"Sahil-S İnşaat” MTK Qarabağda döyüşmüş hərbçilərin evlərini əlindən alır.
Bakupost.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sözügedən şirkətdən mənzil alan Aygün Əsədova bildirib.
"Mənim yoldaşım və qaynım hərbçidir. Qarabağda döyüşüblər. Yoldaşım hazırda Laçında hərbi xidmətdədir. Biz "Sahil-S İnşaat” MTK-dan kreditlə 121 kvadratmetrlik mənzil almışıq. İlkin olaraq 15 min manat ödəmişik. İki il ərzində isə hər ay 500 manat kredit vermişik. Heç bir gecikmə olmayıb. Lakin məhkəmədən bizə bildiriş gəlib və məlum olub ki, şirkət bizi məhkəməyə verərək qalıq pulun hamısını qaytarmağı, əks təqdirdə isə mənzildən çıxarılmağımızı tələb edir. Məhkəmə şirkətin lehinə qərar çıxarıb. Qaynım da oxşar halla üzləşib”, deyə Aygün Əsədova əlavə edib.
Onun sözlərinə görə, şirkətin rəhbərliyi ilə görüşərək məsələyə aydınlıq gətirilməsini istəyib. Aygün Əsədovaya bildirilib ki, ya qalıq pulun hamısı ödənilməli, ya yenidən müqavilə bağlanaraq bir otaqlı mənzillə razılaşmalı, ya da yeni binanın tikilməsini gözləməlidir:
"Bu şərtlərin hamısı bizim ziyanımızadır. Təsəvvür edin, bizdən qalıq pulun hamısını tələb edirlər, amma bu günə qədər ödədiklərimizi qaytarmaq istəmirlər. Qaytaracağıq desələr də, inandırıcı görünmür. Çünki qaynıma hələ də pulu qaytarmayıblar. Bir otaqlı mənzili isə kvadratmetri 900 manata satmaq istəyirlər. Yeni binaya gəlincə, bu da inandırıcı deyil. Çünki hazırki binanı güc-bəla ilə tikib qurtarıblar. Təsəvvür edin, anam cehiz pulumu ilkin ödəniş kimi verib. İndi istəyirlər ki, həmin mənzili əlimizdən alsınlar. Qalıq pulun birdəfəlik ödənilməsi sadəcə bəhanədir”.
Aygün Əsədova məsələ ilə bağlı Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edəcəyini deyib:
"Bizə qarşı açıq-aşkar haqsızlıq edilir. Bu evləri alnların hərbçi olduqları da nəzərə alınmır. Əgər biz ödənişləri gecikdirsəydik, şirkətə hansısa problemlər yaratsaydıq, onların bu addımına etiraz etməzdik. Amma məsələ burasındadır ki, belə bir hal olmayıb. Sadəcə əvvəl satdıqları mənzilləri müxtəlif yollarla başqalarına satırlar. Mənim kimi başqa şəxslər bu oyuna düşüb”.