Uzun müddətdir əhalini narahat edən problemlərdən biri də su filtri satan fırıldaqçıların fəaliyyətidir. Əksər vətəndaşların evinə reklam məqsədi ilə zorla daxil olaraq vətəndaşların içdikləri suyun çirkli olmasını sübut edən testlər keçirirlər. Özlərinin gətirdikləri qurğunun vasitəsi ilə krandan gələn suyu və satacaqları filtrin təmizlədiyi suyu “analiz” edib, aradakı fərqi göstərməklə məhsullarını insanlara sırıyırlar.
Növbəti tələyə Sabirabad rayonunun Nəsimi kənd sakini Zahid Balaxan oğlu Bədirov düşüb. İstehlakçı aldadıldığı barədə Azad İstehlakçılar İctimai Birliyinə müraciət də edib.
Dediyinə görə, iyulun 22-də təxminən saat 21:00 da qapımıları döyülüb. Həmin vaxt dincəlsələr də iki nəfər xanımın gəldiyini görüb, məcburən onların qarşılarına çıxıblar:
“İki nəfər xanım özünü “Magnus” Su Təmizləmə MMC-nin əməkdaşı olduğunu və suyun tərkibini pulsuz olaraq yoxlayıb anket dolduraraq nəticə barədə guya Bakıdakı idarələrinə, dövlət orqanlarına məlumat verəcəklərini bildirdilər. Dedilər ki, biz dövlət tərəfindən göndərilmişik ki, suyun vəziyyətini öyrənək. Biz də bunun pulsuz olduğunu düşünərək razılaşıb evə dəvət etdik. Razılaşandan sonra xanımlardan biri öz bəy həmkarını da çağırıb içəri daxil oldular.
Bizdən iki fincan su istəyib analiz apardılar. Suyun rəngi dəyişdi. Onlar bu suyu göstərərək “uşaqlarınızın həyatı ilə oynayırsınız, görün nə suyu içirsiniz, sizin üçün sağlamlıq, yoxsa pul önəmlidir, kimi suallar verdilər, ailəmizi günahkar cıxartdılar. Daha sonra su filtirləri satdıqlarını və bu filtirin guya çirkli suyu şollar suyuna çevirdyinə inandırdılar. Analizi aparan oğlan gedib avtomobildən digər bəy həmkarını çağırdı. Ümumilikdə 5 nəfər idilər. Yuxulu, yorğun olan bizə psixoloji təsir edərək aparatı almağa razı saldılar”.
Zahid Bədirov qeyd edib ki, şirkət əməkdaşları dəyəri 1790 manat olan su filterini evlərində quraşdırıblar:
“Sonra müqavilə kağızını gətirib telefon işığında (heç imkan vermədilər ki müqavilə ilə tanış olum) imzalatdırdılar. Müqavilədə satıcı olaraq “Magnus Su Təmizləmə Sistemləri” MMC –nin direktoru Kərimli Beyrək Həmdulla oğlu qeyd olunmuşdu. İmzaladıqdan sonra mənə təklif etdilər ki, ödənişi nağd şəkildə ödəsəm mənə 82 mm diaqonal televizor hədiyyə edəcəklər. Həmçinin bildirdilər ki, əlavə 300 AZN ödəsəniz daha böyük diaqonal televizor verə bilərlər. Məni razı salaraq ümumilikdə 2090 manat puldan 1000 AZN nağd pul aldılar. Amma onlar bu pulun qarşılığında mənə qəbz vermədilər.
Qalan 1090 AZN pulu televizoru gətirəndə alacaqlarını dedilər. Səhəri internetdə bir qədər araşdırma apardım. Anladım ki, aldadılmışam. Qərara gəldim ki, məhsulu qaytarım.
Bir gün sonra yenidən qapımıza gəldilər və vəd etdikləri televizoru gətirdiklərini dedilər. Mən isə məhsulu geri qaytarmaq istədiyimi bildirdim və onlara verdiyim 1000 AZN pulu geri qaytarmalarnı tələb etdim. Onların cavabı isə belə oldu: Əgər məhsulu qaytarsam min manat pulun geri verilməyəcək və əlavə olaraq 400 AZN cərimə olunacağam. Televizoru da götürüb çıxıb getdilər”.
Şikayətçi əlavə edib ki, 24.07.2022- ci ildə bir nəfər yenidən onların evinə yaxınlaşaraq özünü “Magnus” Su Təmizləmə MMC-nin vəkili kimi təqdim etdi:
“O, məhsulun geri qaytarılmayacağını və cərimə olunacağımızı dedi. Ondan kimliyini təsdiq edən rəsmi sənədi tələb etsək də, heç nə göstərilmədi. Daha sonra müqavilədə qeyd olunan nömrəyə (0559355050) zəng edib məhsullarını gəlib götürmələrini və pulumu geri qaytarılmasını xahiş etdim. Əks halda onlardan şikayət edəcəyimi bildirdim. Onlar isə mənə “ürəyin hara istəyir get şikayət elə.
Biz belə işləyirik, bizim öz qanunlarımız var“ dedilər. Mən həmin pulu əziyyətlə qazanmışam və o pula Qarabağ döyüşlərində itkin düşmüş şəhid qardaşım Bədirov Zaurun adına şəhid bulağı tikdirməyi nəzərdə tutmuşdum. Bu sözümü də onlara deim, amma əhəmiyyət vermədilər”.
Zahid Bədirov aidiyyəti qurumlardan probleminin həll edilməsi, quraşdırılmış filterin sökülməsi, müqavilənin ləğv edilməsi və ona dəymiş 1000 manat ziyanın geri qaytarılmasını tələb edib. Bədirov başına gələnlərdən digərlərinin də agah olmasını vı belə fırıldaqçılara aldanmamağa çağrıb.
Mövzunu davam etdirəcəyik.
Bizim.Media