Axtarış...

“Azərbaycanda milli oyanış baş verdi” – Mehriban Əliyeva

“Azərbaycanda milli  oyanış baş verdi” – Mehriban Əliyeva

“Azərbaycan rəhbərliyi üçün prioritet vəzifə ictimai həyatın bütün sahələrində qadınların fəal iştirakının təmin edilməsidir”.

Atatv.az xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumunun iştirakçılarına təbrik məktubunda deyib.

Təbrik məktubunda qeyd edilir: “Hörmətli xanımlar! Əziz dostlar! Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş V Qadınlar Forumunun bütün iştirakçılarını və qonaqlarını ürəkdən salamlayıram.

Forumunuz Azərbaycan üçün olduqca əlamətdar günlərdə keçirilir. Ölkəmiz böyük tarixi hadisənin bir əsrlik yubleyini qeyd edir. 100 il öncə, 28 may 1918-ci ildə ölkəmizin qabaqcıl siyasi və ictimai xadimləri Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını elan etdilər. Gənc respublikada dövlətçiliyin bütün atributları – gerb, bayraq, himn, milli ordu və pul vahidi təsis edildi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğunda xalqımıza xas olan azadlıq sevgisi, ləyaqət, tolerantlıq, qadına hörmət kimi dəyərlər öz əksini tapdı. Müsəlman şərqində ilk dəfə çoxmillətli və çoxpartiyalı parlamenti olan demokratik respublika yaradıldı. Məhz o vaxt, 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətində öz dövrünü qabaqlayan, olduqca mütərəqqi bir qərar qəbul edildi: müsəlman şərqində ilk dəfə olaraq, Amerika Birləşmiş Ştatları və bir çox Avropa ölkələrindən xeyli öncə müstəqil Azərbaycanda qadınlar kişilərlə bərabər seçmək və seçilmək hüquqları əldə etdilər.

Hörmətli xanımlar! Əziz dostlar! Bu əlamətdar tarixə, 28 may 1918-ci ilədək xalqımız uzun illər yol getmişdi. Artıq XIX əsrin ikinci yarısında Azərbaycanın qabaqcıl ictimai xadimlərinin sıralarında milli oyanış prosesi baş verdi. Mütərəqqi islahatların aparılması, cəmiyyətin yeni müasir düşüncə əsasında yenidən qurulması ideyası geniş vüsət alırdı. Azərbaycanın mütərəqqi ictimai xadimləri qadınların maarifləndirilməsini, onların sosial, siyasi, mülki hüquqları uğrunda mübarizəni və təhsil imkanlarının genişləndirilməsini ən mühüm vəzifələrdən biri sayırdılar. Mesenat Hacı Zeynalabdın Tağıyevin səyləri ilə 1901-ci ildə Azərbaycanda bütün müsəlman şərqində ilk dünyəvi qadın məktəbi açıldı. XX əsrin II onilliyində qadınların vəziyyətinə həsr edilmiş ilk qəzet və jurnallar nəşr edilməyə başlandı. Bütün bunlar həm Azərbaycan Xalq Cümhuriyyətinin bəyan edilməsi üçün, həm də gənc respublikanın rəhbərliyinin Azərbaycan qadınlarına kişilərlə bərabər seçki hüquqlarının verilməsi haqqında qəbul etdiyi tarixi qərar üçün mühüm zəmin yaratdı.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti uzun ömür sürmədi, yaranmasından 23 ay sonra xarici hərbi təcavüzün qurbanı oldu. Azərbaycan uzun, 70 illik bir dövr üçün SSRİ-nin tərkibinə qatıldı. Buna baxmayaraq, qadınların vəziyyətində mütərəqqi dəyişikliklər davam edirdi. Savadsızlıq ləğv edildi, təhsil, səhiyyə və elmdə güclü inkişaf baş verdi. Azərbaycan qadınları təhsil və özlərinin yaradıcı potensialını reallaşdırmaq üçün yeni imkanlar qazandılar. Onlar özləri üçün yeni peşə və fəaliyyət sahələri öyrəndilər. Ölkəmizdə mülki və hərbi aviasiya pilotu, həkim, mühəndis, hüquqşünas və alim olan qadınlar ortaya çıxdılar. Ana və uşağın sosial müdafiəsi üzrə tədbirlər gücləndirildi.

