İnsan yaşa dolduqca gələcəyə deyil, keçmişə boylanmağı daha çox sevir. Düşüncələrində "sabah" dan daha çox, "dünən" gur əks-səda verir. Bu yazdıqlarım xəyallarımın deyil, gördüyüm və eşitdiklərimin məhsuludur. Uşaqlıq xatirələrimdə çox sayda tarixi şəxslərin adı keçdiyi üçün onun başqaları üçün də maraqlı olacağını düşündüm. Beləliklə öncə doğulub 17 yaşa qədər yaşadığım qəsəbədən söz açıram. Bakıətrafı yaşayış məskənləri arasında paytaxta ən yaxın olan kəndlərdən biri də hələ sovet dövründə qəsəbə statusu almış Qobu kəndidir. Verilən məlumatlara əsasən, Qobu Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Tarixçi Sara Aşurbəyli tədqiqatlarında yazıb ki, Qobu kəndi təxminən 700 il əvvəl yaranıb. Amma tarixi mənbələr kəndin tarixinin daha qədim dövrlərə uzanmasından xəbər verir. Bu yaşayış məskəninin adı “çökəklik, müvəqqəti su axarı olan dərə, düzən” mənalarını verir. Qobu hər tərəfdən Şubanı dağları ilə əhatə olunub. XVIII əsrin 40-cı illərində Abşeron yarımadasında yaranmış Bakı xanlığının tərkibinə 39 kənd daxil idi. Bu kəndlərdən biri də Qobu kəndi idi. 1747-1806-cı illərdə Bakı xanlığının Qobu kəndi, 1806-1920-ci illərdə isə Bakı quberniyasının Bakı qəzasının Qobu kəndi olub. 1870-ci ildə Tiflis şəhərində Qafqaz Canişinliyinin Baş İdarəsi yanında Qafqaz Statistika Komitəsinin nəşr etdirdiyi «Rusiya İmperiyasının Qafqaz regionu üzrə məşkunlaşmış yerlərinin siyahısı» adlı statistik məlumatın Bakı quberniyasına aid olan 65-ci buraxılışında Bakı qəzasının yaşayış yerlərinin siyahısında 42-ci yerdə Qobu kəndi qeyd edilb. Burada göstərilib ki, Qobu kəndi Şubanı dağlarının ətəyində yerləşir və quberniya şəhəri olan Bakı şəhərindən 15 verst (təxminən 16 kilometr) məsafədə yerləşir və kənddə 183 ev var. Bu kənddə 499 nəfər kişi və 475 nəfər qadın yaşayır. Bu isə kəndin bütün əhalisinin 974 nəfər olması deməkdir. Burada Qobu kəndində 1 məscidin olması və dini təriqətin şiə təriqəti olması göstərilib və 41 qəza kəndi içərisində evlərinin say çoxluğuna görə 12-ci yerdə olması qeyd edilib. 1892-ci ildə Sankt-Peterburq şəhərində çapdan çıxmış Rusiya İmperiyası Daxili İşlər Nazirliyinin Mərkəzi Statistika Komitəsinin «ВОЛОСТИ И ГМИНЫ 1890 ГОДА» adlı statistik nəşrinin Bakı quberniyasına həsr edilmiş 61-ci cildində Bakı quberniyasının Bakı qəzasına aid olan kəndlərin siyahısında 41 kənd adı qeyd edilib. Həmin siyahıda 22-ci yerdə Qobu kəndi yer alıb. Statistik məlumatda qeyd edilib ki, Qobu kəndi üzrə kəndli torpaqlarının sahəsi 4550 desyatindir. Bu isə müasir sahə ölçü vahidlərində təqribən 4960 hektardır. Burada kənddəki evlərin sayının 256 olması, əhalinin 794 nəfər kişi və 717 nəfər qadın olması göstərilib. Bu isə cəmi 1511 nəfər əhali deməkdir. Statistik nəşrdən görünür ki, Novxanı, Keşlə və Qala kəndlərindən sonra ən çox kəndli torpağı məhz Qobu kəndində olub. 8 aprel 1929-cu ildə qəzalar birləşdirilərək dairələr yaradılıb. Bu zaman Qobu kəndi Bakı dairəsinə daxil edilib. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə respublika ərazisi 63 rayona bölünərkən Qobu qəsəbəsi Bakı şəhərinin Molotov rayonuna daxil edilib. 1937-ci ildə Qobu kəndi şəhər tipli qəsəbə statusu alıb. 26 iyul 1957-ci il tarixinə qədər Bakı şəhərinin Molotov rayonunun tərkibində olub. 26 iyul 1957-ci ildə Bakı şəhərinin Molotov rayonu Qaradağ rayonu adlandırılıb.15 mart 1963-cü ildə Bakı şəhərinin Qaradağ rayonu Əzizbəyov rayonu adlandırılıb. 22 iyun 1964-cü ildə Qobu qəsəbəsi müstəqil kənd rayonu olan Abşeron rayonunun tərkibinə verilib.