Axtarış...

"Olimpiya Oyunlarına qədər hər şey yaxşı idi..." - GİLEY


“Hürriyyət”in redaksiyasına müraciət edən, onsuz da ağır olan vəziyyətlərinin bir az da ağırlaşacağından ehtiyat edən bir qrup müəllim Bakıdakı musiqi məktəblərindəki acınacaqlı vəziyyətdən şikayətçidir.

Müəllimlərin sözlərinə görə, bütün problemlər 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Olimpiya Oyunlarından sonra başlayıb.

Müəllimlərdən biri deyir ki, “Olimpiya Oyunlarına qədər hər şey yaxşı idi. Elə ki, adıçəkilən Oyunlar keçirildi, günümüz qara oldu”.

Müəllimlər iddia edir ki, bir müddət maaşlarından kifayət qədər böyük məbləğ çıxılırdı. Musiqi məktəblərinin müəllim kollektivləri məktəb rəhbərliyinin dəstəyi ilə aidiyyati qurumlara - Mədəniyyət Nazirliyinə, Prezident Aparatına dəfələrlə şikayət etdikdən sonra bu məsələnin qarşısı alınıb. Bu ilin fevralınadək kəsilən maaşlar qaytarılmasa da, fevraldan sonra maaşların kəsilməsinə son qoyulub.

Maaş problemi həll olunsa da, müəllimləri ciddi şəkildə narahat edən başqa bir problem gündəmə gəlib. Məsələ bundadır ki, məktəblərə qəbul azaldılıb, yəni vakant yerlərin sayı məhdudlaşdırılıb.

Bu il müxtəlif alətlər, xanəndəlik və vokal üzrə 100-ə yaxın buraxılış olsa da, cəmi 50 nəfər 1-ci sinfə qəbul olunub. Yəni şagirdlərin sayı yarıbayarı azaldılıb.

Bu isə həm musiqi məktəblərinə daxil olmayan uşaqları, həm də şagirdlərinin sayı azaldığı üçün dərs saatları və təbii ki, maaşları azalacaq müəllimləri məyus edir.

Misalçün, nağara sinfinə bu il cəmi 1 şagird qəbul olunub, elə alətlər var ki, onlar ümumiyyətlə yeni dərs ilində tədris edilməyək, həmçinin vokal sinfinə də şagird qəbulu olmayıb.

Müəllimlərin ən böyük narahatlığı musiqi məktəblərinin tamamilə bağlanma ehtimalı ilə bağlıdır. Onların sözlərinə görə, bu məsələ hər zaman aktualdır.

Ölkə prezidentinin sənət adamları ilə görüşü zamanı Fərhad Bədəlbəylinin musiqi məktəblərinin hazırkı durumunu diqqətə çatdırması müəllimlərdə bu sahəyə diqqət ayrılacağına az da olsa, ümid yaradır.

Amma hər ötən il qəbul planının azaldılması haqlı olaraq müəllimlərin ciddi narazılığına və narahatlığına səbəb olur.

Müəllimlərin sözlərinə görə, musiqi məktəblərinin ödənişli olması məsələsi də dəfələrlə müzakirə olunub. Bu iddia ilə çıxış edənlər bildirir ki, musiqi ilə məşğul olmaq könüllüdür. Uşaq musiqi təhsili almaq istəyirsə, valideynləri zəhmət çəkib təhsil haqqı ödəməlidirlər.

Amma nəzərə almaq lazımdır ki, heç də bütün istedadlı uşaqların valideynləri övladlarını ödənişli məktəbdə oxutmaq imkanına malik deyil.

Müəllimlər qəzetimiz vasitəsi ilə aidiyyati qurumlara, xüsusilə də musiqi məktəblərinin tabe olduğu Mədəniyyət Nazirliyinə müraciət edərək musiqi məktəblərinə diqqət və qayğının artırılmasını, eyni zamanda qəbul planına qoyulan məhdudiyyətin aradan qaldırılmasını xahiş edir.
Hurriyyet.org
Text-to-Speech

DİNLƏ






Şərh yaz