Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin vəfatının 70-ci ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri görkəmli bəstəkarın Fəxri xiyabanda məzarını ziyarət edib, önünə əklil qoyub və tər güllər düzüblər.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək dahi bəstəkarın zəngin yaradıcılığından, musiqi mədəniyyətimiz tarixindəki rolundan söz açıb. Bildirilib ki, ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.
Bildirilib ki, Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.
Sonra Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin “Şəbi-hicran”ı səslənib.