Axtarış...

“Sahil - S İnşaat” MTK sakinləri Prezidentə MÜRACİƏT ETDİ - dövlətin himayəsi olmasa...

“Sahil - S İnşaat” MTK sakinləri Prezidentə MÜRACİƏT ETDİ - dövlətin himayəsi olmasa...


"Bizi aldadaraq bir mənzili 4-5 adama satmış şirkətin rəhbəri həbs olunsa da, problemlərimiz hələ də qalmaqdadır. Bizim əsas xahişimiz budur ki, dövlət bu işə qarışsın, məsələni himayəsinə götürsün, mənzil alan bütün sakinləri, aldadılmış vətəndaşları bu binada mənzillə təmin etsin, ədalət öz yerini tapsın". Bakının Yeni Günəşli qəsəbəsində “Sahil - S İnşaat” MTK-dan mənzil almış sakinlər Prezidentə müraciətində belə qeyd edirlər. Hüququ pozulmuş vətəndaşların sözlərinə görə, hazırda istintaq gedir, məsələ araşdırılır: "Ancaq biz dövlətdən təkcə şirkət sahibinin cəzalanmasını yox, həm də bizim problemlərin həllinə dəstək gözləyirik. Faktiki, binanın tikintisi yarımçıq qalıb, vətəndaşlar mənzillərinə köçə bilmir, fırıldaqla üzləşən insanlara çıxış yolu göstərilmir, ümumiyyətlə, bizimlə maraqlanan yoxdur. Çox sevinərdik ki, Prezidentin tapşırığı əsasında bina istifadəyə verilsin, aldadılan vətəndaşlar və bütün sakinlər pul verib mənzil aldıqları binadan evlə təmin olunsunlar. Tikintiyə icazə verən qurumlar indi düşdüyümüz bu vəziyyətlə bağlı addım atmalıdırlar. Tək həbslə iş həll olunmur". Sakinlər Prezidentə müraciət edərək vurğulayırlar ki, dövlət başçısı işi nəzarətə götürsə, bir çox məsələlər yoluna düşər: "Biz cənab Prezidentdən xahiş edirik, bu məsələni nəzarətə götürsün. Biz çox şey istəmirik: bina tam tikilsin, mənzillər bölüşdürülsün, heç kəs kənarda qalmasın. Əgər dövlətin himayəsi olarsa, tez bir zamanda problemlər bitər. Artıq səbrimiz tükənir, illərdir ki, bu iş uzanır. İndi də istintaqın başa çatmasını, məhkəmənin qərar verməsini gözləməyə hövsələmiz qalmayıb. Onlar cəzasını alacaqlar, amma bizim binanın problemləri də qalmaqdadır. Bu işdə dövlətin himayəsi olmasa, biz ailələrimizlə çöllərdə qalacağıq. Ona görə cənab Prezidentə sığınırıq". Aldadılan sakinlər əllərini hər yerdən üzdükləri üçün sonuncu ümid instansiyası olan Prezident İlham Əliyevə müraciət ünvanlayıblar: "Bu qədər vətəndaş fırıldağın qurbanına çevrilib, bir dələduz şirkət istədiyini edib, evlərimizin açarlarına sahib çıxa bilmirik. Cənab Prezident, biz sizə inanırıq və “Sahil - S İnşaat” MTK-nın insanların hüquqlarını pozması ilə bağlı məsələnin araşdırılmasına tapşırıq verəcəyinizə güvənirik. Xeyli müddətdir ki, üzləşdiyimiz bu qanunsuzluq, dərəbəylik haqda dövlət orqanlarını məlumatlandırırıq, ictimailəşdiririk, lakin nəticəsi yoxdur. Cənab Prezident yerli telekanallara müsahibəsində demişdi ki, bir çox özbaşınalıqlar, neqativ hallar barədə mətbuatdan xəbər tutur. Ona görə biz də mətbuat vasitəsi ilə bir daha dövlət rəhbərliyinə, baş prokurora üz tuturuq, yardım istəyirik". //anaxeber.info//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz