"Dövlət cinayət prosesində dəymiş zərərin qismən kompensasiyasını öz üzərinə götürə bilər". Bunu Sputnik Azərbaycan-a Vəkillər Kollegiyasının üzvü Əsədəli Mustafayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda cinayət törədilərkən dəymiş zərərin ödənilməsi və cinayət prosesi ilə bağlı mövcud icra mexanizminin səmərəsizliyi çox ciddi problem olaraq qalır.
"Nəzərə alsaq ki, törədilmiş hər üçüncü cinayət dələduzluqdur, bu, çox böyük sosial problemdir" — deyə vəkil bildirib.
Onun sözlərinə görə, zərərçəkmişə dəymiş zərərin kompensasiyası ədalətin əsas göstəricilərindən biridir. Lakin problem ondadır ki, bəzən cavabdehlər müəyyən edilməmiş olur, yaxud onların dəymiş zərəri ödəmək imkanları olmur. Cinayətin qurbanına dəymiş maddi ziyanın kompensasiyası prosedurunun dövlət hesabına həyata keçirilməsi presedenti də yoxdur.
"Analoji problem cinayət zamanı dəymiş zərərin kompensasiyası mexanizminin olmadığı bir sıra ölkələrdə də mövcuddur. Məhkəmə məhkumun, ya da cavabdeh tərəfin zərərçəkmişə dəymiş zərəri ödəməli olduğu barədə qərar çıxarsa da, onun təzminat ödəməyə qadir olmadığı, zərərin əvəzinin ödənilməsi haqqında məhkəmə qərarının yerinə yetirilmədiyi ortaya çıxır" – deyə vəkil bildirib.
Onun sözlərinə görə, belə hallarda məhkəmə icraçılarını günahlandırmaq düzgün deyil: "Əgər müttəhimin tələb olunan məbləği ödəmək üçün zəruri vəsaiti yoxdursa, onda o, sadəcə həbsxanada oturacaq və bununla da törətdiyi cinayətin cəzasının çəkəcək".
Şübhəlinin zərərin əvəzini ödəməkdən imtina etməsi halına dair mülki iddiaları nəzərdən keçirərkən, onun hərəkətlərini inzibati xəta kimi təsnifləşdirmək mümkündür. Əgər bu da vəziyyəti dəyişmirsə, onda faktla bağlı cinayət işi qaldırmaq olar.
"Bir sıra ölkələrdə belə bir norma var ki, cinayət törədilən zaman maddi zərər çəkmiş şəxsə dəyən ziyan dövlət hesabına ödənilir. Azərbaycanda da belə bir norma var. Lakin zərərçəkmişə təklif olunan məbləğ o dərəcədə əhəmiyyətsiz və simvolikdir ki, heç kəs bu normadan istifadə etmir. Görünür, məhkəmə orqanlarının məsuliyyətini artırmaq məqsədilə dövlət dəymiş ziyanın ödənilməsi üçün müəyyən məbləği öz üzərinə götürməlidir" — deyə hüquqşünas bildirib.
Belə bir qeyri-müəyyən vəziyyətlə böyük dələduzluğun qurbanı olmuş paytaxt sakini Afət Hüseynova üzləşib.
Sputnik Azərbaycan-ın xəbər verdiyi kimi, bir il əvvəl avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi sabiq Milli Təhlükəsizlik Nazirliyinin saxta agenti Aygün Akimovaya 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Qadın xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluqda günahlandırılıb. Akimova qurbanlarına özünü yüksək vəzifəli məmur, o cümlədən, Nazirlər Kabinetinin əməkdaşı, sabiq MTN-nin polkovniki, eyni zamanda bu qurumun hazırda həbsdə olan generalının köməkçisi kimi təqdim edirmiş. Bununla əlaqədar olaraq, o, AR Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 178.3.2-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən və külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunub.
Bu işlə bağlı əsas zərərçəkmiş Afət Hüseynova olub. Hakim Əlövsət Abbasov zərərçəkənlərin təxminən bir milyon manatadək məbləğdə kompensasiya edilməsi, onun 800 min manatının isə Hüseynovanın xeyrinə ödənilməsi barədə hökmü oxuyub.
Hüseynovanın maraqlarını məhkəmədə müdafiə edən hüquqşünas Rəşid Allahyarov sonralar məhkəmənin qərarından dəfələrlə şikayət edib. Bütün bu məhkəmə çəkişmələri zərərçəkmiş tərəfin əsas problemini — dəymiş zərərin kompensasiyasını həll etməyib. Bəli, məhkəmə dəymiş zərərin ödənilməsi barədə qərar çıxarıb, lakin bu qərar kağız üzərində qalıb. Çünki bu qərarın icrası üçün işlək mexanizmlər yoxdur.
Baxmayaraq ki, Hüseynova birinci və ikinci instansiya məhkəməsində dəfələrlə Akimovanın mənimsədiyi ona məxsus xüsusi mülkiyyəti (mənzil, bahalı avtomobil, zərgərlik məmulatları (30 min manat dəyərində) və 180 min manat dəyəri olan mal) geri qaytarması barədə tələb irəli sürsə də, hakimlər bu tələbə fikir verməyiblər. Bununla yanaşı, hakimlər Hüseynovaya məsləhət görüblər ki, əmlakın qaytarılması ilə əlaqədar Akimovaya qarşı mülki iddia qaldırsın.
Burada onu da qeyd etmək lazımdır ki, araşdırma zamanı yuxarıda göstərilən əmlakın hamısının Akimovada olduğu təsdiqini tapıb və bunların cinayət yolu ilə əldə edildiyi sübuta yetirilib. Hakim dəymiş zərəri 800 min manat məbləğində qiymətləndirsə də, onun ödənmə prosedurunu müəyyən etməyib.
"Əlbəttə ki, cinayət səbəbindən dəymiş zərərin kompensasiyası üçün respublikada mövcud olan mexanizmi optimallaşdırmağın yollarını tapmaq lazımdır. Məhkəmə prosesindən doğan nəticələri yarı yolda qoyan belə halların sayı kifayət qədər çoxdur" — deyə Allahyarov bildirib.
Bu vəziyyətin çətinliklərini izah edən vəkil Muxtar Mustafayev isə qeyd edib ki, məhkəmə orqanlarından və məhkəmə icraçılarından çoxlu şikayətlərin daxil olduğunun şahidi olub: "Şikayət şikayət dalıncadır və sonunda bu dairə qapanır. Problem öz həllini tapmır, bu da dövlətin avtoritetinə təsir göstərir. Çünki istənilən qərar dövlət adına verilir".Sputnik Azərbaycan