Hörmətli xanımlar! Əziz dostlar! SSRİ-nin mövcud olduğu illərdə əldə edilmiş bu nəticələr bu gün yeni nəfəs aldı. Sovet İttifaqının dağılmasından sonra, 1991-ci ildə ölkəmiz öz dövlətçiliyi və müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri – onun himni, gerbi, bayrağı bərpa edildi.

Müasir Azərbaycan özünü təsdiq etmiş və dinamik inkişaf edən dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz özünün sosial-iqtisadi inkişafında böyük nailiyyətlər əldə etmişdir. Son 10 ildə Azərbaycanın iqtisadiyyatı 3 dəfə artmış, 1,5 milyon yeni iş yeri açılmış, minlərlə məktəb, xəstəxana, idman kompleksləri tikilmişdir.

Qadınlar və kişilər arasında hüquqi bərabərliyin 100 il əvvəl əldə edildiyi ölkəmizdə bu gün Azərbaycan rəhbərliyi üçün prioritet vəzifə ictimai həyatın bütün sahələrində qadınların fəal iştirakının təmin edilməsidir. Bu vəzifə ölkə rəhbəri üçün də prioritet təşkil edir. Hələ 2000-ci ilin mart ayında Ümummilli Lider Heydər Əliyev qadınlara münasibətdə yeni dövlət siyasəti haqqında sərəncam imzaladı. Onun məqsədi qadınların hakimiyyət strukturlarında, biznes və iqtisadiyyatda proporsional təmsil edilməsinə nail olmaq idi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında qadınların sosial müdafiəsinin təkmilləşdirilməsi, onların sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması üzrə çox böyük iş həyata keçirilir. Yoxsulluğun səviyyəsinin 49 faizdən cəmi 5,4 faizədək azaldılması, maaş və pensiyaların artırılması, vətəndaşların sosial müdafiəsinin yüksəldilməsi – bütün bunlar bilavasitə bizim qadınlara da şamil edilir. Regionlar da daxil olmaqla Azərbaycanda qadınların məşğulluğu məsələsi də uğurla həll edilir. Onların siyasi, iqtisadi, ictimai fəallığı artır.

Hörmətli xanımlar! Əziz dostlar! 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəıtinin tarixinin ilk səhifələrinin yazıldığı o günlərdə qadınlar arasında savadsızlığın ləğv edilməsi, onların təhsil və səhiyyəyə çıxışının genişləndirilməsi ən ümdə vəzifələr idi. Bu gün Azərbaycanda həkim və müəllimlərin əksəriyyətini qadınlar təşkil edir. Qadın alimlər, dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimai xadimlərin sayı artır. Azərbaycan qadınları arasında parlamentin deputatları, Ali Məhkəmənin üzvləri, icra hakimiyyəti strukturlarının əməkdaşları var. Azərbaycanda qadınlar üçün qapalı və qadağan edilmiş heç bir fəaliyyət sahəsi mövcud deyil.

Hörmətli xanımlar! Əziz dostlar! Ötən il ərzində Azərbaycanda qadınların hüquqlarının uğurla təmin edilməsi, onların ictimai və siyasi həyatda fəal iştirakı üzrə həqiqətən unikal təcrübə toplanmışdır. Ayrıseçkiliyin hələ də mövcud olduğu, əksər qadın və qızların təhsilə çıxışının bu gün də olmadığı, onların elementar hüquqlarının müdafiə edilmədiyi dünyada bu təcrübə hazırda da tələb edilən və aktualdır. Əminəm ki, bizim ümumi səylərimiz dünyanın bir çox bölgələrində qadınların üzləşdiyi problemlərin həllinə kömək edəcək.

Əziz qadınlar, sizin hamınıza uğurlar, sülh, əmin-amanlıq və xoşbəxtlik arzu edirəm. Bir daha dövlət bayramımız – Respublika Günü münasibətilə sizi təbrik edirəm”.



MİLLİTV.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz