Azərbaycanın tanınmış din xadimləri arasında qarşıdurma olduğuna dair xəbərlər yayılır.
“Yeni sabah”ın yazdığına görə, QMİ rəhbərliyində təmsil olunan şəxslər üz-üzə gəliblər. QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə qurumun Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahinin münasibətləri kəskin xarakter almağa başlayıb. Tərəflər aralarındakı narazılığı uzun müddət gizlətməyə nail olsalar da, son günlər konflikt açıq müstəviyə çıxıb. Şeyxlə Hacı Şahinin üz-üzə gəlməsinin ciddi səbəbləri var. Qurumun vəzifəli şəxslərindən birinin dediyinə görə, Hacı Şahinin adının Paşazadənin yerinə ən şanslı namizəd kimi hallanması onu QMİ-də “arzuolunmaz şəxs”ə çevirib.
Təkcə Şeyx və əshabələri deyil, hətta qurumun regionlardakı təmsilçiləri də Hacı Şahinlə soyuq davranmağa başlayıblar. Mənbə deyib ki, Hacı Şahinin hədəfə götürülməsinin başqa səbəbləri də var. Belə ki, Şeyx və yaxın ətrafı onun siyasi əlaqələr qurmağından, ələlxüsus da dövlət adamları ilə tez-tez bir araya gəlməsindən narahatdır. Sözügedən şəxs QMİ-nin bir rayon üzrə səlahiyyətli nümayəndəsi olmasına rəğmən vaxtaşırı yüksək rütbəli dövlət məmurlarının ailə üzvlərinin, yaxınlarının yas mərasimlərinə qatılmaqla, həmçinin telekanalların, xüsusilə dövlət televiziyasının efirində görünməklə ətrafındakı çəmbəri daha da daraldıb. Hazırda Şeyxlə münasibətləri üzündən QMİ-nin dəhlizlərində ona qarşı soyuq münasibət hökm sürür.
Məlumatlı şəxsin sözlərinə görə, Hacı Şahin özü də yaranmış vəziyyətin fərqindədir. Müsahibimiz deyib ki, o, nəinki geri çəkilmir, əksinə, öz məqsədi uğrunda daha ciddi mübarizə aparır. Hacı Şahinin Şeyxlə məsafə saxladığı, öz təbirincə desək, “QMİ-nin qaranlıq işlərinə” qarışmadığı aşkar müşahidə olunur.
“Məşədi Dadaş”ın axundunun ətrafında müasir texnologiyaların “dilindən” yaxşı anlayan komanda formalaşdırdığı bildirilir. Özlərini şərti olaraq “islahatçı dindarlar” adlandıran bu qrupu və onun liderini QMİ-nin dəhlizlərində nadir hallarda görmək mümkündür. Sonda İranla Azərbaycan arasında yaranmış gərginlik səbəbilə Şeyxin hədəfə götürülməsi QMİ-də böyük narahatlıq yaratdığı deyilib. Şeyxin göstərişi ilə tanınmış din xadimlərinin hamısı onun müdafiəsinə qalxıb, dəstək xarakterli çıxışlar ediblər. Amma bəlli səbəblərdən Hacı Şahin bu kampaniyaya qoşulmayıb.
Şeyxin ən müxtəlif cinahlardan hücuma məruz qaldığı bu həssas dönəmdə Hacı Şahin bir dəfə də onu müdafiə etməyib. Bu fakt tərəflər arasındakı ziddiyyətləri daha da kəskinləşdirib. Məlumatın nə dərəcədə düzgünlüyü hər kəs üçün maraqlıdır. Şeyxülislam Allahşükür Paşazadə ilə Hacı Sahin arasında münasibətləri hazırda necədir? Deyilən kimi, Hacı Şahin Şeyxin yerinə namizəddirmi? Sosial şəbəkələrdə və bəzi saytlarda nə vaxtdır yayılan söz-söhbətlərlə bağlı Cebhe.info- nun sualına cavab olaraq Hacı Şahin ötən gün QMİ tədbirində çıxış etdiyini deyib. Bildirib ki, Şeyx həzrətləri ilə görüşüb: "Yayılan məlumatlar tam əsassızdır".