Azərbaycan Prezidenti İlham Əliyev iyulun 25-də Lerik, Masallı və Göygöl rayonlarına təyin etdiyi yeni icra başçılarını qəbul edərkən olduqca mühüm problemi dilə gətirdi – şəhərsalma. Bu haqda mütəxəsisslər, memarlar, arxitekturlar, mətbuat vaxtaşırı danışırdı, şəhərsalmanın bərbad vəziyyətə düşdüyünü, məmur vandallığını qeyd edirdilər. Amma bu yaralı məsələyə kompleks yanaşma tələb olunur. Çünki dövlətin planlı müdaxilə olmasa, danışmaq bizə qalacaq. Ona görə şəhərsalma ilə bağlı Prezident həyəcan təbili çalmış oldu. TİA.Az xatırladır ki, ölkə başçısı açıq şəkildə problemin mahiyyətini söylədi. Sitat: “Rayon icra başçıları qanunsuz icazələr verib və bunun nəticəsində də faktiki olaraq şəhərsalma prinsiplərinə böyük zərbə dəyib”.
Amma burada təkcə yerli icra orqanlarının rəhbərləri deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də günah payı kifayət qədərdir. Yəni yalnız regionlarda şəhərsalma normaları pozulmayıb, Bakı özü də yadelli ordunun hücumuna məruz qalmış şəhərə, yaxud zorlanmış qadına bənzəyir. Və bu gün də paytaxtın şəhərsalması acınacaqlı vəziyyətdədir. Çünki tikintiyə icazə ilə bağlı Komitə bir xaos yaradıb. Hansı sahibkar barmağını uzadıb şəhərin bir yerini arzulayırsa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərliyi can-başla sərəncam verir, təbii ki, öz maraqları təmin olunduğu halda…O baxımdan saysız-hesabsız nümunələr göstərmək olar. İnşaat firmaları Bakını şəhərsalma normalarını darmadağın ediblər.
O mənada Prezidentin xəbərdarlığı və iradları təkcə icra başçılarına yox, həm də Komitəyə ünvanlanmış qiymətləndirilə bilər. Məlumdur ki, artıq Bakının rayonlarında, eləcə də Abşeron rayon ərazisində əksər tikintilərə icazəni Şəhərsalma Komitəsi verir. Komitə isə sanki Abşeron yarımadasına yağmalamaq üçün meydan kimi baxır. Bir müddət əvvəl də yazmışdıq ki,vaxtilə Bakının altını üstünə çevirən, düz 20 il şəhəri qarış-qarış satan keçmiş mer Hacıbala Abutalıbov indi yalan olub, əksinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ona sağlığında rəhmət oxutmaqdadır. Komitənin sədri Anar Quliyevlə onun 1-ci müavini Namiq Hümmətov Bakıda eninə-uzununa bütün tikinti normativlərinin kobud şəkildə pozulmasına şərait yaradırlar, göz yumurlar. Bununla həm şəhərin arxitekturası, memarlıq quruluşu terror edilir, həm də qanunsuzluğa yol verilir. Hərçənd prezident İlham Əliyev bir neçə dəfə qanunsuz tikintilər haqda sərt danışıb, şəhərin arxitekturasına kobud müdaxilə ilə bağlı xəbərdarlıq edib. Lakin görünən budur ki, komitə sədri Anar Quliyev və müavini Namiq Hümmətov tandemi bu tapşırıqları qulaqardı edərək öz işindədirlər.