Son illər Azərbaycanda evli qadınların və gənc qızların itkin düşməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Əgər 8-10 il əvvəl belə xəbərlər sensasiya hesab olunurdusa, bu gün artıq bu məlumatlar insanlar üçün adiləşib. Bəs bunun günahkarı kimdir, ər yoxsa valideyn? Adətən belə hadisələrin səbəbi bilinmir. Tərəflər təqsiri bir-birinin üstünə atdıqları üçün əsli günahkarın kimiyi naməlum qalır. Həm də bir qayda olaraq ailələr qızlarının evdən qaçmasını itkin düşmüş kimi qələmə verirlər. Sonradan gənc qız və evli qadınların bilərəkdən evi tərk etdikləri məlum olur.
Bəzi gənc qadınlar belə məqamda övladını və ya övladlarını özləri ilə aparırlar. Eyni zamanda uşaqlarnı atıb başqası ilə qaçan qadınlara da az rast gəlinmir. “Təmiz Dünya İctimai Birliyinin" sədri Mehriban Zeynalovanın sözlərinə görə, onların evlərini tərk etmək səbəbləri olduqca fərqlidir:”Bəzi qızlar müstəqil olmaq arzularına görə bu addımı atırlar. Onlar hesab edirlər ki, özlərini həyatda müstəqil idarə edə biləcəklər. Bəziləri qaçandan sonra düzgün yol seçirlər. Oxuyur, təhsil alır, öz üzərlərində işləyərək ayaqda durmaq əzminə yiyələnirlər. Bir çoxu yenidən ata evinə qayıdır. Bəziləri isə ardıcıl və bağışlanmaz səhvlərə yol verərək öz həyatlarını məhv edirlər.
Bunu əsas səbəbi odur ki, evdə valideynlərlə uşaqlar arasında münasibətlərin tənzimlənməsi düzgün qurulmur. Qızlar yerli-yersiz təzyiqlərə və hətta şiddətə məruz qalırlar. Valideynlərin qız uşaqlarını təhsildən yayındırması, zorla ərə vermək cəhdləri də gənc qızları ya evdən qaçmağa, ya da intihara sürükləyir.” İntihar məsələsinə gəlincə isə gördüyümüz kimi, Azərbaycanın bu siyahıda ilk onluğun ön cərgələrində yer alması faktı müvafiq qurumları qətiyyən narahat etmir. Əks təqdirdə, müyyən addımlar atılar, təbliğat və izahat işləri gücləndirilər, icra orqanları problemli ailələrlə görüşüb söhbətlər aparardılar. Ölkədə Ailə, Qadın Uşaq Problemləri komitəsinın bu istiqamətdə hansısa addımlar atması məlum deyil. Komitə əməkdaşlarının bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşməsi, ailələrə psixoloji, maddi-mənəvi yardım etməsi faktlarına hələ ki, rast gəlməmişəm.
“Usaqların, qadınların sosial müdafiəsi” adı altında yaradılan çoxsaylı QHT və digər qurumların bu istiqamətdə hansısa işləri isə bəzi istisnalar olmaqla, ümumiyyətlə mövcud deyil.
Psixoloqlar da səbəblərə aydınlıq gətirərkən onların bir deyil, bir neçə olduğuna diqqəti cəlb edirlər. Bəllidir ki, heç kəs firavan və xoşbəxt həyatını tərk edib evdən getməz. Qaçırsa demək evində problemlər mövcuddur. Qaçmaq isə problemi həll etmir təbii ki. Bəzən qadınlar ər işgəncəsindən, qaynana zülmündən baş götürüb qaçırlar. İradəcə daha zəif olanlar isə canlarına qıymaqla məşəqqətli həyatdan qurtulduqlarını düşünürlər. Amma arxalarınca buraxdıqları gözü yaşlı övladlarını düşünmürlər. Məncə içki düşgünlərinə, narkotik isttifadəçilərinə, qətl və zorlamaya görə həbsə düşənlərə qanuni əsaslarla evlənmək yasaq edilməlidir. Bir qızın ömrünü məhv etməklə qalmayıb, həyata bədbəxt və şikəst uşaqlar gətirməyə onların heç bir mənəvi haqqı yoxdur. Bəzən deyirlər ki, sovet dövründə boşanmalara az təsadüf olunurdu. Çünki o vaxt hamının yaşayış səviyyəsi demək olar ki, eyni idi, imkanı olanlar da bunu nümayis etdirməyib əldə etdikləri sərvətdən gizli şəkildə yararlanmağa çalışırdılar. Amma bu gün hədsiz sərvəti olanla, həddən artıq yoxsulun maraqları toqqusur və birincilərin gözqamaşdıran var-dövləri ikincilərdə qıcıq yaradır. Təbii ki, komfortlu yaşamaq istəyi daha çox qadınlarda özünü biruzə verir və belələri gec-tez maşını, villası, çoxlu pulu omayan, amma bir vaxtlar dəlicəsinə sevdiyi, halal çörək qazanan ərini buraxıb başqasıyla qaçır.
Onu nə körpə övladlarının göz yaşları, nə də rəzil etdiyi ərinin yalvarışları yolundan saxlamır. Belələri də iki qrupa ayrılır. Gözəlliyini və ağlını silaha çevirib varlı məşuq əldə edənlər, digərləri isə qızıl dağları vədi iləaldanilaraq ailəsini atıb başqasıyla qaçan, bir müddət sonra həmin yalançılar tərəfindən atılan, ailəsinə qayıtmaq yolu bağlanan, beləliklə əxlaqsız yola düşüb ömrünü məhv edənlərdir. Belə ailə faciələrinin sayının artmasında sosial şəbəkələrin rolu hədsizdir. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, ailə üzvlərinin hər biri sosial şəbəkələrin subyektlərinə çevrilir, bununla da ailənin daxilində olan struktur dağılmağa başlayır:” Ailə daha əvvəlki ailə olmur, milli mənəvi dəyərlərin daşıyıcısı olmaq funksiyasını get-gedə itirməyə başlayır. Ailədə olan hər bir insan artıq özünü azad subyekt kimi hiss edir. Bu da, əlbəttə ki, mental dəyərlərə ziddir. Ailə institutu yeni bir forma alır. Sosial şəbəkələrin gələcəkdə cəmiyyətə vəd etdiyi münasibətlər bundan ibarətdir. Sosial şəbəkələr təkcə ailədaxili narazılıq yaratmır, çox vaxt boşanmalara da səbəb olur."
Psixoloqun fikrincə, boşanmaların və evdən qaçmaların bir səbəbi də son zamanlar psevdopsixoloqların sayının çox artmasıdır:”Ərlə-arvad arasında yaranan problemə başqa biri müdaxilə edir. Buna ruh qardaşım, dərdimi, problemlərimi bölüşdüyüm adam deyirlər. Sonda yalnış yönləndirmə böyük problemlərə gətirib çıxarır. Buna görə də hər zaman pesakarlara müraciət etmək lazimdir.” Bəli, mental dəyərlərin sürətlə dağıdılması, təhsilimizdə baş verən aşınmalar, ailədaxili problemlərin efirlərə daşınması sayəsində rəzilliklərin və qəbudelməz durumların insanların gözündə adiləşməsi cəmiyyətimizi uçuruma sürükləməkdədir.