla! Halal olsun bunu yazana. Ya Bəxtiyar Vahabzadədir ya da Nüsrət Kəsəmənli, - dedi. O gecə özümə söz verdim ki, onu qoyub qaçacağam. Bir gün televiziyada eşitdim ki, teleteatrda canlı yayım olacaq və İlhamə Quliyeva ilin hit mahnısı olan "Neylərsən”i oxuyacaq. Televiziyaya zəng etdim. "Neylərsən”in müəllifi olduğumu və canlı yayına gəlmək istədiyimi bildirdim. Redaktor inanmadı və buna çox sevindi. Bu həmin gün idi ki, artıq sabah Berlinə uçmaq üçün biletimi almışdım . Oğlumu kəndə göndərmiş və anama yalvarmışdım ki, ən gec bir il saxlasın, Onu mütləq gəlib aparacaqdım. Əgər mən bu məhbəsdən qurtara bilməsəydim, ərim məni gec-tez öldürəcəkdi. Atam əzablarımı bilirdi, getməyimə icazə və yol pulu verdi. Ərimdən gizli viza çıxartmış, xarici pasport almışdım. Onun canavar pəncəsindən qurtarmaq üçün hansı yollarla, nə zülmlərlə buna nail olduğumdan “Günaha bataq” kitabımdakı həyat hekayəmdə bəhs etmişəm. Bircə istəyim vardı. Mən ölkəmi həmişəlik tərk etmədən öncə xalqım məni tanısın. Və mənim kimi əzilən, təhqir olunan, minlərlə əzab çəkən aciz, gücsüz qadınların yaddaşına yazılım. Verilişə qızımla getmişdim.
Ağır xəstəliyə düçar olan Ayanımla. İlk dəfə verilişdə bütün xalqın sevimlisinə çevrilən gözəl mahnıların sözlərinin müəllifi, Atəşi təxəllüsünü özünə götürən Nuridə olduğumu etiraf etdim. Ərimin qorxusundan titrəyə-titrəyə gerçəkləri anlatdım. Televiziyaya baxmaz deyə düşünmüşdüm. O gün dostları ilə vurmağa gedəcəkdi. Evə gəlib çamadanımı yığışdırıb, yatağa uzandım. Gecəyarısı birdən vəhşi bir əl uzun saçlarımdan yapışdı.Məni yuxulu-yuxulu dartıb həyətə çıxartdı. Həyətin ortasında bir tonqal yanırdı. Bunlar mənim illər boyu gizlicə yazdığım şeirlər, tələbəlik şəkillərim, gizlətdiyim əlyazmalarım və gündəliklərim idi. Vəhşicəsinə məni döyməyə, təpikləməyə başladı. Ağız burnumun qanı bir-birinə qarışmışdı. Daha qarnımı tutmurdum. Ağlamırdım, yalvarmırdım. Sadəcə, nifrətlə gözlərinin içinə baxırdım. 5 yaşlı qızım Ayan onun səsinə durub qapıya çıxmışdı, bu səhnəni qorxa-qorxa seyr edir, "Ata, anamı döymə, yazıqdır” - deyə ağlayırdı. Ərim sakitliyimdən, heç bir reaksiya verməməyimdən daha da qızışır, təpikləri qarnıma yağdırmaqdan həzz alırdı. Əynimdəki paltarları (Sabah Almaniyaya geyinəcəyim yeganə donumu) cırıb çıxarmışdı. Bunlar azmış kimi, qızımı yataq otağına salıb qapını bağladı, bağıra-bağıra məni soyundurdu. "Sən mənim arvadımsan, mənə məxsussan, yalnız mənə!” – deyərək, vəhşicəsinə kişiliyini, ərliyini sübut etdirmək üçün məni zorladı. Cırılmış, qana bulaşmış paltarlarımı üstümə atıb yataq otağına keçdi və az sonra xorultusu bütün evi başına götürdü.
