Axtarış...

"Kristal Abşeron" "Paşa Holding"i aldadıb - FAKT




Azərbaycanda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın siyasi fəaliyyətlərinin prioritet istiqamətlərindən biri də qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının və əlillərinin sosial vəziyyətlərinin, mənzil şəraitlərinin yaxşılaşdırılmasıdır.

Məhz bu məqsədlə bu şəxslərin yeni mənzillərlə təmin edilməsi üçün hər il dövlət büdcəsindən milyarlarla vəsait ayrılır.

Son illərin statsitikasına nəzər yetirdikdə görürük ki, dövlətin maliyyəsi hesabına qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə tikilən evlərin böyük əksəriyyəti müasir standartlara cavab verir.

Ancaq təəssüf ki, bəzən öz şəxsi mənafeləri üçün vəziyyətdən sui-istifadə edən, icra etdikləri tikinti işlərini standartlara, tikinti qaydalarına uyğun aparmayan podratçı şirkətlərə də rast gəlinir.

Qlobal.az xəbər verir ki, bu cür acınacaqlı vəziyyətin yarandığı layihələrdən biri də Qaradağ rayonunda inşa edilən "Qobu Park" şəhərciyindədir.

Öncə qeyd edək ki, Qaradağ rayonunda indiyədək "Qobu-1", "Qobu-2" və "Qobu-3" layihəsi inşa edilib. Sonuncu "Qobu-3" layihəsinin tikintisi hazırda davam etməkdədir.

Özəl sektor hesabına inşa edilən "Qobu-2" layihəsi ötən ilin oktyabr ayında istifadəyə verilib.

Dövlət başçısının və birinci vitse-prezidentin də rəsmi açılış mərasiminə qatıldığı "Qobu-2" massivində mindən artıq ailənin məskunlaşdığı deyilir.

"Qobu-2"-nin layihəsi dəyişdirilib?

Hər il minlərlə qaçdın və məcburi köçkünlərə, əlillərə və şəhid ailələrinə artan temp üzrə inşa edilən evlər müasirliyi, şəraiti və keyfiyyəti ilə diqqət çəkir. Lakin Qaradağ rayonunda inşa edilən "Qobu-1" və "Qobu-2" şəhərciyi arasında çox ciddi layihə fərqləri var.

İddia olunan məlumata görə "Qobu-2" şəhərciyindəki yaşayış binalarının inşası zamanı podratçı təşkilat ciddi formada layihədən kənara çıxıb.

Qlobal.az-ın müxbiri ərazidə olaraq "Qobu-1" və "Qobu-2" komplekslərində müşahidələr aparıb.
"Kristal Abşeron" "Paşa Holding"i aldadıb - FAKT

"Qobu-1" və "Qobu-2" kompleksləri arasındakı ən diqqətçəkən fərqlərdən biri mənzillərin pəncərələri bağlıdır. "Qobu-1" massivində olan 9 saylı bina ilə "Qobu-2" massivindəki 16 saylı binanın mənzillərinin pəncərələri kəskin fərqlənir. Belə ki, "Qobu-1" massivindəki 9 saylı binanın pəncərələri üç laylı olmaqla 158x158 sm təşkil edir, lakin "Qobu-2" massivindəki 16 saylı binanın pəncərələri iki laylı olmaqla 153x133 sm təşkil edir.

Bu binalar arasında olan digər fərq pilləkan qəfəslərindəki pəncərələrlə bağlıdır.

Belə ki, "Qobu-1" 1 saylı yaşayış binasında pilləkan qəfəslərinin pəncərəsi 215x115 sm təşkil etdiyi halda, "Qobu-2" 12 saylı binanın pilləkan qəfəsliyində pəncərələr 120x60 sm təşkil edir.

Keyfiyyətsiz tikinti - sakinlərin həyatı təhlükədə

Əlbəttə yuxarıda qeyd edilən fərqlilikləri podratçı təşkilat və ya digər qurumlar ekonomiya ilə əlaqələndirə bilərlər. Ancaq məsələ budur ki, "Qobu-2” massivində aparılan tikinti həm də keyfiyyətsizliyi ilə "seçilir”.

Yaşayış binalarının fasadına vurulan üzlük daşlar (kabançiklər) 1 il ötməsinə baxmayaraq qopub yerə tökülür.

Bu isə binaların görkəminə ciddi xələl gətirməklə yanaşı, eyni zamanda əksəriyyəti yaşlı insanlar, uşaqlar və əllilər olan sakinlərin həyatına ciddi təhlükə yaradır.
Hal-hazırda burada olan vəziyyət o dərəcədə acınacaqlıdır ki, podratçı təşkilat olan "Kristal Abşeron" MTK 10 ay əvvəl təhvil verdiyi yaşayış binalarının təmirinə - binaların fasadından qopub yerə tökülən üzlük daşları şuruplamağa başlayıb.

Müxbirimizin ərazidə apardığı müşahidələr isə onu göstərir ki, podratçı təşkilat olan "Kristal Abşeron" MTK yaşayış binalarında apardığı təmir işlərini də keyfiyyətsiz, bir növ başdansovdu formada aparır. Çünki üzlükləri divara bağlayan şurupların əksəriyyəti bayırda qalır.

Maraqlıdır ki, aparılan işlərə nəzarət etməli olan rəsmi qurumların, əsasən də Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin nümayəndələri keyfiyyətsiz tikintiyə göz yumduqları kimi, keyfiyyətsiz təmirə də göz yumurlar...

Qeyd edək ki, "Qobu-1", "Qobu-2" və "Qobu-3" layihələrinin sifarişçisi "Paşa Holding", podratçı təşkilat isə "Kristal Abşeron" MTK-dır.

Adları çəkilən qurumlar mövqe bildirə bilər. //Qlobal.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz