Sanki, ölkədə ən vacib problemlərdən biri reket jurnalistlər imiş. 20 ildir bu mövzu gündəmdən düşmür. Yeri gəldi, gəlmədi reketlik məsələsi aktuallaşır. Niyə? Səbəb nədir? Bu kimin marağındadır? Heç bir ehtimalım yoxdur.
Amma mənim düşüncəmə görə nəinki Azərbaycanda, hətta çərçivəni kifayət qədər daraldaraq Azərbaycan mediası sərhədlərinə salsaq belə, burada reketlik olduqca xırda problemdir. Əslində, heç problem də deyil. Çünki kiminsə jurnalist adından istifadə edib hansısa məmurdan pul tələb etməsi sadəcə dələduzluqdur, şantajdır. Və xırda cinayətdir.
Heç indiyə kimi eşitmizinizmi ki, hansısa jurnalist kimdənsə şantaj yolu ilə bir milyon manat pul tələb etsin?! Əminəm ki, heç 100 min manat da eşitməmisiniz. Ağıla gələn ən maksimum rəqəm 10 min manat ola bilər ki, açıq deyirəm, mən heç bunu da eşitməmişəm. Reketlərin “standart paket”ləri bəllidir. Bu “paket” üçrəqəmli məbləğ ətrafındadır ki, nəticə olaraq da çox halda minimumla kifayətlənməli olurlar. İndi sual edirəm: Bu cinayətdirmi? Sözsüz. Eyni zamanda bu mövzu günlərlə müzakirə olunacaq bir məsələ də deyil.
Həbs olunan məmurların tələb etdikləri rüşvətlərin məbləği haqda rəsmi açıqlamaları yəqin ki, hamı oxuyub. Onların tələb etdikləri məbləğin yanında bu “cücə reket”lərin tələb etdikləri nədir ki?!
Elə bilirsiniz, bir neçə məmur həbs olundu və rüşvət söhbəti bitdimi? Nə yazıq ki, məmurlarla bağlı hərəkət yalnız yuxarıdan düyməyə basılandan sonra başlayır. İnternet resurslarda axtarış verib oxuyun. Görün, hazırda içəridə olan məmurlar barədə həbs olunmamışdan əvvəl korrupsiya ilə bağlı nə qədər materialla qarşılaşacaqsınız. Xışın kötüyə dirənməsini gözləmək bu qədər vacibdirmi?
Bu günlərdə canlı debatların birində ADP sədri Sərdar Cəlaloğlu hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdan bir rica etdi: Rüşvət almayan bir məmurun adını çək! 30 ilin deputatı, qocaman siyasətçi bu qəfil istəkdən özünü itirdi. Ad çəkə bilmədi...
Mən reketləri müdafiə etmək niyyətində deyiləm. Klişeləşmiş ifadə olsa da, onlar həqiqətən Azərbaycan jurnalistikasının üz qarasıdır. Və biz bilək ki, bu üz qaramız hər zaman olacaq. Lakin həmin ləkənin arealı mövzunu əbədi gündəmdə saxlamaq üçün yetərli deyil axı. İndi jurnalist reketliyi ilə bağlı çox az faktlara rast gəlirik. Əvəzində bu mövzuda mediada yayılan materialların sayı artır. Qollarımızı çirmələyib özümüzü gözdən salmaq üçün var gücümüzlə çalışırıq. Heç nəyin fərqinə varmadan.
Biz o zaman güclü olacağıq ki, kilkələri yox, akulaları gündəmdə saxlayacağıq. Məqsədli olaraq ayrı-ayrı şəxslər və ya qurumlar tərəfindən ortaya atılmış reket jurnalistikası mövzusunu görməzdən gəlməyi bacaracağıq. Və bu mövzunu ictimaiyyətə təqdim edənlərə “bir özünüzə də baxın” deyə bildiyimiz zaman “biz birlikdə güclü” olacağıq.
Elnur Məmmədli //yenisabah.az//