Yenə sakitcə, ağlayıb sızlamadan üz-gözümün qanını yudum. Şişmiş yerlərimə buz qoydum. Aynada gözlərimə dərindən sakit-sakit baxarkən birdən-birə hiss etdim ki, 5 illik həbsxana həyatımda mən nə qədər güclü olmuşam. Bir neçə saatdan sonra isə onun yanına keçdim. Barmaqlarımın ucunda yeriyərək yanında uzanmış qızımı sakitcə qucağıma aldım. Çamadanımı götürüb, həyətin arxa qapısında məni gözləyən taksiyə mindim. Hava limanına çatana qədər qorxumdan bir gözüm arxada qaldı. Bu, həyatımda keçirdiyim son qorxu hissi idi. Mənim yaşadığım bütün bu iztirablar həm özümü güclü etdi, həm də onlarla, yüzlərlə mənim kimi əzilən, əzablar çəkən qadınlara güc, cəsarət və gələcəklərinə inam verdi.Sözlərinə ara verib üzümə baxdı, yanıma gəlib göz yaşlarımı sildi və məni qucaqladı. Sonra yenidən söhbətinə davam etdi.
- Ağlama bacım, düzdür, mən bütün bu maneələrdən keçdim, 20 yaşımda tanındım və on il mənim şeirlərimə qadağa qoydular. İlk dəfə Nüsrət Kəsəmənliyə şeirlərimi göstərdim. Oxudu, dedi, Nuridə, sən Azərbaycanın ən yaxşı yazan qadın şairəsisən. Nəriman Həsənzadə ilk dəfə anonim şeirlərimi oxuduğu zaman “Mən dahi kəşf eləmişəm” demişdi. Sabir Rüstəmxanlı isə “Sən gözəl şairəsən, amma bir qadını-səni, belə çap edə bilmərik. Sən bir kişi təxəllüs götür, o təxəllüslə çap edək”, - dedi. Məcburən “Atəşi” təxəllüsünü götürdüm. Bu adla şeirlərim hər yerdə çap olundu, sevildi. İlhamə Quliyeva mənim “Neylərsən” şeirimə yazılan mahnını oxuyanda heç kim- həyat yoldaşım belə bilmirdi ki, bu şeirlərin müəllifi mənəm və yaxud kimsə bilmirdi bu müəllif qadındır.
Qarşıda məni nə gözləyirdi, bilmirdim. Təkcə onu bilrdim ki, çətinliklər olacaq. Amma orda mənə çətinliklərlə birgə, kömək edəcək insanlar da vardı. Bakıda şəristəsiz həkimlərin sikəst etdiyi qızımı sağaltdılar. Bizə sığınacaq verdilər, kömək əli uzatdılar. Qısa vaxtda alman dilini öyrəndim, yorulmadan oxudum, yeni mühitə adaptasiya olmaq üçün var güçümlə çalışdım. Məni tək buraxmadılar, dəstək oldular. Bakıya qayıdıb oğlumu da özümlə apardım.
Övladlarım böyüdü, təhsil aldı, mən onlarla nəfəs aldım., onlarla birgə mən də oxudum, öyrəndim və bu günə qədər də öyrənməyə davam edirəm.
Baklda olanda öyrəndim ki, anasıgil Elçini evləndiriblər. Artıq bizim yollarımız həmişəlik ayrılmışdı.
P.S
Nuridə, bacım, bu xoşbəxt günündə kədərli xatirələri yada salıb səni üzmək istəməzdim. Amma keçmiş, gələcək üçün ağrılı da olsa, bir başlanğıcdı. Özün demişkən, bu hekayə 20 il bundan öncəki məğlub Nurİdə və 20 il sonrakı qalib Nuridənİn ibtrətamiz həyat tarixçəsidir.
Sən şir bürcüsən, bu burcdən olanlar inadkar və mübariz olurlar. Məqsədlərinə doğru bundan sonra da inamla irəiləyəcəksən İnsaAllah. Səni ad günün münasibətilə ürəkdən təbrik edir, cansağlığı, uzun ömür arzu edirəm! Baklda yenidən görüşənədək.